“Güzəşt” sözünü rəngləyən sayt - “Qafqazinfo”dan REPORTAJ

“Güzəşt” sözünü rəngləyən sayt - “Qafqazinfo”dan <span style="color:red;">REPORTAJ
15 avqust 2015
# 07:30

Kulis Qafqazinfo.az-ın 5 yaşı münasibəti ilə saytın ofisindən hazırladığı reportajı təqdim edir.

Əvvəli

Əşşi aləmdi Elbrus Ərud...

Niyə özündən başlayıram?

Bir sayt, bir qəzet və bir jurnal ilk növbədə onun rəhbərinin simasıdır...

Aç oxu, nə təhər adam olduğunu öyrən, get işinin dalınca...

Həqiqətən aləmdi...

Bir dəfə qəfil dedim, Elbrus, yaxşı ki, qadın deyiləm, özüm ölüm, adamın üstünə elə gəlirsən ki, “yox” demək mümkün olmur. Yoxsa biabır olardım. Yazı yazdırmağına görə misal çəkirəm... Başqa cür başa düşməyin... Özündən deyən ən kaprizli yazarı da iki kəlməyə ram eləyər. Qonorar verməyə mərddi. Amma pul olmasa da yazdıracaq. Səsini qısıb sənə elə yanaşacaq ki, sanki Azərbaycanda bircə sirr var, onu da Elbrus bilir və bu an, bu dəqiqə o sirri səninlə bölüşəcək. Yəni, qos-qoca dünyada bu adamın yeganə simsarı, yeganə sirdaşısan!

Və təbii ki, Elbrusun fəndlərinin başında nikbinlik gəlir: “Hər şey yaxşı olacaq!” İsrar edə bilməzsən. Yoxsa dirəşəcək: “A kişi, görərsən! Superdi hər şey!” – dalınca milli ornametlər daşıyan doğma bir təbəssüm, iş tamamdır. Adi xəbəri də elə tonda çatdırar ki, deyərsən, Pentaqonun gələcək 5 ildəki planından danışır.

Bir şərt

- Abi bizə yaz. Qonorar da olacaq – elə bir havada deyir ki, elə bil, səninlə əsgər yoldaşı olub və əsgərlikdə heç nə yox eee... günlərlə çiyin-çiyinə pol yumusunuz! O qədər məsumca... Özümü əvvəl-əvvəl bir az həriflənmiş hesab etdiyim üçün cavabım acı olur:

- Bir şərtim var!

- Nə şərt? – təəccüblənib ora-bura baxır.

- De görüm niyə bu qədər xoşbəxtsən? Əgər ilin-günün bu vaxtı belə xoşbəxt və nikbin olmağının sirrini mənə açsan, söz verirəm, qonorarsız yazacam “Qafqaz”a...

- Ağıl azlığındandı, abi, fikir vermə...

Əlim üzümdə qalır. Hardan ağlına gəldi bu cavab? Axmaq sual verdiyimi elə incə eyhamla yedizdirir ki, mənə günahımı bircə yolla yuya bilərəm: “Qafqazinfo”ya yazmaqla...

Qəbrinin üstündə çıxış edər

Hapla-gapla adamı nəinki “Qafqazinfo” eee... bütün Azərbaycanla razı salmaqda üstünə yoxdur: “Vəziyyət qəlizdi. Nəzərə alın. Çətindi. Cavan ölkəyik!” – özü də inanar. Bu mənada Rəşad Məcid yanında yalandı. Təzə təcrübədi bu. Qətlində əli olsun, gəlib qəbrinin üstündə elə danışar ki, qalxıb əllərini sıxarsan...

