Qar lövhələri
Mətbuat prospektində, Bakı Biznes Universiteti ilə üzbəüz modern bir dayanacaq quraşdırılıb. Şüşədən! Qarlı günlərin birində mənimlə yaxalaşan çovğunu çiynimlə itələyə-itələyə özümü bu dayanacağa çatdırdım. Düşündüm ki, küləkdən yayınsam soyuğun səbbi alınar bir az. Çatanda xəyal qırıqlığına uğradım: dayanacağın arxası yox idi. Kimsə söküb aparmış, yaxud sındırmışdı. Amma yerdə qırıq-filan yox idi. Əvəzində sağ tərəfdəki divardan asılmış ekranda durmadan musiqi səslənirdi. Ekranın yanında belə bir qeyd də vardı: “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi. Qaynar xətt: 142.”
Dayanacağın salamat qalmış şüşə divarın o birində isə kompüterdə səliqə ilə yazılmış belə bir bildiriş vardı: “Xahiş edirik, dayanacağı təmir edin, donuruq”.
***
Mən qışda qarı bol olan bölgədənəm. Adətən qar yağanda hava xoş olur. Bakıda bunun əksini gördüm. Bakıda qar yağanda hətta don da olurmuş... Bu şəhərdə qarın adamları sonacan sevindirə bilməməyinin bir səbəbi də budur yəqin...
Bir də ki, qar torpaq üçündür. Torpağın istisi, qarın soyuğu təbiətdə qəribə əhval yaradır. Qar asfaltın üstündə yalnız problem deməkdir.
***
Şənbə günü “ZERO” kitab mağazasında Cavid Zeynallının yeni kitabının təqdimatı keçirildi. Tədbirdən yazar dostum Qismətlə birgə çıxdıq və “Elmlər Akademiyası” tərəfdə bir yerdə yemək yedik. Səkilər və pilləkənlər çox sürüşkən idi. Qismət dedi, qaranlıqda yerimək çətin olacaq. Mən də təsdiqlədim.
Həmin gecə Qismət sürüşüb yıxıldı və ayağını sındırdı...
***
“28 May” metrosunun çıxacağında gənc qızlar bir dəstə gənc oğlanı polisə verdilər. Səbəb: “Bizə qartopu atıblar”
Azərbaycan insanı aqressivdir.
Dünyada qartopuya görə adamı polisə verən yeganə xalqıq yəqin ki!
Qar öz şən aurasını bizim gənclərə ötürə bilmir. Onlarda ya şitlik yaradır, ya da aqressiya.
***
Bu qarlı günlərdə daha bir unikal hadisənin şahidi oldum. Müşfiq qəsəbəsi tərəfdə... Kimsə kəlləsi üstdə qar adam düzəltmişdi. Etiraf edirəm, ömrümdə bu qədər ciddi dekonstruksiya görməmişdim...
***
Adamlar yıxılanlara gülmürdülər...
Bu da mənə maraqlı gəldi.
Nəinki gülmür, əksinə irəli durub yardım edirdilər.
Mən özüm bir neçə dəfə yardım etdim.
Bir dəfə isə yıxıldım...
Mənə də yardım etdilər.
***
Qardan şənlənən, həmişəki kimi, uşaqlar idi. Onlar yıxılanda da yavaş yıxılırlar. Çəkiləri yüngüldür, ona görə...
Çəkiləri yüngüldür və günahları azdır.