Oxumamaq olar. Adam ölümü deyil. Biri mütaliəli olar, biri mütaliəsiz, biri çoxlu dil bilər, biri heç ana dilini yaxşı bilməz. Həyatdı. Heç nədən faciə düzəltməyək.
Amma...
Day oxumamağı əsaslandırmaq, oxuyanlara ironiya eləmək, “Özünü göstərir”, “İstedadı yoxdur deyə kompensasiya edir”, “İstedadlı adam oxumaz”, “Təsirə düşərəm” və s. kimi üstündən yüz il keçmiş bəhanələrlə özünə təsəlli vermək də gülməlidir.
Oxumamağı, öz üzərində işləməməyi əsaslandırmağa çalışan, hətta bu adətdə müsbət nələrsə tapmağa “nail olan” insanlar yəqin ki, yalnız Azərbaycandadır. Və ən gülməlisi, bu adamların çoxu yazı-pozu əhlidir. Sadə adamlar elə də eqoistlik eləmirlər. Hə, oxumuram, dolanışıqdan vaxt yoxdur, - deyib bir az da utanırlar.
“Filankəs oxuyub ortaya nə qoyub eee... Hahaha!” – şəndirlər də!
Vaxtına qızırqalanırsan ki, durub deyəsən, ay bala, o oxudu heç nə olmadı, bu o demək deyil, sən də oxumayasan! Bəlkə, Allah eləməmiş, səndə alındı?
Bəli, oxumaqla hava atan adamlar da var, mütaliəli və intellektual görünmək üçün Facebookda yüz oyundan çıxanlar da...
Amma, inanın, oxumaq elə bir şeydir ki, onunla hava atmaq belə gözəldir, qəbul olunandır. Ruslar demiş, çem, bahalı ev-maşın, bahalı geyim, dəbdəbəli kabinet, kabab məclisi, qəşəng qızlar və pivə butulkaları ilə...
Bakıda istənilən ədəbi toplantıda bircə kəlmə işlət: “Oxumaqla deyil, gərək allah adama istedad versin!” – hamının ürəyincə olacaq. Çünki hamı özünü istedadlı sayır və əslində bir az haqlıdırlar da. Çünki, bütün insanlarda hardasa, necəsə istedad var. Az, ya çox. Görünən, ya görünməyən. Bircə fərq var: zəhmət çəkib bu istedadı realizə edənlər və bütün günü yeyib-içib, gəzib-tozub vaxtını fövtə verənlər.
Belə olub...
Belədir...
Və belə də davam edəcək...
Şamxal Rüstəm adlı şair vardı, bəlkə də, nəinki 80-lər, hətta 90-lar və 2000-lər arasında onun qədər böyük ədəbiyyat vəd edən istedad yox idi. Hanı? Bəli, ortaya çıxıb deyə bilər ki, filan yerdəyəm və bu, bu, bu problemlərim var, ona görə yaza bilmədim. Amma həyat qəddardır. Nəinki bəhanələri, səbəbləri də qəbul etmir. Soyuq baxışlarla yalnız nəticəyə baxır.
Yenə deyirəm, ciddi üzrlü səbəblər varsa oxumamaq faciə deyil. İnsan həmişə sənətdən dəyərlidir. Şamxal Rüstəmin uşağına apardığı çörək bütün şeirlərdən üstündür. Bir uşağı ölüm ayağında buraxıb “dünyanı xilas etməyə” girişmək gülüş doğurar. Rədd olsun zaman! Bu mənada Şamxal Rüstəmlərlə problemimiz yoxdur.
Bir də var ciddi qayğısı, ağır bir dərdi olmaya-olmaya özünü dahiliyə qapdıranlar. Necə deyələr, ortada yeyib, qıraqda gəzənlər. Siqaret, içki, dərd, ağrı... Adam oturub dərd çəkir. Saatlarla, günlərlə... Soruşurlar: “Bayaqdan o otaqda neynirsən?” “Dərd çəkirəm, görmürsən?” İşə düşmüşük. A bala, bir kitab oxu, bir filmə bax, bəlkə, şair demiş, özündən daha dərdli adam görüb utandın? Oxu da, ay bala! Yeməyə çörəyin, geyməyə paltarın, yazmağa istedadın var, oxu ortaya ciddi bir şey qoy. Səninki dərd deyil vallah, uşağın şeyiylə oynamağıdır. Hələ bir fındıq boyda ağlın, mərcimək boyda zəkanla adamlara yol göstərirsən.
Şəxsən mənimlə sözün həqiqi mənasında dost olmağın yolu bilikləri ilə mənim üçün maraq kəsb etməkdir. Əks halda darıxıram. Yenə içəndə birtəhər yola vermək olur. İçməyəndə məşəqqətdir. Kitab oxumayan adam boş qazan kimi danqıldayır və çox gülməli görünür. Xüsusən o, eqoistdirsə, ədəbiyyatda iddiaları varsa. Hətta istedadlıdırsa lap dözülməzdir. Bütün istedadlı cəfəngiyatın üstünə istedadın cəfəngiyatla uğraşmasının ağrısını da gəl.
Onu da deyim ki, insan kimi heç kimlə problemim yoxdur. Adamayovuşanam. Görüşəndə atdan, ulaqdan, yoncanın qiymətindən, İŞİD-dən, Təranə Qumralın Musa Musayevə xəyanət eləməsindən, saytlarda İP gətirən başlıqlardan, Facebook-da qız tutmaqdan, qrupla profilin fərqindən uzun-uzadı və maraqlı danışa bilərəm.
Qədirşünas xalqımızın xasiyyətini bilirəm.
Məsələn, elə bu səhər atamla aramızda maraqlı bir dialoq oldu. Kişi bizdədir, söhbət eləməyib kitab-dəftərlə uğraşdığımı görüncə məni sancdı: “Çox oxuma, başın xarab olar”
Dedim, eşq olsun sənə, mənim gözəl atam, sabah Elmlər Akademiyasında iclasdı, səni çıxışa yazıdıraq, qalx tribunaya, bu böyük həqiqəti o avamların da qulağına pıçılda. Deyirlər, Avropadan da qonaqlar olacaq. Sözünü onlara da de, qoy həqiqətdən agah olsunlar.
Dünyanı xilas elə, ata!