Məşədi İbad demiş bir növü adətkərdəyəm, günün təqviminə göz atıram; ölən kimdi, qalan kimdi, hansı hadisələr olub və s. Bayaq da baxdım. Qabağıma çıxan adların içində Həkim Qəni də vardı. Bu gün anım günüdür...
Dedim, kişini bir yad eləyək. Bizdə belədi axı, kimsəsiz adamları yada salan olmur. Ay olaydı Həkim Qəninin vəzifədə babat bir oğlu, gör necə dəfə-daraq açılardı. Gileylənmirəm, ay tövbə! Tini gəldi deyirəm.
Həkim Qənini ilk dəfə “Vahid” poeziya evində görmüşəm. Bütün vücudunu əruzun təktlərinə uyğun titrədə-titrədə Füzulidən qəzəl deyəndə deyirdin, bu dəqiqə canı boğazından pırr eləyib uçacaq. Bu yaşda bu şövq hardan idi?! Əruz onun canına hava kimi dolmuşdu. İliklərinə, qanına işləmişdi. Mən belə qoca görməmişdim.
“Vahid” poeziya məclisinin rəhbəri idi. Hacı Mayıl yenicə rəhmətə getmişdi və Həkim Qəni onun yerinə keçib işini elə həvəslə icra edirdi, deyirdin, dünyanı vermisən buna. Şeirə-sənətə yaşlı adamlara xas sadəlövh bir sevgisi vardı. Bir yana baxanda, adam şeiri-sənəti qoyub başqa nəyə belə ədəbi bağlana bilər ki? Hər şey keçici deyilmi? Lap sevgi olsun, şəhvət, ehtiras olsun. Həkim Qəni həm də həkim idi, bunu yaxşı bilirdi. Bir dəfə məni nasaz görüb yanladı:
- Görürəm, qızlarla-qadınlarla orda-burda xosunlaşırsan, yadda saxla, kişidə o atəşlər ki var, hamısı saynandı, tapança patronu kimi – titrək əlini irəli uzadıb şəhadət barmağının ucunu göstərdi – belə-belə, bir-bir atılır, bir gün qurtarır – boğazını arıtlayıb gülümsündü – elə et ki, qocalığa bir şey qalsın!
Mən də güldüm. Həkim Qəninin belə eşqli qalmasının bir sirri də açıldı mənim üçün. Amma məni müşahidəsi doğru deyildi. Kar könlündəkini anlar misalı...
“Vahid” məclisi haqda tənqidi bir yazı yazmışdım, məndən incimişdi. Bir gün tədbirə gedəndə qolumdan tutub məni xəyali səhpaya çəkdi. Hiss elədim ki, məclis əhlini üstümə qaldırmaq istəyir. Özümü itirmədim. Vəziyyətdən qan-tər içində çıxdım.
Yaddaşı super idi. Füzulini əzbər bilirdi. Və əzbər bildiyi qəzəllərin simvolik yox, lüğəti mənasını açırdı. Nəsə bizimki tutmurdu. Baxmayaraq, bir dəfə müsahibə almışdım, Vahidlə dostluğundan danışdırmışdım. Ara-sıra Bakının nadinc cavanlarına qoşulub ilişirdik Həkim Qəniyə. Bir dəfə Füzulinin hələ indiyədək dürüst açılmayan bir beytini söylədik ona, dedik, mənasını anlamırıq. Çox çalışdı, izah edib, bir yana çıxara bilmədi. Sonra həmin beyti Hacı Ələmdar Mahirdən soruşduq. Dedi, bu məlum söhbətdir, beytin altında hansısa deyim, əhvalat, hədis var, biz onu unutduğumuz üçün şairin nəyə işarə etdiyini izah edə bilmərik.
Şair dostum Rövşən Naziroğlu “Vahid” məclisini bir şeirində çox pis dolamışdı.
Əruzxanadır vahid poeziya evi
həftənin bazar günləri
əruza məruzxanadır
hər bazar günü
səhər saat 10-da
dillərində dürlü-dürlü kəlamlar
şeir oxuyur əmimlər və xalamlar
oxuduqları ustadanə
dürrü-yetim
azərbaycan mətbəxinə dair
küftəilün dolmailün aşilün
küftəyiyün müftəyiyün payilün
müftəilün müftəilün çayilün
Vay bə! Şeirin yazılması bir yana, hakim partiyanın qəzeti olan “Yeni Azərbaycan”ın “Ədəbiyyat” əlavəsində çap olunması canından 37 qorxusu sovuşub getməyən Həkim Qəninin qədəmlərini qırmışdı. Ona elə gəlirdi ki, bu şeirin çapından sonra “NKVD”-dən kimsə gəlib onun qollarını elə məclisdəcə qandallayacaq.
Bir gecəyə Rövşənə cavab yazmışdı. Mənə oxudu. Dedi, al, apar, Rövşənə çatdır. Şeir açıq təhqirlərlə dolu, çox vulqar, bayağı, eyni zamanda nəhayətsiz dərəcədə istedadsız bir şeir idi. Zarafatla dedim, Həkim, gəlin bu şeiri də çap edək. Cavab kimi... Gözlərini qıyıb mənə diqqətlə baxdı, nə düşündüsə, şeiri qatlayıb cibinə qoydu və uzaqlaşdı.
