Tale kitabımızın dili

Tale kitabımızın dili
29 yanvar 2013
# 12:44

Xalqın yazıçısı və millətin vəkili Aqil Abbas televiziya çəkilişlərinin birində mədəniyyətin cəmiyyətdəki əvəzsiz rolunu anladan maraqlı bir misal çəkdi: avropalılar etiraf ediblər ki, əgər hind musiqisi olmasaydı Hindistanı haradasa bir yüz il də müstəmləkə kimi saxlaya bilərdik... İnsanlar hamının qəlbinə yol tapan bu həzin musiqi, bu sehrli rəqslərlə dərdlərini biri-birinə anladır, quşlar və böcəklər kimi heç kimin anlamadığı dildə cükküldəşirdilər. Beləliklə öz kimliklərini, dərdlərini unudulmağa qoymurdular.

Aqil müəllimin bu maraqlı söhbəti çoxdan baxdığım üçün adını unutduğum bir hind filmini yadımda saldı. Filmdə Lala adlı bir kənd ağası və ağanın qəribə bir kitabı var. Kitabda kəndin torpaqlarını və əhalisini idarə etmək üçün ən ilginc sənədlər toplanıb. Lala burada, demək olar ki, hamı ilə müqavilə bağlayaraq kənd əhlinə təhkimli vəziyyətə salıb. Heç kimin yazıb-oxuya bilmədiyi bu məmləkətdə Lalanın kitabı lövhi-məhfuz kimi bir şeydi. Kitab əkin yerlərində on illərlə qan-tər tökən bütün zəhmətkeşləri Lalaya borclu çıxardır. Öküzlərə qoşulub yer şumlasalar belə bu borcları tamamilə ödəyib qurtara bilmirlər.

Hindistan ola... Filmin bu yerində qoçaq bir oğlan peyda olur. Vaxtı ilə Lalanın zülmündən qollarını itirib öz doğma ailəsini tərk edən atasının imzaladığı müqaviləyə görə nə az, nə çox düz 20 ildir ki, onun ailəsi arvadlı-uşaqlı-qocalı durmadan işləyir, qazancın dörddə üçü Lalaya gedir. Lakin yenə də borcludurlar.

Oğlan tərslik edir, Laladan həmin sehrli kitabı istəyir. Lala da adamlarına əmr edir ki, kitabı gətirin, bizim qanundan gizli heç bir işimiz yoxdur. Kitab gəlir, fəqət kənd camaatının içində onu oxuyan bir nəfər də tapılmır. Artıq sehrli hind musiqiləri də kömək etmir insanlara. Oğlan qərara gəlir ki, kitabda yazılan o qəribə hərfləri öyrənsin, sonra cümlələrin hansı dildə yazıldığını müəyyən etsin. Əgər dili də öyrənmiş olsa, ən azı bu iyirmi ilin sirrini aça biləcək. Axı burda hökmən bir ədalətsizlik olmalı?! Necə ola bilər ki, 20 il tər tökəsən, qazancın dörddə üçünü ödəyəsən, amma yenə borclu qalasan.

Xülasə... Filmin sonuna yaxın lala öldürülür, həmin sehirli kitab yandırılır, həmin mübariz oğlan da bu mücadilənin qurbanı olur. Rejissor vəziyyətin düzəlib-düzəlmədiyi barədə adi bir işarə belə ötürmür. Məlum olur ki, söhbət lalaların yaşayıb yaşamamasından yox, həmin tale kitablarının insanlar tərəfindən oxuna bilməməsindən gedir.

Yazar dili yüyrək olar... Aqil müəllimin söhbəti və elə həmin hind xalqının çəkdiyi bu qəribə film başqa bir hərəkəti yadıma saldı. Hətta deyərdim daha vacib bir hərəkəti. Bu da bizim öz tale kitabımızdır ki, yazılıb.

Hansı hərflərlə yazıblar bu kitabı?

Hansı dildədir?

Orada nə yazılıb?

Hansı hərflərlə, hansı dildə və nə məzmunda yazılıb ki, ömrümüzün dörddə üçü Lalaya gedən qazanc kimi göyə sovrulub. Əlimizdə, ovcumuzda bir şey qalmayıb.

İllərlə kiminsə əlinə baxırıq.

Əcəba, biz bu tale kitabımızı necə oxuya bilərik?!

# 2417 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #