Şərif Ağayarın məqaləsi
Kulis.Az-ın 78 nəfər şair, yazıçı və tənqidçi arasında keçirdiyi "Azərbaycan ədəbiyyatında 3 ən yaxşı roman hansıdır?" sorğusunun nəticələri ilə bağlı müzakirə çərçivəsində yazıçı Şərif Ağayarın məqaləsini təqdim edirik.
Kulisin geniş müzakirəyə səbəb olan əvvəlki layihəsi - “Qısa hekayələr müsabiqəsi” də belə səs-küyə səbəb oldu. Elə fərqli fikirlər, fərqli yanaşmalar ortaya çıxdı ki, oxucular az qala başını itirəcəkdi.
Milli romanla bağlı sorğu da belə bir səs-küyə səbəb oldu. Amma burda problem qısa hekayələrdəki kimi “yığcam” deyil. Söhbət qələm adamlarının neçə min illik tarixi olan bir məmləkətin ən gözəl romanlarını seçməsindən gedir. Nəticələr isə elə qələm adamlarının öz arasında diametral ziddiyyət yaradıb.
Əcəba, kimə inanmalı? Doğrusunu kim bilir? Doğrunu bilib də onu söyləyən kimdir? Doğru bilib səhv danışanı, səhv bilib səmimi fikir ifadə edəni necə tanımalı, necə ayırmalı? Həqiqətə necə vaqif olmalı?
İlk öncə onu deyim ki, ədəbiyyatda sözün mənfi mənasında idman atmosferi yaradıb əsərləri və yazıçıları sıra saylarla təsnifləşdirmək doğru deyil. Dünyada biri-biri ilə mütləq mənada müqayisə olunacaq yazıçı yoxdur. Bu peşəkar yanaşmadır və müzakirəsinə ehtiyac duyulmur. Ancaq bütün yaradıcılıq sahələrinin təbliği, tanıdılması, çoxluğun müzakirəsinə çıxarılması və biznes tərəfinin təşkili üçün bu sıralanmalar dünyanın hər bir yanında var.
Əlbəttə ki, bütün müqayisələr şərtidir. Amma bu, nəticələrin həqiqət payı yoxdur anlamına gəlməz!
“Qətl günü” romanının birinciliyi mənimçün gözlənilməz olmadı. Ancaq ikinci və üçüncü yerlərə çıxan əsərlərlə say fərqi şaşırtıcı idi.
Mən “Qətl günü”nü uzun müddət uğursuz eksperiment hesab etmişəm. Amma bu o zamanlar idi ki, çağdaş romançılıq barədə heç nə bilmirdim və yazıçının “hansı oyunlar çıxardığını” anlamırdım. Sadəcə həmişə özümə qəribə gələn oxucu intuisiyam ilə bu əsərin süniliyini hiss edirdim. Xüsusən dilində və bəzi qondarma ifadələrində…
Sonralar roman sənəti ilə bağlı bir çox məsələlərdən hali oldum. “Qətl günü”nün ciddi ustalıq və zəngin bilgi ilə qələmə alındığını gördüm. Ancaq onun süniliyi və qondarmalığı barədə fikirlərim nəinki dəyişmədi, əksinə getdikcə möhkəmləndi.
“Qətl günü” romanında istifadə olunan əksər fəndlər barədə kifayət qədər bilgim var. Burada terminologiya dəftəri açmaq istəmirəm. Bircə onu deyim ki, həmin bu fəndləri nəzəri şəkildə öyrənmək elə də çətin deyil. Çətini onların bədii həllini vermək, necə deyərlər nəzəriyyəni praktikaya çevirməkdir. Hansı ki, Yusif Səmədoğlunun əsərində də əsas mübahisə doğuran bu məqamdır.
Məncə, “Qətl günü” həmin nəzəri məsələlərin düz 25 il bundan əvvəl irəli sürülməsi baxımından daha dəyərlidir. Bu gün o, ədəbiyyatdan çox ədəbiyyat nəzəriyyəsinə nümunə göstərilə bilər.
“Qətl günü” oxucuların yox, yazıçıların romanıdır.
Ədəbiyyatın başqa, daha geniş idealları var ki, bunu Azərbaycan ədəbiyyatında “Qətl günü”ndən yüksək səviyyədə və uğurla ifadə edən nümunələrə, elə o sorğunun cavablarında rast gəlmək olar.
Məncə, bu gün dünyada ədəbiyyatın az qala tum kimi çırtlanan, hətta artıq köhnəlməkdə olan fəndləri ilə milli romanımız üzərində qələbə çalmaq 25 yaşlı “Qətl günü”nün zəfəri olsa da, çağdaş ədəbiyyatımızın məğlubiyyətidir.
Bəlkə də elə QƏTL GÜNÜDÜR!
Mövzu ilə bağlı digər yazılar:
"Azərbaycan ədəbiyyatında 3 ən yaxşı roman hansıdır?" SORĞU
Üç ən yaxşı Azərbaycan romanı məlum oldu 78 NƏFƏRLIK SORĞU
Rasim Qaracadan “Ən yaxşı Azərbaycan romanı”na ETİRAZ
“Qətl günü” kopyadırsa, Rasim Qaraca nədir?
Seymur Baycan: ““Qətl günü” mənasız romandır”