İblis üçün dua

İblis üçün dua
21 iyun 2019
# 10:15

Sosial şəbəkələr deyib də keçməyin. Bəzən elə ağıllı mühakimələr, ciddi atmacalar görürsən ki, sovet şairləri kimi əlin çənəndə qalır.

Misal üçün, bu yaxınlarda Facebookda “Tanrıya məktub” yazmışdılar. Orijinalı türkcə olan bu məktubun bir neçə punktu bizim dildə də yayımlandı. Məktubun məzmunu təxminən beləydi:

Ey uca tanrı! Şeytanı təqaüdə çıxart, dünyada ədaləti bərqərar elə, hər şey öz yerinə alsın. Məsələ bu qədər bəsit ikən, 124 min peyğəmbərə, dinlərə, təriqətlərə, cənnətə, cəhənnəmə - bir sözlə nəhəng bir sistemə nə ehtiyac var?

Məktub ilk baxışdan primitiv görünsə də bir çox incə məqamları ehtiva etməkdədir. Çünki doğrudan da belə düşünən insanlar var. Hətta tanınmış şair-yazıçıların əsərlərində də zarafata oxşayan bu ciddi nüansa rast gəlirik.

Seyid Əzim Şirvani yazır:

Sənsiz ey arami-can yoxdur həyatdan bir əsər

Feil özün, fail özün biz nə günahkar olmuşuq?!

Bu məşhur beyt yuxarıda qeyd olunan məktubla təxminən eyni məzmunludur. Sadəcə onun sənətə, ədəbiyyata çevrilmiş, bədii həllini tapmış variantıdır. Şair deyir ki, hər şey sənin əlində ikən savab-günah oyunuyla bizdən günahkar düzəltməyinə nə hacət var?

Məşhur yazıçılarımızdan biri isə islam peyğəmbərinə həsr etdiyi hekayəsində sünnət barədə mülahizələrini bölüşərək qeyd edir ki, əgər tanrı məsləhət bilsəydi, insanı elə o cür yaradardı.

Səmavi kitablar sadəcə mətndir və onları dərslik kimi oxumaq, orada dünyəvi elm axtarmaq düzgün deyil.

Lakin ən fantastik və mistik mətnin də rahatlıqla qavranılan məntiqi olmalıdır. Yoxsa əllamədən seçilməz və “özündəşey” kimi qalar.

Səmavi kitablardakı Tanrı-İblis-İnsan-Axirət dördbucağı yüksək istedad və mükəmməl məntiqlə yaradılıb. Biz bu mətnlərdə yanlış bir nüans, hər hansı boşluq tapa bilmərik. Yuxarıdakı məktub da, tanınmış yazıçının irəli sürdüyü mühakimə də məsələnin mahiyyətinə dərindən bələd olmamağın nəticəsidir. Yalnız Seyid Əzim Şirvani “fail” sözünü işlətməklə mətləbdən hali olduğunu, sadəcə incə istehza qarışmış bir şair nadincliyi etdiyini inanılmaz talantla diqqətə çatdırır və yazımızda istisna hal kimi dəyər qazanır.

Seyid Əzim Şirvaninin sualı cavab üçün nəzərdə tutulmayıb. Çünki cavabı özü çox gözəl bilir.

Mətn dünyanın metaforası olaraq dramaturgiya üzərində qurulur. Ziddiyyət yoxdursa, inkişaf da yoxdur. Səmavi kitablardakı axirət əhvalatı insanın Tanrı uğrunda öz nəfsi ilə, yəni İblislə mübarizəsi üzərində qurulub. Tanrı insana ondan asılı olan və olmayan bacarıqlar verib. Biz boyumuzu uzada, yaxud qısalda bilmərik. Amma istədiyimizi yeyib-içə, istədiyimizi danışırıq. İnsan böyük mənada planetin bir zərrəsi olaraq Tanrı iradəsindədir, lakin o, həm də yeganə canlıdır ki, Tanrı ona faili-muxtarlıq verib və həmin çevrədə azad buraxıb.

Səmavi mətnlərdə Tanrı insanı yaratmağın səbəbini belə izah edir: “Gizli xəzinə idim, bilinmək istədim.”

Tanrı onu bilməyə, öyrənməyə çalışan, onu sevən, ona can atana insan yaratdı və bu dünyada insanın Tanrını (oxu: gözəlliyi, həqiqəti) bilməyə, öyrənməyə çalışmaqdan, onu sevməkdən və ona can atmaqdan daha ali bir missiyası yoxdur.

Bəs biz tanrını daha çox bilən, onu daha çox sevən və ona daha çox can atan insanı başqalarından necə fərqləndirə bilərik? Əlbəttə, İblis vasitəsi ilə. İblis faili-muxtar çevrədə insanın qarşısına çıxır, onu Tanrı yolundan sapdırmağa çalışır. İnsan məhz Tanrının deyil öz iradəsi ilə İblisdən üz çevirib haqqın yanında dayanırsa, demək, seçilmişlərdəndir.

Tanrı-İblis-İnsan-Axirət əhvalatları mükəmməl bədii məntiq üzərində qurulmasaydı, dünyanın yüzlərlə şedevr əsəri (nəsr, şeir, rəsm, kino, teatr vs.) bu motivlərdən yarana bilməzdi.

Mən Tanrıya məktub yazsam, deyərəm, Siz mükəmməl bir mətnin baş qəhrəmanısınız, lütfən öz obrazınızdan əskilməyin. İblisi də həmişə var edin ki, yaxşını yamandan ayırmaqda bizə yardımçı olsun.

İblis olmasa nədən üz çevirərdik?

Bəli, insanın insan kimi yetişməsi üçün onun imtina etməyə də bir ünvanı olmalıdır.

aznews.az. 08.01.2019

# 2062 dəfə oxunub

Müəllifin son yazıları

# # #