Ortabab əsərlərlə kulta çevrilən Anar

Ortabab əsərlərlə kulta çevrilən Anar
6 fevral 2018
# 11:53

Hara gedirəm, hansı ədəbi məclisə düşürəm bizim mənəvi atamız sayılan 80-cilər Anarın “Ağ liman” əsərindən danışırlar.

Hətta onu bizə nümunə də göstərirlər.

Hər dəfə deyirəm, axı bu əsəri oxumuşam, qeyri-adi deyil, normal əsərdir, xeyri olmur.

Boynuma qoymaq istəyirlər ki, sən qərəzlisən, ön yarğı ilə yanaşırsan.

O qədər dedilər, dedilər, axırı İtalo Kalvino kimi yazıçının “Bir qış gecəsi əgər bir yolçu” romanını yarımçıq qoyub “Ağ liman”ı təkrar oxudum.

Və...

Və fikrim dəyişmədi.

Əksinə, bir az da möhkəmləndi.

“Ağ liman” bulvar ədəbiyyatı ilə ciddi ədəbiyyat arasında ortabab bir əsərdir.

Yazıçı nə yazmaq lazım olduğunu, necə yazmaq lazım olduğunu yaxşı bilib, hazırlıqlıdır, lakin bildiklərinin və düşündüklərinin bədii həllinə bildiyi və düşündüyünün yarısı qədər nail ola bilməyib.

Sadəcə dünyadan xəbərsiz olan Azərbaycan oxucusu Anarın bildikləri və düşündüklərinin qarşısında qorxub, əllərini qaldırır.

Bilmədiyinə tabe olmaq, biət etmək, ondan çəkinmək bizim milli-mental xüsusiyyətimizdir.

Bircə şərtlə ki, çözə bilmədiyi adam onun üçün əlçatmaz olsun. Sosial mənsubiyyətinə görə ondan üstün olsun. Əks təqdirdə salar ayağının altına çığnayar.

Anarın öz dövrünün daha istedadlı yazıçılarından – İsa Hüseynovdan, Əkrəm Əylislidən, Mövlud Süleymanlıdan, İsi Məlikzadədən bircə üstünlüyü var: onun həyat tərzi modern idi!

O, modern-urbanistik ömür yaşayırdı və bu tələblərə uyğun əsərlər yazmağın nəzəri vacibliyini bilirdi.

Vəssalam!

Alternativ olmadığı üçün seçilirdi, tanınırdı, sevilirdi, hətta kulta çevrilirdi.

Ancaq bu gün biz Folknerdən üzübəri kimləri tanımırıq? Kimləri oxumuruq? Borxes, Kortasar, Markes, Lyosa, Murakami, Kundera, Pamuk, İşiquro...

Bu müəlliflərin qarşısına “Ağ liman”la çıxmaq olarmı?

Olmaz, əfəndilər!

Mən anlayıram, sizin ədəbi düşüncənizin ən uca səltənəti Anarın yaradıcılığı ilə ucalıb və indi bu səltənətin uçmasına təhəmmül etmirsiniz.

Öz səltənətinizə biət etməkdə azadsınız, amma əsla və əsla onu daha hazırlıqlı yeni nəslə örnək kimi göstərməyin.

Mən Anarın yazıçılığını danmıram.

Dediyim kimi, o, orta, bəzi və çox az məqamlarda yaxşı yazıçıdır.

60-cı illər ədəbiyyatımız üçün isə sözün həqiqi mənasında hadisədir.

Lakin bu hadisə imzanın böyüklüyündən çox ədəbiyyatdakı yenilik boşluğundan əmələ gəlib.

Odur ki, o hadisəni 21-ci əsrin ikinci onilliyinə daşımaq, sürümək, itələmək effekt vermir.

Fransız ekzistensializminə işarə etmək üçün əsərinin qəhrəmanlarına “Kamyu” konyakı içirtməklə semiotik-yazıçı Umberto Ekonu oxumuş çağdaş insanın zövqünü oxşamaq çətin məsələdir.

Bu işin intellektual tərəfi...

O ki qaldı dil, üslub və bədii siqlət məsələsinə, bu barədə heç nə yazmıram.

Yazsam, yenə deyəcəksiniz ki, qərəzlisən.

Qoyun, qərəzimlə baş-başa qalım.

# 1209 dəfə oxunub

Müəllifin son yazıları

# # #