İlk dərs günüm

İlk dərs günüm
16 sentyabr 2019
# 10:21

Kulis.az "Bilik günü" münasibəti ilə Şərif Ağayarın “İlk dərs günüm” yazısını təqdim edir.

Səni beş yaşında birinci sinfə qoyalar. Bacınla eyni sinifdə oxuyasan deyə. Üstəlik, bacını da bir il tez yazdıralar məktəbə. Niyə? Boyunuz bir az uzundur deyəmi?

Müəllimlərdən qorxurdum. Mənə başqa dünyalardan gələn adam təsiri bağışlayırdılar.

Bir dəfə müəllimlərimdən birini köhnə və cırıq paltarda tövlədə işləyən gördüm, gözüm kəlləmə çıxdı. Sən demə, onlar da mal-heyvanın altını kürüyə, qabağına ot qoya, nobata gedə bilərmişlər. Yəqin, yemək də yeyir, hətta tualetə də gedirdilər. İlahi!

Birmərtəbəli məktəb binasının qarşısına qoyulmuş taxta skamyada bir dəstə qırmızı paltarlı qız oturmuşdu. Məktəbimiz əbədi olaraq xəyalımda bu qırmızı rənglərlə assosiasiya olunur. Deyirlər, adamın yadında son gördüyü qalır, amma bəzən tərsinə olur.

Qızlar çox sakit oturmuşdular. Elə bil, yaşlı arvad idilər. Başlarını da örtmüşdülər. Onların arasında məndən beş-altı yaş böyük olan bibim qızını görəndə bir az ürəkləndim. O da məni gördü, tez qaçıb yanıma gəldi, üzümdən öpdü, xəfifcə dişlədi, sonra qucağına qaldırmaq istədi. Çapalayıb əlindən çıxdım. Pal-paltarım bir-birinə qarışdı. Əyilib düzəltdi. Məktəbə gəldiyimə sevinmişdi deyəsən.

Valideynlərimdən yanımda kimsə vardımı, xatırlamıram. İlk sinif də xatirimdə deyil. Eləcə o qırmızı paltarlı, başı örtülü qızlar və bibim qızı qalıb yaddaşımda.

Havayı deyil.

Aradan düz 39 il keçib.

39 eee...

Məktəbin qoxusunu da unutmuram. Toz və təbaşir iyinə qarışmış kəsif nəm qoxusu... İndi də burnumun ucundadır. Məncə, insana həm də qoxular əzab verir. Qoxu yaddaşı dəhşətlidir. Ürəyə daha tez nüfuz edir.

İndi o məktəb mənim üçün təkcə zaman baxımından deyil, həm də məkan baxımından əlçatmazdır. Orta məktəbdəki sinfinə gedənlərə, partasını tapıb oturanlara, üstəlik şəkil çəkdirənlərə həsədlə baxıram.

Məkansa da əlçatandır barı!

Həm də anlamıram onları. Necə də soyuqqanlı dayana bilirlər fotoaparatın qarşısında.

Bəli, o gün, o məkan mənim üçün əlçatmazdır indi və bu nisgil içimdə xəfif, köhnəlməkdə olan ağrı kimi sızıldayır. Amma o qırmızı rənglər həmişə gözümün qabağında bərraqdır; məktəbin qarşısında bir topa çiçəyə oxşayan başı örtülü qızlar...

Özümü cəmləsəm, o rəngləri də, rəng ayrıntılarını da yaddaşımda dirildib onun eyni olan gözəl bir gül buketi hazırlayar və bu gün məktəbə ilk qədəmlərini qoyan balacalara bağışlayaram. Və ardınca deyərəm:

- Sizə xoşbəxt vətən arzu edirəm, çocuqlar!

# 5491 dəfə oxunub

Müəllifin son yazıları

# # #