Facebookda maraqlı bir müzakirəyə rast gəldim. Qadınlı-kişili bir qrup şəxs “ər” və “arvad” kəlmələri haqda fikir yürüdürdülər. Kimi deyirdi, bunlar zamanını keçirmiş sözlərdir, kimi də deyirdi, xeyir, artıq ailə məcəlləsinə də salınmış və hər kəs tərəfindən qəbul edilmiş ifadələrdir.
Gəlin, mübahisə etmədən bizdən əvvəlki təcrübələrə baxaq. Eyni ifadə vaxtıyla Türkiyədə də yayğın olub. Zamanla istifadədən qalxıb. İndi yalnız əyalətdə yaşayan yaşlı adamlar bu sözdən istifadə edirlər. Ya da kino və seriallarda, hekayə və romanlarda istehzayla işlədilir.
Türklər gözəl bir “eş” sözü var ki, “ər” və “arvad” sözlərini rahat şəkildə əvəz edir.
Mənə görə, modern insan “arvad” sözündən istifadə etməməlidir. Çünki “arvad” sözü “qadın” sözünün sinonimi deyil. “Arvad almaq” ifadəsi var, “Qadın almaq” ifadəsi yoxdur. Qadın arvaddan fərqli olaraq kişinin mülkiyyəti hesab olunmayıb. Baxın, Nazim Hikmət kimi ciddi söz adamları öz həyat yoldaşına “Qadınım” deyə müraciət edir:
Xoş gəldin, qadınım mənim, xoş gəldim
Nə gül suyum, nə gümüş ləyənim var
Yuyam ayaqlarını...
Burdakı “qadın” ifadəsinin yerinə “arvad” yazsaq, şeir bütün estetik mahiyyətini itirəcəkdir.
Zira arvadın ayaqlarını yumazlar!
Əksinə, arvad özü əlində ləyən yerə çömbəlib ərinin ayaqlarını yuyar.
Ağlım kəsəndən, hələ bu sözlərin dərin mənalarını öyrənməmiş “ərim” və “arvadım” ifadələrindən qıcıqlanmışam. Bunu müasir düşüncəli, təhsilli insanlar deyəndə isə lap məyus olmuşam.
“Arvad” sözünün etimologiyasına varsaq, dediklərimi asanlıqla razılaşmaq olar. “Arvad” təxminən 1500 yaşı olan “Avrat”, “Övrət” sözündən yaranıb. İlkin mənası “örtülməsi məsləhət bilinən ədəb yerləri” deməkdir. Səhih olub-olmadığını dəqiq bilmədiyim belə bir hədis oxumuşam: “Qadın uzun danışıqdan və övrətdən ibarətdir. Onun uzun danışığını sükutla, övrətini evlə örtün.” Bu nə deməkdir? Bu o deməkdir ki, arvad evdən çıxa bilməz, işləyə bilməz və s.
Lakin böyük Nizami məsələyə tamam başqa cür yanaşırdı. “İsgəndərnamə” əsərində İsgəndər o dövr üçün açıq-saçıq hesab olunan paltarlarda at minən qıpçaq qadınlarına baxıb onların ağsaqqallarına deyir ki, əsgərlərim uzun müddət yol gəliblər, qadınsız qalıblar, nəsə arzuolunmaz bir hadisənin baş verəcəyindən çəkinirəm, mümkünsə qadınlarınıza deyin, örtünsünlər. Qıpçaq ağsaqqalı cavab verir: “Biz qadınlarımızı örtməyə yox, nəfsimizə hakim olmağa öyrəşmişik!”
Qadın örtüləndə, evə həbs ediləndə, bütün haqq və hüquqları əlindən alınanda arvada çevrilir. Ər isə onun sahibi, yiyəsi olur. İstəsə döyür, istəsə söyür, istəsə başını qırxıb videoya çəkir.
Fikir verin, dilimizdə “arvad haqları” anlayışı da yoxdur.
Əslində dil çox həqiqətləri öz bətnində gizləyir. Sözlərin işləmə imkanlarına baxanda bunu çox asanlıqla görmək olur.