Yaxın dostumun övladı ağır beyin əməliyyatı keçirirdi. Əməliyyat vaxtı mən də orda idim və dostumun özündən xeyli varlı olan qardaşı ilə söhbətləşirdik. Mən aramızdakı münasibətin səmimiliyindən istifadə edib, dostumu öz qardaşına tapşırdım. Dedim, sənin imkanın yaxşıdır, qardaşını bu ağır gündə maddi sıxıntıda qoyma. Qardaşı qaşlarını qaldırıb dərindən bir ah çəkdi və dedi: “Bunu onsuz da edəcəm, amma sənə bir söz də demək istəyirəm”.
Təbii ki, buyur dedim.
Adam gənclik illərindən üzübəri yaşadıqlarını mənə qısaca danışdı. Atalarını tez itiriblər. Aralarında iki yaş fərq olan yeniyetmə qardaşlar icarəyə torpaq götürüb işləyiblər. Mənim dostum tənbəl olub, özünü işə verməyib, qardaşı günün altında əkin suvaranda, yonca biçəndə, ot toplayanda dostum kəndin pivəxanalarında domino vura-vura gün keçirib. Qardaşı deyir, bəzən xahiş edirdim, gəlib mənə bir saatlıq kömək də eləmirdi, zor-bəla gələndə isə on-on beş dəqiqə hərlənib aradan çıxırdı.
Evlənənəcən belə keçiniblər, evlənəndən sonra hərə özü üçün işləyib. Təbii ki, zəhmət qardaşına var-dövlət qazandırıb, tənbəllik dostuma kasıblıq.
Həmsöhbətim deyirdi:
“Səhərlər həyat yoldaşım, uşaqlarım mal-heyvan otaranda, sahədə işləyəndə bunlar ailəlikcə yatırlar, indi çətin vəziyyətə düşüblər və mən ailəmin min-bir əziyyətlə qazandığı bu puldan onlara verməliyəm, çünki qardaşam. Verməsəm, məni qınayacaqlar, söyəcəklər, nankorluqda günahlandıracaqlar. Heç kim deməyəcək ki, axı mən ömrüm boyu qardaşımın zəhmətini çəkməli deyiləm! Əvvəl tək idi, indi ailəsinin də qarğaşası var. Məndən daha sağlam, məndən daha güclü, məndən daha cavandır. O da işləsin, qazansın də!”
Sözünü bitirib qəribə şəkildə gülümsədi: “Şair, burda bir haqsızlıq görmürsən?”
Mən o zaman təəssübkeşliyimə salıb dostumun qardaşına cavab vermədim. Amma indi, əlimi ürəyimin üstünə qoyub deyirəm: “Görürəm!”
Bilmirəm, siz də hiss etmişiniz, yoxsa-yox, varlı adamlar bəzən cəmiyyətdə, qohum-əqrəba arasında sıxılırlar. Sanki günah iş görüblər. Hamı onlardan küsməyə, inciməyə bəhanə axtarır. Əlbəttə, söhbət zəhməti hesabına varlanan insanlardan gedir. Əslində, qısa desək, haram yolla varlanan adamlar heç sıxılmırlar da! Sıxılası adam pul-para üçün oğurluğa, əyriliyə, əclaflığa yuvarlanmaz.
Mən özüm şəxsən kənddə atamın imkanlı olduğuna görə dəfələrlə tay-tuşlarımın diskriminasiyasına məruz qalmışam, utanmışam, sıxılmışam.
Bu, bir sovet davranışı idi. Əsl bolşevizm! Elə bolşevizmə məxsus istilahlarla da danışırdılar. Uşaq idim, bir dəfə kolxozun briqadiri mənə dedi ki, atana denən, ot yığımına çıxsın, hamı sahədədir, bir ondan başqa. Mən təbii ki, bunu atama dedim. O da izah etdi ki, işimlə əlaqədar (ərzaq mağazasında işləyirdi) kənddə olmalıyam, adamlar gündəlik tələbatlarını mağazadan alırlar.
İkinci dəfə rastlaşanda briqadir eyni sözləri yenə dedi. Mən atamın arqumentini söylədim. Briqadirin səsi hələ də qulaqlarımdadır: “Sənin atan qolçomaqdır!”
Qolçomaq sözünü ilk dəfə onda eşitdim.
Bu söz o zamanlar söyüşdən pis səslənirdi.
Məktəbdə mənə “Şaqalad” (“Şokolat” sözünün ləhcədə tələffüzü) deyirdilər. Sözün mənası bu idi ki, varlısınız və gündə şokolad yeyirsiniz, ona görə qudurmusunuz. Halbuki qudurub eləməmişdik. Mənim də hamı kimi bir sumkam, kitab dəftərim və nimdaş əynim-başım vardı. Atası xəstəxana anbarında işləyən başqa bir sinif yoldaşıma “Buxanka” deyirdilər. Bu, əsl “boulling” idi. Şokolad sözünə, hətta şokoladın özünə qarşı travma məndə indi də qalmaqdadır.
