Bir az əvvəl usta yazıçı Səfər Alışarlının “Qız və maneken” romanı Kulis.az-da yayımlandı. Mənim Facebook səhifəmdə virtual dostlarımdan olan Şiringül Musayeva roman haqqında operativ münasibət bildirdi. Onun yazdıqlarını olduğu kimi diqqətinizə çatdırıram:
“Çox gözəl povestdir. Zəngin, kamil üslub... Yazıçı söz üçün axtarmır, aciz deyil, bəzi üzdəniraq yazarlar kimi qeyri-səmimi hoqqabazlıqlar yoxdur. Aktuallıq da öz yerində. Mövzu və qayə aydın. Bitkin, gözəl əsər. Əsər kimi əsər.”
Təsəvvür edirsinizmi, bu sözlərə heç bir əlavəm yoxdur! Doğrudan da gözəl əsər haqqında gözəl rəydir bu.
Gözəl povestdir, niyə görə? Çünki zəngin və kamil üslubu var.
Bir örnəyə baxaq:
“Sərdarov mələfənin qırağını qaldırıb baxdı, xəstəliyin qurudub eybəcərləşdirdiyi sifət gün altında qalmış köhnə başmaq tayı kimi əyilmişdi. Ölü məsamələrin cəmindən peşmanlıq əzabının sarımtıl pöhrələri boylanırdı. Əgər Nazim müəllimi bu mələfənin altından həyata qaytarmaq mümkün olsaydı, bir an belə düşünmədən baş götürüb ölkədən qaçardı – peşmanlıq ifadəsi o qədər güclü idi!”
Başqa bir örnək:
“İt bu səfeh danışığı vecinə almadan şlaqbaumdan maşına qədər olan on-on beş addım yolu bayaqkı gümrahlıqla keçib qapı önündə dayandı və nə fikirləşdisə, birdən başını qaldırıb eynən yalquzaq kimi dəhşətli hüznlə uladı. Sərdarov itin “u” səsləri ilə dolu bu ulamasını diqqətlə dinləyə-dinləyə sanki yuxudan oyanmağa başladı, elə bil Sərdarovun bütün əqli, düşüncə və dərrakəsi onun cismindən çıxıb xeyli uzaq məkanlarda pərvəriş tapmışdı və ora yalnız itin hüzn dolu ulartısı gedib çatır və akademikə nələrisə ən son biçimdə anlada bilirdi.”
Daha bir örnək:
“Əhvalı nisbətən şənlənmiş məclis əhlindən kimsə bir qədər çaşıb qalmış mollaxanıma “Fatihə”ni toysonu “Yallı” kimi sifariş verdi. Yaşıl örtüklü qutu qara geyimli xanımların stolunun üstündə Nazimin canlı vücudunu da olmasa, ən azı onun heykəlini andırırdı və bu səbəbdən “Fatihə” surəsindəki onsuz da qəliz ərəb sözləri yüzlərlə qadın dodağının pıçıltısından yaranan kələf dolaşığı kimi daha anlaşılmaz hala düşdü.”
Bunlar povestdən təsadüfi seçdiyim abzaslardı. Yəni əsər bütünlüklə bax bu manerada, bax bu istedad qatında yazılıb.
Mövzu isə sözün həqiqi mənasında dəhşətdir.
Povest balaca qızının ağlamasına görə 34-cü platformadan istefa vermək istəyən qəhrəmanın yaşadığı daxili ziddiyyətlə başlayır. O, öz iş yerini qızının göz yaşlarına dəyişir. Az sonra 34-cü platformada dəhşətli yanğın baş verir, işçilər hamısı həlak olur.
Beləliklə, ilk tanıdığımız qəhrəmanı qızının göz yaşları xilas edir! Göz yaşları doğrudan da xilas edirmi? Əsər boyu bu didaktik nəticəyə şübhə etməyə başlayırsan və hadisələr daha gözlənilməz şəkil alır.
Çox nüfuzlu, çox güclü Nazim müəllim dünyasını dəyişir. Mərhumun yas yerində keçmiş məşuqələrinə milyonlar paylanacaqdır!
Məclisdəki qadınların çoxu pula görə özünü Nazim müəllimin məşuqəsi elan edir. Ancaq belə olmaz. Mərhumun məşuqələrini o biri qadınlardan ayırmaq üçün yas yerində mütəxəssislərdən ibarət xüsusi qrup yaradılır.
Yas yeri qorxunc bir məclisə çevrilir.
Hardasa və necəsə Bulqakovun “Master və Marqarita”sındakı “Şeytan məclisi”ni xatırladan bu mərasim həm də müəyyən milli çalarlarına görə tamamilə fərqlidir.
Sonluq magik-mistik haləyə bürünür.
Təbii ki, yazının məqsədi povesti təhlil etmək deyil. Bu, sadəcə bir təqdimatdır və oxumayanları oxu prosesinə cəlb etmək məqsədi daşıyır.
Povestin sonuna qədər Facebook dostumun yazdığı rəy özünü doğruldur.
Həm də mövzu baxımından aktual və dolğun bir əsəri oxumuş oluruq.
Müəllifin “Gavur” povesti “Azərbaycan” jurnalında çap olunanda ədəbiyyat bilicisi, hər kəsin uğuruna uşaq kimi sevinən mərhum Mehdi Bəyazid deyirdi:
“Əsəri Səfər Alışarlı yazıb, camaat məni təbrik edir.”
Mən isə birinci Səfər Alışarlını, ikinci oxucuları, üçüncü özümü təbrik edirəm.