KVN Parni İz Baku Teatrının konsertlərinin birində populyar müğənni Rəhim Rəhimlinin vaxtı ilə efirə gedən “Oyna, dostum” verilişi şiddətli şəkildə tənqid olunur. Səhnəcikdə Şövkət Ələkbərovanı tanımayan iştirakçılar aparıcını əsəbiləşdirir və o hirslənərək verilişin rejissorunu çağırır: “Bu nə səviyyəsiz adamlardı çağırmısız?” Rejissor təmkinini pozmadan deyir: “Belə səviyyəsizlər, tərbiyəsizlər, əxlaqsızlar olmasa verilişiniz reytinq yığa bilməz!”
Sarsıdıcı və alçaldıcı həqiqətdir!
Bu səhnəcik dostumuz Elçin Əlibəyli ilə aramızda olan bir söhbəti xatırlatdı mənə. Onun bir zamanlar ATV-də efirə gedən “El içində” proqramı ilə bağlı söhbət edirdik. Mən Elçin bəyin aradabir ədəbiyyat konularına yer ayırmasını yüksək qiymətləndirdim və onu da söylədim ki, kitab və yaradıcılıqla bağlı ayrıca verilişlər etmək olmazmı? Elçin Əlibəyli dəhşətli bir etiraf etdi. Dedi, mən reytinq üçün baxıcı, meyxanaçı və qalmaqallı müğənnilər çağırmağa məcburam. Reytinqi bunlarla yığıb, bunların hesabına kitabı da tanıtmağa çalışıram.
Bu da sarsıdıcı... Bu da alçaldıcı...
Səhər-səhər maraqlı bir xəbər eşitdim. Radioların birində aparıcı xanım həyəcanla söylədi ki, deməzsiniz bəs, dünən iki naməlum şəxs aylardır koma vəziyyətində olan Mixail Şumaxerin otağına soxulub. İlkin ehtimala görə, bu adamlar Şumaxerin fotosunu çəkməyə cəhd ediblər. Amma istəklərinə çatıb-çatmadıqları bəlli deyil. Xub! Olan işdir təbii ki... Məni şaşırdan aparıcı xanımın həyəcanlanması idi. Təxminən bu formada: “Belə də insanlıq olar?”, “Onlar ölümlə can çəkişən bir insandan nə istəyirlər?”...
Doğrudanmı bu aparıcı xanım bilmir ki, o şəxslər Şumaxerin fotolarını niyə çəkmək istəyirlər? Tutaq ki, həmin adamlar məşhur idmançını koma vəziyyətində çəkib yayımladılar, görəsən həmin aparıcı xanım bu fotolara baxmayacaq? Şəxsən mən baxacam! Və hətta dünyada elə insanlar var ki, onları həmin fotolar Şumaxerin sağlamlığından daha çox maraqlandırır!
Bu qədər...