Adamları necə tanımalı

Adamları necə tanımalı
22 iyul 2016
# 11:22

Bizim cəmiyyət adamları yaxşı tanımır. Bu konuda məhz çörəyi qulağına yeyir.

Sovet vaxtı məşhur bir lətifə vardı. Kəndə katib (indiki başçı) gəlir, yanında da onu müşayiət edən sahə müvəkkili. Ağsaqqallardan biri qaçıb polisin altında stul qoyur ki, kişi ayaq üstdə qaldı. Katib adi paltardadır deyə, onu sayan yoxdur.

Bəli, Quran haqlıdır: bilənlə bilməyən eyni ola bilməz.

Amma bilik həqiqətin əleyhinə sərf olunursa, yalnız ziyan gətirə bilər.

İnsan həqiqəti bilmək üçün oxuyur. Həqiqəti isə ona görə bilmək istəyir ki, yanında olsun, tərəfini saxlasın, həyata tətbiqinə kömək edib cəmiyyətə fayda versin.

Bilməyən adam həqiqəti görmədiyi üçün qorxuludur. Cahilliyindən aldanır, kiminsə əlində asanlıqla alətə çevrilir. Ancaq ondan daha qorxulusu həqiqəti bilib, ona arxa çevirməklə nələrsə qazanmağa çalışanlardır. Çünki bineyi-qədimdən həqiqət öz danılması ilə maddi rifahlar verir, təsdiq olunması ilə zülm-zillət gətirir.

Bəs niyə belədir?

Dinin cavabı çox məntiqlidir.

İnsan bu dünyaya təcrübə üçün gəlir və həqiqəti müdafiə eləmək ona görə çətindir ki, insan faili-muxtarlıq çərçivəsində öz iradəsini və haqqa sədaqətini sınaqdan keçirə bilsin.

Kim bu sınaqdan necə keçir, onun öz işidir. İnkir-minkir deyilik ki, sorğu-sual aparaq. Bizi narahat edən, cahilliyindən sahə müvəkkilinin altına stul qoyan insanlardır.

Adamları tanımaq lazımdır. Bunun üçün istənilən adamın həqiqətə münasibətini müşahidə etmək kifayətdir.

İnsan şəxsi maraqları naminə həqiqətə nə qədər arxa çevirirsə o qədər cılız, bütün əzab-əziyyətə rəğmən ona nə qədər sadiq qalırsa o qədər böyük adamdır. Başqa ölçü yoxdur. Yoxsa, misal üçün, Makedoniyalı İskəndər və Bilqeyts İsa Məsihdən, Firon Musadan, Klavdi Hamletdən daha böyük adam olardı.

Həqiqətin yanında deyilsənsə, nə intellekt, nə var dövlət, nə vəzifə səni xilas eləmir.

İnsanın bütün bilik və bacarıqları həqiqətin yanında olanda dəyərlidir. Əks halda ver qatığa, sürt başına.

Nizami Gəncəvinin AĞILLI hesab etdiyi şəxslər elm və dünyagörüşünün hesabına həqiqəti BİLƏN, mənəvi təmizliyinin hesabına həqiqətin YANINDA OLANlardır. Əlindəki imkanlardan istifadə edib ədalətsizlik edən, kiminsə haqqına girən, bu yolla varlanan, güclənən insan heç vaxt ağıllı, müdrik sayıla bilməz. Belə adamlar üçün başqa təşbehlər var.

Doğruların yanında olmayan, intellektini və savadını var-dövlət, şan-şöhrət üçün özündən güclülərə quyruq bulamağa həsr edənlərdən uzaq durmaq lazımdır. Çünki onlar aldatmağı bacardığı adamlara həmişə avam kimi baxırlar.

Sosial vəziyyətindən asılı olmayaraq insanlar iki yerə ayrılır:

- həqiqətdən qorxan miskinlər

- həqiqəti sevən və onun yanında olan güclülər

Həqiqət zamana uduzmayan yeganə yaradılışdır. Hamının əbədi hesab etdiyi SÖZ belə doğruları ifadə etmirsə, unudulur və ölür. Sözü əbədi edən onun söz olması deyil, həqiqəti ifadə etməsidir.

Güclülərdən olaq...

# 2009 dəfə oxunub

Müəllifin son yazıları

# # #