Pamuk Rəsul Rzayla Səməd Vurğunu necə birləşdirir?

Pamuk Rəsul Rzayla Səməd Vurğunu necə birləşdirir?
24 iyun 2016
# 12:23

Kulis.Az Şərif Ağayarın “İstedadlı intellekt” yazısını təqdim edir

Orxan Pamukun “Saf və düşüncəli romançı” kitabında maraqlı bir nüans var.

Oxucuları bizim anlamda ürək və intellekt söhbətinə uyğun gələn saf və düşüncəli ifadələri ilə iki yerə bölən usta yazıçı, aşağıdakı insanlardan uzaq olun deyə xəbərdarlıq edir:

1. Bütövlükdə saf oxucular; belələrini əlindəki kitabın roman olması barədə nə qədər xəbərdar etsəniz də mətni yazarın öz həyat hekayəsi və ya yaşadığı şeylərin bir az dəyişdirilmiş variantı kimi qəbul edəcəklər.

2. Bütövlükdə düşüncəli oxucular; onlara nə qədər əllərindəki kitabın sizin ən məhrəm duyğu və düşüncələrinizlə yazıldığını desəniz də fayda verməz, bütün mətnlərin hesab-kitab ilə qurulduğuna inanarlar.

Kitabda oxucular arasındakı bu bölgü dolayı yolla yazıçılara da tətbiq olunur.

1. Saf yazıçılar; öz həyat hekayəsi və ya yaşadığı şeylərin bir az dəyişdirilmiş variantına roman kimi baxırlar.

2. Düşüncəli yazıçılar; ən məhrəm duyğu və düşüncələri tutmayıb mətnlərin hesab-kitab ilə qururlar.

Və Pamuk yazır: “Romançı eyni anda nə qədər saf və nə qədər düşüncəli ola bilirsə, o qədər yaxşı yazır…”

Əsasları buddizmin dərinliklərinə söykənən yapon oxçuluq sənətində belə bir tendensiya var ki, sən nə qədər oxu yaxşı tutmaq haqqında düşünüb, buna cəhd edirsənsə, o qədər naşısan.

Sən oxu, uşaq öz oyuncağını tutduğu səmimiyyətlə, fərqinə varmırcasına tutmağı bacarmalısan. Eyni zamanda, uşaqdan fərqli olaraq gördüyün işə ağılın sezilməyəcək xəfif nəzarətini də həyata keçirirsən.

Yazmaq belə bir incə telin üstündə yürüməyə bənzəyir.

Həm maşın sürürsən, həm də “çakdırmadan” musiqi dinləyir, yol hərəkəti qaydalarına riayət edir, arxa oturacaqdakı dostunla danışır, səkiylə gedən gözəl qadının ayaqlarına baxırsan.

Konunu Azərbaycana adaptə edərkən başqa özəlliklər meydan çıxır.

Baxırsan, ədəbi mühitimiz, içi mən qarışıq, bir yanda “ÜRƏK!”, o bir yanda “İNTELLEKT!” qışqıran dünya səviyyəli uğursuzlarla doludur.

O başqa söhbət ki, biz saflığı və düşüncəni içimizdə əridib şedevr yaratsaq belə, qiymətini almayacaq. Bütün hallarda bu bizim işimizdir və nəticədən asılı olmayaraq çalışmalıyıq.

Pamukun romançılıqla bağlı bu yığcam kitabı, daha doğrusu kitab şəklinə salınmış mühazirələri yalınız mətn kimi alınan romanlar üzərinədir. Zira mətn kimi alınmayan romanları heç bu dartışmaya cəlb eləmək lüzumu da yoxdur.

Amma bizim qovğalar lap aşağıda gedir.

Yəni, Pamukun bəhs etdiyi etapa çatmamış biri-birimizi qırıb hərəmiz öz çadırımıza çəkilirik.

Bu nə qırğındır belə?

Azərbaycanda usta mətn yaza bilən yazıçıların əksəriyyəti məhz SAF adamlardır. Onlar sözün gözəlliyində, hisslərin, məhrəm duyğuların ifadəsində ilişib qalan, romandakı qurmacalığı, süniliyi görə, görsə də qəbul edə bilməyən adamlardır. Təbii, bu “ilişib qalma” sözün bütün mənalarında ilişib qalma və yerində saymadır. Xüsusən 80-ci illər nəsrində bunun bariz nümunələrini görmək mümkündür.

DÜŞÜNCƏLİ yazıçılarımızın da çoxunda məhz sözün gözəlliyi və məhrəm duyğuların estetik ifadəsi çatışmır. Ədəbiyyata söz sənətindən əvvəl fikir, ideya məkanı kimi baxırlar. Maşın sürərkən mühərrikin işləmə mexanizmi, sükanın mexaniki funksiyası, mənzilə nə vaxt gedib çatma və s. haqqında düşünürlər, ətrafdakı mənzərəni, səkidə gedən gözəl qızı görmürlər.

Mənə görə, alınmış mətn yoxdursa heç nədən, o cümlədən düşüncədən danışmaq nəinki olmaz, hətta gülməlidir.

Bəs hədəfə çatmaq üçün yola hardan çıxmalı?

Düşüncədən saflığamı, saflıqdan düşüncəyəmi getməli?

Səmimi deyim ki, dəqiq bilmirəm.

Amma bunun hər ikisini, Pamuk demiş, içində barındırmaq qaçılmaz şərtdir.

İstedadı təbii kateqoriya kimi qəbul etsək onu saflıqla, intellekti qazanılmış vərdiş saysaq onu düşüncə ilə bir sıraya qoymalıyıq.

Ancaq intellekt istedadı usta oxçunun öz uşaq iddiasızlığını incitmədiyi qədər incitməməlidir.

Onu da deyim ki, Pamukun bəhs etdiyimiz kitabındakı məsələlər başqa ad və terminlərlə sovet dövründən üzübəri çox geniş müzakirə olunub.

Məsələn, şeirimizdə safların komandiri Səməd Vurğun, düşüncəlilərin komandiri Rəsul Rza idi.

Bu həm də istedadın intellektlə savaşı idi.

Halbuki istedad intellektlə savaşmamalı, onunla barışmalı, qovuşmalı, bir millət iki dövlət olmalıdır.

Səməd Vurğunmu Rəsul Rzamı desəniz, şübhəsiz Səməd Vurğun deyərəm.

Amma öz istəyimə buraxsanız bircə ad çəkərəm: Nazim Hikmət!

Səməd Vurğunla Rəsul Rzanı içində əridib dünya səviyyəli şeirə çevrməyi bacaran şair.

Necə deyərlər, dəniz olmalı; buluduyla, gəmisiylə, balığıyla, yosunuyla...

Pamuk da bunu deyir...

# 1064 dəfə oxunub

Müəllifin son yazıları

# # #