Rövşənin şeirin son misrasının izaha ehtiyacı var. Demək, “Vahid” evində hər bazar saat 10-dan 12-yə kimi “Vahid” məclisi olurdu və bir saat ərzində poeziya evinin müdiri məclisdə iştirak edənlərə çayı pulsuz verirdi. Rövşən “Müftəilün” söhbəti ilə həm əruzun məlum qəliblərinə, həm də bu müftə çay içməyə işarə vurmuşdu. Həkim Qənini ən çox cırnadan da bu misra idi.
Rövşənin qara buludları seyrəlməmiş Aqşin Yenisey sataşmışdı bu qocalara. Yazmışdı ki, müftə çaydan o qədər içirlər, tualetlə məclisin arasında qalırlar, deyilənə görə, poeziya evinin müdiri Hacı Şahin (hamısı da Hacı idi – Ş.A.) xüsusi adam ayırıb, qocaları aparıb, tualetdə “çiş tuturlar”, sonra yenə qaytarırlar məclisə. Hər şey bir yana bu “çiş tutmaq” sözünü oxuyan istənilən adam uğunub gedirdi gülməkdən. Qocalar özü də gülürdü, amma bu istedadlı manevr də Aqşinə nifrəti səngitmirdi.
Nə bilim.
Cavanlıq.
Denən, nə işiniz var?
Qoy sayılı günlərini şən keçirsinlər də.
Qanlarını niyə qaraldırsınız?
Bir dəfə də Səməd Vurğuna görə tutaşdıq Həkim Qəniylə. Həkim Qəni yox, bəzi qəzəl yazan yaşlılar Səmədə nifrət edirdilər. Onlara elə gəlirdi ki, Səməd Vurğun şeiri əruzdan aralamaqla vətənə və xalqa bağışlanmaz xəyanət edib. Nəsə. Bizim də çılğın vaxtlarımız... Bunlarla necə mübahisə etdiksə, bizi məclisdən qovdular. Dedilər, getməsəniz polis çağıracağıq. Çıxdıq bayıra. Bulvara tərəf pilləkənlərlə yenicə yenmişdik ki, şair Akif Səmədi gördük. Baş verənləri danışanda Akif müəllim xeyli güldü, dedi, orda hələ orta əsrlərdir, ora nəyə gedirsiniz ki?
Həkim Qəni mübahisə etdiyi adamların əksərini məğlub edirdi. Həm, dediyim kimi, güclü yaddaşı vardı, həm də səsi gur, nitqi rəvan idi. Biliyi də az deyildi. Yaş və həyat təcrübəsi isə... 80 ilin belini yerə vurmuşdu.
Bir dəfə mərhum şair Böyükxan Pərvizlə qırğına çıxdılar. Bu vaxt yaxında oturan şairə Nəcibə Nəcib nəvazişlə Böyükxan Pərvizin qolundan tutdu:
- Oğlum, Həkim Qəni yaşlı adamdı, nə düşmüsən üstünə?
Böyükxan Pərviz unikal bir cavab verdi:
- Nəcibə xanım, o, elə adamdır ki, üstünə düşməsəm altına düşə bilərəm.
...Gün gəldi hərə bir tərəfə dağıldı getdi. Həkim Qəninin xəstələndiyini eşitdim.
İşə bax ki, 2008-in iyununda, Mədəniyyət və Turizm Nazirliyində yenicə işə başladığım vaxt mənim icram üçün gələn sənədlərdən biri Həkim Qəninin ölümü ilə bağlı idi. Xeyli mütəəssir oldum. Dedilər, həyat yoldaşı gəlib, aşağıda, polislərin yanında məktubun cavabını gözləyir. Düşdüm. Həkim Qəninin özündən xeyli cavan olan həyat yoldaşını görən kimi tanıdım. Ara-sıra “Vahid” evinə gəlir, ərinin yanında heç kimi tük qədər incitməyən səmimi bir təşəxxüslə otururdu. Həkim Qəni çox böyük adam olduğuna onu inandırmışdı.
Qadın xahiş edirdi ki, Həkim Qəninin cənazəsinin çox sevdiyi və ölən günə qədər çalışdığı “Vahid” poeziya evindən götürülməsinə icazə versinlər. Mən onun telefon nömrəsini, ünvanını alıb yola saldım və söz verdim ki, əlimdən gələni edəcəm. Etdim də.
Ancaq heç nə alınmadı.
Həkim Qəninin “Vahid” evindən götürülməsinə icazə vermədilər.
Və son.
İndi hərdən təsadüfən muğamla, qəzəllə bağlı videoyazılarda gözümə dəyir. Çöhrəsi, səsi, fərqli üz cizgiləri çox yaxın, çox doğma gəlir mənə. Birdən xəyalımda sual da verirəm:
- Həkim, sizcə Rövşən Naziroğlu o “Müftəilün, müftəilün, çayilün” misrası ilə nə demək istəyərdi?
Və hər dəfə eyhamla gülümsünür.