Bir müddət öncə əlli nəfərə yaxın yazar və fəal oxucu arasında sorğu keçirdik. Sualımız sadə idi: “Sizcə detektivi ciddi ədəbiyyat saymaq olarmı?” Mütləq əksəriyyət bu məşhur janrın ciddi olmadığını söyləmişdi. Yazarlardan biri fikrini ciddi şəkildə əsaslandırmışdı: “Detektivi Nobel komitəsi də ciddi ədəbiyyat saymır. Əks halda, bu cür əsərlərə də mükafat verilərdi”.
Olsun.
Bəs bu adamlar detektiv oxuyurlarmı?
Cavablardan məlum olur ki, bəli!
Hamı detektiv oxuyub və ya oxuyur.
Yaxşı, bəs yazarlar bunun səbəbini necə izah edirlər? Niyə qeyri-ciddi sayılan bir janra bu qədər maraq var? Hətta bəzi usta yazarlar söhbət xoş getsin deyə əsərlərinin süjetinə detektiv xətt də atırlar.
Bu yerdə də istedadlı yazarların və oxucuların fikri, xırda istisnalarla yekdil oldu: “Detektiv əyləncədir!”
İlk baxışdan elə görünə bilər ki, məsələ həll olundu. Amma, əksinə, daha da qəlizləşdi. Çünki çağdaş dövrün ciddi imzaları düşünürlər ki, ədəbiyyat həm də əyləndirməlidir. Hətta, bu, ədəbiyyatın gündəmdə qalması üçün ən ciddi səbəblərdən biridir.
Ancaq ədəbiyyat təbii ki, əyləncə deyil!
Bu yaradıcılıq ziddiyyətləri ilə bağlı son dövrlər xeyli müşahidələr aparmışam. Doğrudan da harada, hansı qitədə və hansı ölkədə yaşamasından asılı olmayaraq bütün insanların əyləncəyə qəribə marağı var. Səbəblərini tam izah etməkdə acizəm. Olsun ki, mürəkkəb texnikanın və dözülməz informasiyaların basqısındandır. Amma biz sonuca baxmağa məcburuq: adamları əyləncə özünə cəlb edir!
Balaca Azərbaycan məkanında da həmişə çox satılan kitabların sirrini burda axtarmaq lazımdır.
Yadımdadır, gənc yazar Qaraqanın “A” romanı Milli Kitab mükafatının qalibi olanda xeyli heyrətləndim. Ona gör yox ki, niyə mükafatı Qaraqana veriblər. Ona görə ki, bu gənc oğlan öz atası yaşda olan usta yazıçılara necə qalib gələ bilmişdi? Yaxşı, deyək ki, münsiflər heyəti peşəkarlığı deyil, populyarlığı əsas götürmüş, gənc bir qələm sahibini həvəsləndirmək istəmişdilər. Amma, kitab doğrudan da oxunurdu!
Və maraq üçün həvəskar səviyyədə, naşılıqla yazılmış kitabı mən də oxudum. Qarşımda ilginc mənzərə açıldı: “A” romandan çox kompüter oyunlara bənzəyirdi və o yaşda gənclərin “cümlələrə köçmüş bu oyuna” həssaslığı başadüşüləndir.
Nəinki, məsələn Fəxri Uğurlunun ustalıqla qələmə alınan və yalnız düşündürən əsərləri...
Adamlar düşünmək istəmir.
Onlar yorulublar.
Gündəlik qayğılardan, min cür fikir-xəyallardan aralanmaq, özlərini unutmaq istəyirlər.
Adamlar öz problemlərini kitablarda görəndə qıcıqlanırlar.
Bax burnumuzun ucunda unikal bir misal.
Kulisin “Ən qısa hekayələr” layihəsi...
Bu layihə öz qısalığı ilə əyləncəvidir.
İnanın mənə, layihənin ən böyük uğuru məhz bu oyundadır. Oxucu oyuna və əyləncəyə gəlir. İstedadlı yazarlar bu əyləncənin içində imkan tapıb oxucuya ciddi mesaj ötürməyi bacaranlardır.
Dövrün yazıçısı ustalıqla yanaşı, həm də çoxbilmiş olmalıdır.
O, əyləndirərək düşündürməyi bacarmalıdır.
Necə deyərlər, anam bicdir, qəndi xırda-xırda doğrayır, atam ondan da bicdir, ağzına iki-iki atır!