“Görürsən də saytı! Necədi, mən ölüm?” – uğurlarının təsdiqini dost dilindən eşitmək istər. Bir bildiyini bir də bilib tam əmin olmaq üçün. Uğur tərifə hamilədir. Olanı deməlisən ən azı. Çünki buna layiqdir adam. Mən onu tanıyandan saytdan özgə ciddi dərdini görməmişəm. Ağzını onnan açıb, gözünü onnan yumub. Deyəndə ki, dədəm ölsə, əvvəl-əvvəl xəbərini yazıb qoyar, sonra haya qaçaram, məmnuniyyətlə inanmışam. Çünki belə olduğuna əminəm. Eşitməmisiz, bir dəfə Montindəki ofisdə saytın redaktoru Elnur Məmmədli qaçır otağına ki, bəy, “525-ci qəzet”in binası zirzəmidən od tutub yanır, indi gördüm, tez zəng eləyək, yanğınsöndürən çağırsınlar. Elbrus həyəcanlanır. Amma baxın nəyə: “Xəbəri tez yaz qoy, saytda özləri görəcəklər!”

Görəcəklər!

Mən də inanıram.

İman yeri

Uzun müddət “Qafqazinfo”da köşə yazmışam. Bu yazıların birində şeytan Elbrus Əruda salam göndərirdi. Yayımlamağı bir yana, zəng edib təriflədi də!

Maraqlı yazı üçün özünü güdaza verər...

“Nizami” metrosu yaxınlığındakı balaca redaksiyasından tutmuş, indiki geniş, modern ofisinə qədər “Qafqazinfo”nun dalınca şəhəri beş dolanmışam.

Budur, yenə gedirəm.

Amma bu dəfə 5 yaşını təbrik eləməyə...

5 yaş sayt üçün az deyil. Bu 5 ildə Elbrus Ərud (oxu: “Qafqazinfo.az”) haqqında müxtəlif fikirlər formalaşıb. Azərbaycan ola, uğur qazanmış adam ola! Bir atalar sözünü yadınıza salsanız hər şey aydındır: qaçan at tozanaq qoparar. Elbrus da tozanaq qaldırıb. Özü də lap zırıltı tozanaq. Ondan küsən, inciyən, onu sevən, ona nifrət edən çoxlu adam görmüşəm. Amma bu adamların heç biri Elbrusun qabiliyyətini, əzmkarlığını, fədakarlığını dana bilməyib.

Müsavat.com-un qudası...

“Qafqazinfo”nun ofisində çox olsam da, işçilərlə elə yaxından tanış deyiləm. Amma, yəqin ki, onlar məni tanıyırlar. Ona görə ərklə açıram qapılarını. Saytın “yiyələri” burda yoxdur. Baş redaktor Elnur Məmmədliylə xanımı, saytın reklam və pul-para müdiri Nigar Məmmədlini deyirəm. Məzuniyyətdədirlər. Allah bilir Havay adalarına gediblər. Nə isə, xoş istirahətlər.

Redaktorlardan Günel Əbilovayla Səidə İsmayıl burdadı. Səidə xanım “Qafqazinfo” yaranan gündən işləyir. Gənc veteran demək olar. Günel xanımı da həmişə burda görmüşəm. Xanımların içində bircə onunla şəxsi tanışlığım var. Odur ki, salamlaşanda həmişəki kimi biləndər-biləndər gülür.

- Günel xanım, düzünü de, Elbrusun qapısı həmişə belə taybatay açıq olur, yoxsa qonaq gələndə özünü göstərir?

Gülür:

- Əsas qapı deyil, abi, qapının arxasında oturan adamdı...

Razılaşmayasan, neyləyəsən...

Səidə xanım sakitdir, heç nə danışmır. Ancaq elə də sakit adama oxşamır. Hər halda 5 il Elbrusla baş eləmək asan məsələ deyil. Adamdan hünər istər.

Zəhmətkeşlər

Bu da gözəlim proletariat. “Qafqazinfo”nun müxbirləri. Geniş və müasir dizaynlı otaqda ən çox xoşuma gələn odur ki, baş direktorun yazı yazdığı kompüter də məhz bu otaqdadır. Elbrus Ərud müxbirlikdən başlayıb axı və indi də yazanda öz keçmiş həmkarlarının arasında oturması içimdə dərin bir rəğbət hissi doğurur. Otaqda hamı gəncdir. Yazılarının iki-üç dəfə geri qaytarılan vədəsidir. Amma deyəsən, sayt təcrübəsində geri qaytarmaq söhbəti yoxdur. Həm də bu uşaqların gözündən cin tökülür. Ovaxtkı sadəlövh müxbirlərdən deyillər.

Tanış olaq. Soldan birinci: Elsevər Məmmədov. İdman müxbiridir. “Real-Madrid” azarkeşidir. Azərbaycan klublarına gələndə tərəddüdü var: “Hansı yaxşı oynasa!” Türkiyədə bu sözə görə adamı bıçaqlayarlar: “Milli takımmıdır lan? Klubünü seçeceksin!”

“O səs Türkiyə”nin münsifləri kimi kresloda arxaya fırlanıb bizə tərəf xosun-xosun gülən eynəkli qız mənə tanış gəlir. Bütün gözəl qızlar adama tanış gəlir də, amma day bu qədər yox. Adını deyəndə yadıma düşür: Günel Hacı. Kulisdə yazılarını vermişəm bir neçə dəfə. Maraqlı gənc imza kimi yadımda qalıb. BDU-nu bu il bitirib və burdanca işə başlayıb. Təzə işçidir deyə məzuniyyət-filan yoxdur. Amma, deyəsən, heç istəmir də.

- Qonorar-zad babatdı? – soruşuram.

- Yaxşıdı.

- Kəsib-eləmir ki, arada?

Gülüşürlər.

Elbrus bəy hardansa təngnəfəs özünü yetirir:

- Sən niyə elə düşünürsən? Bizdən üç-dörd il qonorar alıbsan, nə vaxt kəsmişəm?

- Biz dostuq. Biz başqa, cavanlar başqa – inad eləsəm də, Elbrus haqlıdır. Verdiyi pul da çox bərəkətli olub. Ən kritik anlarda zəng edib: “Gəl qonorarını al!” Mənim də cavabım özünü yubatmayıb: “Ver, Günelə, adam göndərəcəm indi.” Xasiyyətini bilirəm. Bir yerdə duran deyil. Ola bilər ki, pulun Elbrusun cibində, onu şəhərdə bir ay hərləyib tuta bilməyəsən. Amma çox vaxt özü tapıb qonorarımı verib. Dəfələrlə məclislərdə, toylarda, çayxanalarda, küçədə ayaqüstü kiməsə yanaşıb qonorar verdiyini görmüşəm. Məmnunluqla cibinə basdığı pulun üstündən əlini iki-üç dəfə ehmalca vuracaq. Xeyir-dua verirmiş kimi... Bəlkə elə buna görə həmişə bərəkətli olur onun verdikləri.

Bu da Murad. Kriminaldan yazır

- Mövzun bol olar? Gündə bıçaqlaşmadı... – sataşıram.

- Bərəkət... – işçiləri də özü kimidi.

Otaqda başqa gözəl bir xanım da əyləşib. Susaraq baxır. Arada gülüşənlərə qoşulur. Elbrus Ərud tanış edir bizi: Könül İbrahimova. Şou-biznesdən, mədəniyyətdən yazır... yaxınlarda “Müsavata” vermişik. Nişanlısı orda işləyir”.

Özü də deyirlər, düşməndirlər, rəqibdirlər. Bunlar qız alıb-qız verirmişlər, xəbərimiz yoxmuş...

Qudaymışlar...

Baş direktorun qısa təəssüratı

- Çətinlikləri unutmuşam artıq. Çətinliklərdən danışılacaq mərhələ arxada qalıb. İnamım güclü olub həmişə. İnanmasam mövcud olmazdım. Bizi yaşadan inamdır. Azərbaycanın ictimai-siyasi fikrində, sözündə “Qafqazinfo” var. Buna nail olduq! Ona görə təkcə bizə yox, hamıya belə şirindi ki, biz Qafqazinfonu heç kimsiz, özbaşımıza yaratmışıq. Dişimizlə-dırnağımızla ortalığa gəlib, özümüzü yaşatmışıq. Bu mübarizə bu gün də davam edir.

Özümü saxlaya bilmirəm. Deyirəm fürsətkən dananın quyruğu qopan yerə gələk, sonrasına Allah kərimdi:

- Məsələn, bilirsən ki, doğru budur, amma doğrunu yox, yalanı verməyə məcbur olursan... Bu necə hissdir sənin üçün?

- Dünyada yüz faiz ədalətli, obyektiv media qurumu yoxdu. Ən azı ona sevinirik ki, gün-axşamacan vicdansızlıqla məşğul deyilik. Qürurumuz utancımızdan daha çoxdur.

Divar yazıları

Elbrus Ərud hər əsəbiləşəndə divar yazıları yazır. Divara yox, divardan asdığı yekə vərəqlərə... Özü də çəhrayı rəngli qələmlərlə.

Oxuyuruq.

“Dostlar yaranmağa başlayanda jurnalistikadan getmək lazımdı.”

Sual verirəm:

- Çoxdumu dostlarınız?

- Var. Amma çalışıram işimizə mane olmasınlar...

“Azərbaycan jurnalistini böyüməyə qoymayan həm də ailə üzvləridir”

.

Eynən Azərbaycan yazıçısı kimi...

“İşini dəyişmək istəyən müxbir, qoşulub qaçmaq istəyən qız kimidi, gərək vaxtında verəsən gedə!”

- Babat qayınatasan?

- Bizdən gedən az olub. Gedəndə də özüm yola salmışam.

“Jurnalistika heyrətlə başlayıb, güzəştlə bitir”.

Güzəşt sözünü yaşılla rəngləyib.

- Pozubsan bu sözü?

- Naabarot. Rəngləmişəm.

- Bu sözdən dolanışıq yağır haaa, öz aramızdı...

- Həəə (gülür ləzzətlə).

“Jurnalistikada nüfuz domino daşlarından qurulan ev kimidi. Hər an uçub gedə bilər”.

Elədir.

“Jurnalist heç kimdən küsə bilməz”

İzahat verir:

- Deyirsən, get filankəsdən müsahibə al, deyir, onu dindirmirəm. Bax bu məqamda jurnalistika bitir.

“Oxucu balıq kimidi...”

İzahat verir: Sürüşür, ürkür... Daima ona nəsə atmalısan. Atmasan, əlindən gedəcək.

“Rəqibə qalib gəlməyin bir dənə yolu var: ona istinad etməyi bacarmaq lazımdır”

İzahat:

- Bizdə hər jurnalistin öz adı yazılmış iş çaşkası var, bu sözləri ora da həkk elətdirmişik. Ciddi sözdür...

Daha bir nüans

Elbrus Əruddur yenə:

- Uğurlar həm də itirmək qorxusuyla bağlıdır: “Görəsən bu ayı da başa vura biləcəm? Görəsən işçilərin maaşını, müəlliflərin qonorarını verə biləcəm?” Beş ildi redaktoram, hələ də qonorar siyahısına plyus qoyuram. Filankəs - plyus, verdim qonorarını... Bəhmənkəs minus, hələ gəlib çıxmayıb...

Köməkçi qapını döyür:

- Müəllim, dünənki yaşlı müəllifdir, qonorar üçün gəlib...

- Denən gəlsin...

Sonluq

Təbrik edirəm!

Arzum budur, 50 yaşınızı qeyd eləyək!

Söz verirəm həmin gün başım əldə olsa yenə sizə reportaja gələcəm.

Yazının əvvəlində yox, məhz bu məqamında Elbrus Əruda, yəni “Qafqazinfo.az”a inanıram: “Hər şey yaxşı olacaq!”

# 3019 dəfə oxunub

Müəllifin son yazıları

# # #