Dünən Həmid Herisçinin “Şəxsiyyət vəsiqəsi” verilişində bəndəniz də vardı...
Deyim ki, veriliş çox maraqlı idi: çəkilişlərdə də, efirə gedəndə də! Ona görə, bu yazı efirdəki çıxışım üçün hər hansı düzəliş və ya əlavə üçün yazılmayıb. Bu yazı verilişin doğurduğu reaksiyalara münasibət kimi yazılıb.
Demək belə. Veriliş başlayan kimi Facebook dostlarım da klaviatura arxasına keçdilər. Bir müzakirə də burda başlandı və verilişdən dəfələrlə uzun çəkdi. İnboxa yazan kim, status paylaşan kim, fürsət düşdükcə məni şərhinə tağ edən kim... Söyən kim, söyülən kim... Mübahisə edə-edə əsəblərinə hakim olmayıb virtual yumruqlaşmaya çıxan kim... Anlayıram. Babək həssas mövzudur. İgidlik, qəhrəmanlıq, din, millət, zülmə və işğala müqavimət, iradə, əyilməzlik, kafirlik – nə yoxdur bu mövzunun içərisində. Hər cür özünüifadəyə imkan verir. Bir adamı tez tanımaq istəsən, onu Babək haqqında danışdır, özünü o saat ələ verəcək.
Təbii ki, ən çox qıcıq yaradan millət vəkili Fazil Mustafanın Babək haqqında işlətdiyi “Tariximiz üçün utancverici şəxs” ifadəsi idi. Yuh yəni! Tənqid görmüşdük, day bu qədər də yox!
Elə o əsnada çevik xəbər portallarında xəbər yayıldı: benzinin qiymət qalxıb! Müzakirələr bir ara benzin tərəfə ağır bassa da Babəki arxa plana ata bilmədi. Səhər mən işə gələndə də müzakirələr davam edirdi. Hətta bu yazını yazanda da tağ olunduğum statuslardan şərh bildirişləri gəlirdi. Nədir bu sevgi? Tarixə, ölülərə, dünyada heç sümükləri də qalmayan insanlara bu anormal bağlılıq? Yüz illərin o üzündəkilərlə öyünmək! Onlara arxayın olmaq. Gözüm aydın, kimsə durub deyib ki, keçmişinə düzgün qiymət verməsən, gələcəyini qura bilməzsən. Adam deməyib ki, bu gününü unut da keçmişindən dördəlli yapış.
Tarixi qəhrəmanlarla fəxr eləmək düşüncənin çox ibtidai formasıdır. Bu, atasını hamıdan güclü hesab edən uşaq sadəlövhlüyüdür. Biz tarixdən ibrət götürmək əvəzinə, ona heyran qalırıq, aşiq oluruq və nəticədə reallıq hissini itiririk. Tarixə nə göz yummaq, nə də gözünü bərəldərək baxmaq lazım. Yüksək emosionallıq tarixdə heç nəyi dəyişmir.
Məşhur deyimdəki kimi, insan keçmişinə gülməyi bacarmalıdır. Yoxsa, Bu gününü itirə bilər.
Zen buddizm fəlsəfəsində belə bir hikmət var: Keçmiş sürətlə gələcəyi udur. Gələcək əslində mövcud da deyil. O, absurddur! Gələcək o zaman mövcud olur ki, indiyə çevrilir. İndi isə uzun dayana bilmir. Bax oxuduğunuz bu cümlə nöqtə qoyulan kimi keçmişə dönür. İnsanın ən böyük hünəri İNDİylə yaşamağı bacarmaqdır. Keçmişlə yaşamaq əsasən qocalara məxsus xüsusiyyətdir. Burada qoca sözü müstəqim yox, məcazi mənadadır. Qocalıq yeganə əlacı keçmişdə görmək faciəsidir. Keçmişdə qəhrəman axtarmaq, keçmişlə yaşamaq, keçmişin gözəl olduğuna inanmaq çarəsizliyidir. Halbuki, indi, tutaq ki, onun təzyiqi qalxıb, balaca bir həb atıb rahatlamalıdır. Ancaq fikri keçmişdə, qaçaq babasında, bəy atasında, qəhrəman nəslindədir. Öskürə-asqıra onları öyür, özünü gülünc vəziyyətə salır. Onun qafasında “Bizim vaxtlarımız” deyə yalançı, qeyri-səmimi, əslində mövcud olmayan saxta bir anlayış var.
Keçmişdən yapışıb arxasınca haça-paça olmağa gərək yoxdur. Keçmişlə gələcəyin toqquşmasındakı anı – indini dəyərləndirmək lazımdır. Qonşuda müalicəyə ehtiyacı olan uşağı görməyib, 7-ci əsrdə yaşayan və ölən müqəddəsi ziyarət etmək ehtiyacı əsl insanlıq halı deyil, yepyekə bir aldanışdır.
Azərbaycanlının içindəki ölü sevgisi onu sıranın ən axırına atır. Tarixdə toyuq kimi eşələnmək yox, bu günlə yaşamaq lazımdır. Dərk etmək lazımdır ki, benzinin qiymətinin 2 qəpik qalxması real olaraq bütün tarixi qəhrəmanlardan daha çox təsir edir həyatımıza. Həyatımıza dəyər verək. Neçə qəpik olmasından asılı olmayaraq.