Məsciddən xalça oğurlayan qadın və Murad Köhnəqala

Məsciddən xalça oğurlayan qadın və Murad Köhnəqala
30 avqust 2019
# 11:01

Məsciddən xalça oğurlayan qadınla bağlı reportaja baxanda ilk yadıma düşən xalq şairi Murad Köhnəqalanın bu misraları oldu:

Zahid, məscidə getdim

Başmaq oğurlamaq keçdi könlümdən...

Amma deyəsən vəziyyət Viktor Hüqonun az qala özündən məşhur olan Jan Valjan obrazına daha çox paraleldir.

Qadın deyir:

“Qabaqdan qış gəlir, evə sərməyə heç nə yox idi, xalçaları apardım, bir səhvdi eləmişəm, bağışlayın”.

Səbəb nə olur-olsun ortada oğurluq faktı var. Adam icazəsiz məscidə daxil olub və bir yox, bir neçə xalçanı götürüb gedib. Bizim çevik polislərimiz də hadisəyə anındaca müdaxilə edib və hüquqi qiymət verib.

Olsun.

Lakin oğurluq edilən yer Allahın evi, onu edən isə Allahın bəndəsi olduğu üçün bu hadisə başqalarına oxşamır.

Jan Valjan da kilsədən gümüş qaşıqlar və şamdanlar oğurlamışdı. Polislər tutanda yepiskop Miriel əşyaları ona hədiyyə etdiyini söyləmişdi. Bu sevginin qarşısında Jan Valjan aydınlanaraq İsa Məsih mərtəbəsinə yüksəlmişdi.

Amma əlbəttə, bu bir romantikadır!

Ona görə bizdə baş verən hadisə elə ilk mərhələdəcə reallığın buz sifətinə dəyərək çiliklənib. Qadını anındaca yaxalayıblar və ortada humanist qəlbli bir nəfər din xadimi də görünmür.

Fikir vermişəm, bu məscid, din mövzuları da eynən Azərbaycan Yazıçılar İttifaqı kimdir. Dilə-ağıza tez düşür. Misal üçün, oğruluq hansısa məktəbdən, dövlət idarəsindən, yaxud şəxsi evdən olsaydı, bu qədər diqqət çəkməzdi.

Bakı şəhərində balansında olan binaları icarəyə verən yüzlərlə qurum var. Orda oynayırlar da, striptiz də göstərirlər, içib savaşırlar da. Niyə heç biri ilə işimiz olmadı, AYB-nin “26” kafesi qafamıza bu qədər taxıldı?

Cavab var.

Özü də çox sanballı cavabdır.

Məscidlər də, AYB də öz inzibati funksiyasından əlavə həm də mənəviyyat ocaqlarıdır. Ordakı eybəcərliklər daha tünd görünür.

Məscidlər də, AYB də bu mənəvi məsuliyyəti lazımınca daşıya bilmədiyi üçün cəmiyyət onlara qıcıqdır. Balaca bir “çp” olan kimi üstlərinə düşməyə, tənqid etməyə hazırdırlar.

Məsciddən xalça oğurlayan qadına ictimai rəğbət bu qəbildəndir.

Onun əzablarının, çətinliklərinin, Allahın evinə mömin kimi yox, oğru kimi girməsini şərtləndirən səbəblərin ictimai məsuliyyəti hamımızın üzərindədir.

Və daha çox mənəviyyata dəxli olan qurumların, idarələrin...

Əminəm, istənilən yerdə sorğu eləsək ki, o məscidin rəhbərləri haqqa daha yaxındır, yoxsa xalça oğurlayan qadın, hamı qadının adını çəkəcək.

Çünki bu, nəzərə çarpmayacaq istisnalarla doğrudan da belədir!

Xalq şairi Murad Köhnəqala da yuxarıda sitat gətirdiyim misralarında bunu deyir. Sufiyanə bir gedişlə səmimi ibadətdən çox riyaya meyl edən zöhd əhlinə cavab olaraq məsciddən başmaq oğurlamaq istəyir.

Siz buna layiqsiniz deyir.

Hətta sizin ibadətdən mənim oğurluğum yeydir!

Gördünüz, yazımızın axırında xalça oğurlayan qadının Viktor Hüqodan çox, Murad Köhnəqalaya yaxın olduğunu gördük.

Allahın evi təkcə məscid deyil, bütün kainatdır.

Özümüz heç vaxt heç yerdən heç nə oğurlamayaq ki, bir gün məsciddən xalça oğurlayıb düşüncəmizdə, məntiqimizdə qısaqapanma yaradan belə qarayanız qadınlarla rastlaşanda gözlərindəki təmizliyə çəkinmədən baxa bilək və onu danlamağa, ittiham etməyə, hətta bağışlamağa sözümüz, üzümüz, gücümüz olsun.

# 4207 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #