Qarabağda internet axtarışı

Qarabağda internet axtarışı
30 aprel 2013
# 09:51

Şərif Ağayar

Mütəxəssislər and-aman edirlər ki, mərkəzi Aran zonasında yerləşən Ağcabədi Qarabağın bizdə olan hissəsinin ən inkişaf etmiş rayonlarından biridir. Nə gizlədim, son dövrlər yüksək səviyyədə abadlıq işləri aparılan bu şəhərin həqiqi inkişafına həmişə şübhə eləmişəm. Nədən ki, həmişə kitabxanalarının qarşısında bir qarış ot bitir! Əvəzində bazarı çox zəngin, qələbəlik olur. Kitab mağazası isə ümumiyyətlə yoxdur. İl uzunu müşahidə aparsan, küçədə, Avropa standartlarına uyğun salınmış abad parkında bir nəfər də qəzet-jurnal oxuyan görə bilməzsən. Belə adam olsa ona şübhə ilə baxarlar.

Müxalifətçilərin qulağından iraq, doğrudan da, təkcə Ağcabədidə deyil, ölkəmizin hər tərəfində abadlıq işləri gedir. Rayon mərkəzləri gözəlləşir!

Qorxuram, bir gün ayılıb görək ki, bu abad, gözəl yaşayış məskənlərinə layiq bir nəfər də olsun insanımız yoxdur. Hamının başı sadəcə boynunun davamına çevrilib! Yalnız pul qazanıb kef eləmək barədə düşünürlər!

Son illər ölkəmizin iri addımlarla irəliləməsi Ağcabədidə özünü bariz şəkildə göstərməkdədir. Villalar, qiymətli xarici maşınlar, gözəllik salonları, nəhəng və zəngin mağazalar, apteklər və s. Rayonda bəlkə 20-30 internet mərkəzi yaradılıb. Açığı bunu görəndə xeyli sevinmişdim. Çünki Ağcabədidə tez-tez oluram və əgər belə şanlı-canlı internet mərkəzləri varsa, yazılarımı rahat şəkildə klaviaturaya alıb istədiyim ünvana göndərə bilərəm!

Bu yaxınlarda Ağcabədidə idim və sinəmə iki xanə söz gələn kimi özümü verdim əsas internet mərkəzlərindən birində. Mövzum kitab idi! Kitabı oxumaq yox, yandırmaq! Ciddi deyirəm... Bir dostum salmışdı ağlıma. Madam ki, bizdə kitab yandırmaq dəbdir, mən niyə geridə qalım. Hətta, ironiyasız-filansız, bir az məcazi mənada Axundov kitabxanasını yandırmaqdan bəhs edəcəkdim. Səbəblərini göstərə-göstərə... İnternet mərkəzində işıq yanmırdı. Çöldə gözləyəsi olduq. Yarım saat, bir saat... Müştərilərdən biri son dəblə geyinib saçlarına reperlər kimi qabardan mərkəz sahibindən soruşdu: “Motorunuz yoxdur?” O qısa cavab verdi: “Yox”.

İnternet gözləyən beş-on adamın içində köhnə tanışıma rast gəldim. Onu çaya dəvət etdim. İşıqlar yanınca söhbətləşib dərdləşmək üçün... Qəribədir, çayxanada işıq yanırdı. Səbəbini soruşanda bizə izah etdilər ki, şəhərin mərkəzindən keçən küçənin yalnız bir tərəfində işıq yanır və səhərdən sönməyib. Deməli həmin mərkəzi işlədən tükü qabarıq gənc bizi aldadaraq bir saata yaxın orada saxlayıb. Tez qalxmaq istədik. Çayxana sahibi təlaşımızı görüb iki-üç yerə zəng vurdu və sonda kimdənsə xahiş etdi ki, elektrik mühərrikini işə salıb interneti qoşsun. Və “hörmətli qonaqlara” bələdçilik eləmək üçün öz balaca oğlunu bizə qoşdu. Biz gələndə yolun bu biri üzündə də işıqlar yanmışdı. Siqaret çəkib söyüş söyə-söyə oyun oynayan gənclərə yalvarırdılar ki, bir anlıq fasilə versinlər, elektrik xəttini çöldə tırhatır işləyən mühərrikdən ayırıb elektrik xəttinə qoşsunlar. Bunun üçün də azı yarım saat gözləməli olduq. Çünki oyunların ən qızğın, söyüşlərin ən alovlu yeri idi.

Xülasə, iki saata yaxın vaxt itirəndən sonra klaviaturanın arxasında oturub dərindən bir “huh!” elədim. Əlimi düymələrin üstündə ərklə gəzdirdim. Ancaq kompüter açılanda nə qədər axtardımsa Word səhifə tapa bilmədim. Nəzarətçini köməyə çağırdım. Məlum oldu ki, bu kompüterlərin heç birində Word yoxdur. Ana səhifəyə yalnız oyunlar və “skayp” qoyulub. Rayon cavanlarının mütləq əksəriyyəti Moskvada yaşadığından “skayp”dan geniş istifadə olunurmuş. Məktəblilər isə internet mərkəzlərinə yalnız oyun oynamağa gəlirmişlər. Qalxıb bayaq bizi bir saat gözlədən mərkəzə yüyürdüm. Orda da Word yox idi. Nəzarətçidən soruşalı belə bir cavab verdi: “Əvvəllər var idi, adamlar gəlib ərizə yazdırdılar deyə qadağan elədilər.”

Cəld qalxıb başqa bir internet mərkəzinə getdim. Orda da eyni vəziyyət! Birdən ağlıma gəldi ki, Word-ü “skaçat” edim. Etdim. Sevincək səhifəyə girib ilk cümləni yazmaq istəyəndə kompüterdə Azərbaycan əlifbasının olmadığını gördüm. Rus əlifbası üçün isə lazımlı şriftlər yox idi.

Xülasə, saat 12-dək Ağcabədinin rayon mərkəzində 2-3 min işarəlik məqalə yazmağa bir kompüter tapa bilmədim.

Və beləliklə Axundov kitabxanasını yandırmağı bacarmadım.

Mərkəzlərin sonuncusunda isə məqalə yazıb saytlara göndərmək istəyimi nəzarətçiyə başa sala bilmədim. Deyəsən o mənə psixi xəstə kimi baxırdı... Ya da, bu yazı məsələsi ilə ona zərər vuracağımı düşünürdü.

# 3105 dəfə oxunub

Müəllifin son yazıları

# # #