Dəstədən geridə qalmamaq cəhdi

Dəstədən geridə qalmamaq cəhdi
31 may 2019
# 11:49

Son günlər yəhudi yazıçı Etqar Keretin “7 bəhrəli il” memuar-romanını oxudum. Qənaətim budur ki, doğrudan da yazmağa dəyər. Bu, olduqca dəyərli, gözəl, özünəməxsus yazıçı mənim gözümdə dünyanın əlçatan olduğunu bir daha aydınlaşdırdı. Və bu qənaətimi bir az da dərinləşdirdi: bizdə müəllif yox, mühit problemi var!

Dalınca, nədənsə çin müdriki Lao Tzının “Dao De Çinq” kitabını oxudum. Buddizmlə bir az tanışam. Daoçuluqdan fraqmental oxumuşdum. Elə bu kitabın özündən də həvəskar səviyyədə ayrı-ayrı bəndlər rastıma çıxmışdı. Dəyərli filosof Müşfiq Ötgünün tərcüməsində təqdim olunan bu kitab isə bambaşqa təsir bağışladı. Elə bil ordan-burdan eşitdiyim və heyran olduğum sehrli bir nəğməni bütöv dinlədim və əməlli-başlı ovsuna düşdüm.

Teass Press nəşriyyatında çap olunan bu kitabı şiddətlə oxumağı tövsiyə edirəm.

Mühit demiş, Lao Tzın bu kitabı yazmayacaqdı. Çini tərk etmək üzrə ikən sərhəd xidmətinin rəisi onun çox müdrik bir adam olduğunu görür və məmləkəti üçün nələrsə yazıb-qoymasını xahiş edir. Beləliklə, 5 min heroqlifdən ibarət dünyanın ən gözəl kitablarından biri yazılır.

Deməyim odur ki, söhbət təkcə Lao Tzın kimi müdrik olub-ola bilməməkdən getmir, həm də onu tanıyıb, dəyərləndirib, öz mətahını dəhr bazarına çıxarması üçün şərait yaratmaqdan gedir.

Bu kitabların ardınca ilgimi çəkən metamodernizm haqqında məqalələr oldu. Son on ildə dünya filosoflarını, kulturoloqlarını, eyni zamanda sənət və ədəbiyyat adamlarını dərindən düşünməyə vadar edən bu yeni epoxa haqqında Azərbaycan dilində əməlli-başlı bir məqalə belə yoxdur.

Kədərlidir.

Söhbət rıçaqları köhnəlməkdə olan və istənilən pozitiv mərkəzçiliyi şübhə altına alan, dağıdan postmodernizmə qarşı çıxaraq, onu tədricən tarixin arxivinə göndərmək gücünə malik mürəkkəb bir dünyagörüşün cəmiyyətin bütün sahələrinə tətbiqindən gedir. Metamodernizmə bəşəriyyətin yeganə xilas yolu kimi baxanlar var.

Postmodernizm ironik şübhəçi idisə, metamodernizm həssas tərddüdçüdür. Əminliklə şübhənin, gecə ilə gündüzün, xeyirlə şərin, tanrı ilə şeytanın arasında gəzişmədir. Bir növ modernizmin inkar etdiyi, postmodernizmin saymazyana lağa qoyduğu dəyərlərlə bağlı daha ciddi düşünməyi təklif edir.

Dünya ciddi bir dəyişikliklə üz-üzədir və bu dəyişiklik ədəbiyyata da yansımaqdadır. Həmişə olduğu kimi memarlıq, rəssamlıq və kino ilə yanaşı ədəbiyyat da yeni ab-havaya həssas münasibət göstərir.

Dəstədən geriyə qalmamaq üçün nə edək?

# 2073 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #