Vaqif Səmədoğlu ilə şair kimi əsaslı tanışlığım 90-cı illərin sonlarında baş tutdu. Onacan ayrı-ayrı şeirlərini oxumuşdum, ancaq kitabını görməmişdim. Nədən ki, rayonda yaşayırdım və indiki kimi, onda da Vaqif müəllim bölgələrdə elə də məşhur deyildi və yalnızca “Səməd Vurğunun oğlu” kimi tanınırdı. Ancaq o vədələr Bakıda məşhur üçlüyün – Vaqif Səmədoğlu, Ramiz Rövşən və Vaqif Cəbrayılzadənin at oynatdığı vədələr idi. Hamı onları imitasiya edirdi və sanki dünyada bu üç şairdən başqa şair yox idi.
İlk olaraq Vaqif müəllimin “Mən burdayam, İlahi...” kitabını oxudum. Yeri gəlmişkən deyim ki, kitaba Anar gözəl bir ön söz yazıb.
Qəribə kitab idi.
Hər halda mənim o vaxtacan oxuduqlarımdan çox fərqli idi. İntonasiya da, obrazlar sistemi də, yanaşma da, elə şeirlərin forması da! Amma qəribə idi, bu kitabı bağladımmı, yadımda heç nə qalmırdı. Açdımmı, bir də şairin “bəmdən ifalarının” ovsununa düşürdüm. Çox sonralar Vaqif Səmədoğlunun məşhur misraları beynimin künc-bucağında qımıldamağa başladı
Haraya hay verməyib
Dünya gedir kar kimi
Bir kor dəyir divara
Bizim dualar kimi
Vaqif Səmədoğlunun ölümlə, qəbirlə, kəfənlə – bir sözlə simvolik bədbinliklə dolu şeirləri 90-cı illərin məğlubiyyət eyforiyası ilə tam üst-üstə düşürdü. Baxmayaraq ki, şair müsahibələrində özünü 20-ci əsrin əvvəllərinin adamı sayırdı. Əslində haqlı idi bir az da! Çünki inkişaf etmiş dünyanın 20-ci əsrin əvvəllərində keçdiyi torpaq iddiaları və müharibələri biz 90-larda yaşamağa məhkum edilmişdik və əslində Vaqif müəllimin 90-larla səsləşməsinin əsl səbəbi bu idi.
Onun şeirlərini sovet dövründə çap eləmədilər.
Sanki bu şeirlərin zamanının gələcəyini bilirdilər.
2000-lərin əvvəlindən başlayaraq Azərbaycanda yeni ədəbi istiqamətlər formalaşmağa başladı. Bu istiqamətlərin əsas hədəflərindən biri də məhz simvolik şeir və dolayısı ilə Vaqif Səmədoğlu idi. Bəlkə elə bu səbəbdən həmişə gəncliyin və yeniliyin tərəfində olan şair gəncləri müdafiə etmədi, ədəbiyyata münasibətdə həqiqəti deyil, dostluğu, nəsildaşlığı seçdi. Halbuki, onu yaşıdlarından fərqləndirən çoxlu müsbət keyfiyyətləri vardı. Məsələn, sadə adam idi. Atası ilə bağlı tənqidlərə dözümlə yanaşırdı. İctimai fiquru cəmiyyətin açıq müzakirəsinə verməyin vacibliyini anlayırdı. Bilirdi ki, gec-tez bu qiymət onsuz da veriləcək.
Yeni ədəbi tendensiyalar 60-cıları ədəbi gündəmdən əməlli-başlı sıxışdırdı. Vaqif Səmədoğlu da uzun müddət unuduldu. Siyasətə qoşuldu, partiyadan çıxarıldı, millət vəkili oldu, Avropaya konyak içməyə getdi...
Və bir gün, açığını deyim, kəndisini o qədər də sevmədiyim Vaqif Səmədoğlunu Facebookda gördüm. Maraq üçün dostluq göndərdim. Qəbul etdi. Doğrusu, onun Facebook fəaliyyətindəki sadəlik məndə xəyal çaşqınlığı yaratdı. Əvvəlcə hesab etdim ki, o, özü deyil. Yanılmışdım!
Günlərin birində isə, Vaqif Səmədoğlu bekarçılıqdan yazdığım axmaq bir statusa şərh yazdı. Dəli oldum!
Status belə idi:
“Bir sən, bir də mən olaq. İstəsən avara bir şair də çağırım!”
Vaqif Səmədoğlu isə şərhində yazmışdı:
“Avara şair mən! Hara deyirsiz, gəlim”.
İnanın nə yazacağımı bilmədim. Yazdığım statusdan utandım. Düşündüm ki, bəlkə “avara şair” ifadəsi xoşuna gəlməyib. Ancaq az keçməmiş inboxuma yazdı. Salam-sağoldan sonra telefon nömrəmi götürdü və günlərin birində mənə zəng vurub dərdləşmək istədiyini söylədi. Heyif, rayonda olduğum üçün bu görüş baş tutmadı. Gələndə isə, açığı, heç vaxt oturub adi çay belə içmədiyim şairə zəng etməyə utandım.
Sonra isə xəstələndiyini eşitdim!
O, sonuncu dəfə və daha dərindən məni ANS-ə verdiyi müsahibə ilə təəccübləndirdi.
Əlacı olmayan ağır bir xəstəliyə belə ağayana münasibəti təsəvvürümə gətirməzdim. Ölümün üstünə gülə-gülə getmək də mümkünmüş, sən demə! Sözün həqiqi mənasında!
Ancaq, bildiyiniz kimi, bu cür güclü adamlar ən ağır xəstəliklərə də uzun zaman qalib gələ bilirlər.
İnanıram, şairlə oturub dərdləşmək qismət olacaq mənə.
12.03.2013