Kəsişən azərbaycanlılar

Kəsişən azərbaycanlılar
12 fevral 2015
# 11:42

O gün hər yanı gülşən paytaxtın geniş, çıraqban və işıqlı küçələri ilə işə tələsirdim. Özü də taksidə...

A küçəsi ilə gedirdik. A küçəsi C prospektinə çıxır və yolların qovşağındakı svetofor A-nın ziyanına ləng işləyir. A küçəsinin problemi bununla bitmir. C prospektinə çıxmamış B küçəsi ilə arzuolunmaz şəkildə kəsişir. B A-ya nisbətən ikinci dərəcəli küçədir. Ona görə B-dən gələnlər A-dan keçən maşınları gözləməlidir.

C prospekti bağlıdır. Tıxac A-B kəsişməsinəcən uzanıb. Mənim sürücüm B küçəsini bağlamamaq üçün məsafə saxlayır. Arxadakı maşınlar “Biiib-biiiiiib!” eləyib aləmi biri-birinə vurur. Sürücüm təmkinlidir, gülümsünür. Deyir, elə bil üç metr qabaqda saxlasalar, dünya düzələcək! Tərpənmir. Yol verir B küçəsiylə harasa tələsən qayğılı həmvətənlərimizə. Hava nəmişlik olduğundan B küçəsində maşınlar yavaş gedir, maşınlar yavaş getdiyindən aralarındakı məsafə bir qarışdır.

Qəfil C prospektinin svetoforu yaşıl yanır. Ancaq B küçəsi ilə su kimi axan maşınlar bizə yol vermir. Bu dəfə arxadakı siqnalların səsi təhdid qoxuyur. Bütün maşınlar ulaşır. Sürücüm nə qədər aman istəyirsə ikinci dərəcəli B küçəsindən bizim A küçəsinə perpendikulyar gələn maşınlar yol vermir ki, vermir. Bir neçə dəfə qırmızıya düşürük. Bu dəfə arxadakı “zerkalnı” CİP-dən cantaraq bir oğlan düşür və sürücümün üstünə qışqırır:

“Ə, sən nə qoyun adamsan?! Niyə yolunnan getmirsən!”

“Deyəsən, yemin artıq düşüb, qudurmusan! İndi qusdurram səni!” – bıy, sürücüm sinəsini qabağa verəndə görürəm nə qədər “boevik” olduğunu. Gənc, güclü, ürəkli və qəzəblidir. Oturacağın yanına qoyduğu “mantrovka”nı götürüb yerə düşür...

Mən özümü həyəcanla çölə atıb üz küləyə götürülürəm.

C prospektinə çatanda gözücü arxaya baxıram. Küçənin ortasında itələşən qələbəlik var...

Bir azdan polis də gələr, yəqin...

Saat ona qalır...

# 1074 dəfə oxunub

Müəllifin son yazıları

# # #