Təbii, sonralar anladım ki, bu uşaqların deyil, sistemin günahıdır. Yadımdadır, qonşumuz evinin ikinci mərtəbəsini tikəndə qohum-əqrəbanın yanında saxladığı mal-davarın hesabatını verirdi. Bu, “ucqar bir kənddə ikimərtəbəli evi necə tikmisən?” sualını verən sosialist dövlətinə vətəndaşın cavab idi.
Sovet vaxtı bu işlə məşğul olan xüsusi qurum da vardı: Sosializm Əmlakının Dağıdılmasına Qarşı Mübarizə İdarəsi. Xalq arasında qısaca “oboxeyis” deyirdilər. Yeri gəlmişkən, “Bəxt üzüyü” filmində mərhum Rafael Dadaşovun oynadığı obraz bu sözü öz kontekstində çox dəqiq işlədib.
Bütün bunları niyə xatırladım...
Karantin günlərində sosial şəbəkələrdə aztəminatlı ailələrə yardım kampaniyasına start veriləndə varlı adamlara qarşı xüsusi bir hərəkat başladı.
Sovetdənqalma varlıları xor görmə kompleksi hamımızın, o cümlədən mənim də içimdə var, karantində daha da qabarıq göründü. Təbii ki, hədəfə alınan öz zəhməti ilə pul-para qazananlar oldu. Zira haranısa çapıb-talayıb varlananlar bizimlə heç mühatab da olmurlar. Biz istəsək də onları tapıb sözümüzü deyə bilmirik. Ortada kim qalır? Yazıq müğənnilər, kiçik biznesmenlər, iş adamları, fermerlər və s. O adamlar ki, bizim içimizdən çıxıblar və bizim bacarmadığımızı bacarıblar.
“Borcundur!”
“Varlısan!”
“Bizim hesabımıza varlanmısan!”
Dəfələrlə şahidi olmuşam, bu tonda danışmaq varlı insanlarda bir xof yaradır. Onlar birdən-birdə bizim onları ya qorxaq, ya da axmaq zənn etdiyimizi düşünürlər. Nə qədər yaxın münasibətdə olsalar da varlı ilə kasıbın dialoqu axıracan alınmır. Azercellə Bakcell kimi fərqli şəbəkələrdədirlər və dialoqun baş tutması üçün mütləq əvvələ nəsə kod yığmaq lazım gəlir. Bu məqamda empati hissi çox vacibdir. Yəni, özünü qarşı tərəfin yerinə qoyma...
Sən bütün günü işləyirsən, qardaşınsa yatır və bir gün çətin zaman gələndə, məşhur təmsildə qeyd edilən kimi, qapından cırcırama səsi eşidirsən. Qarışqa haqsızdırmı? Deyil. Ədalətsiz ola bilər. Çünki ədalətli olsa, dostumun qardaşı kimi hər şeyi unudub cırcıramaya bir qarın yemək verərdi. Ədalətsizdir, amma haqsız deyil.
Məncə, ümumilikdə sosialist və sol düşüncənin iflası bu incə nüansla bağlıdır. Adamlar fərqlidir, onların bacarığı və pul qazanmaq imkanları eyni deyil. Kimisə bu bacarığına görə qısqanmaq, tənqid etmək, onunla istintaq tonunda danışmaq olmaz. Ən azı bilik və bacarıqlarını ortaya qoyub nəsə qazanmaq, bahalı maşında gəzmək, villada yaşamaq haqqını onlara konstitusiya verib. Bir daha təkrar edirəm, söhbət öz zəhməti hesabına qazananlardan gedir. Əks halda məsələyə hüquq mühafizə orqanları baxmalıdır.
Qəribədir, “Niyə yardım etmirsən?” iddiası ilə çıxış edənlər təkcə sadə insanlar deyil, həm də az-çox imkanı olanlardır. Misal üçün, müğənni Rəqsanə öz həmkarlarını bu mövzuda sərt tənqid edərək gündəmə gəldi. Mən onun açıqlamasını oxuyanda “Şuşa” restoranında iştirak elədiyim toyu xatırladım. Təxminən 400 nəfərlik bu əzəmətli varlı toyunu Rəqsanə aparırdı. Bir dəstə bığlı-saqqallı kişi o qədər içmişdi ki, oynayanda şadlıq evi az qala çökürdü. Onlar Rəqsanəni dövrəyə alıb guya oynamağa məcbur edirdilər. Rəsanə mən oturan stoldan bir dəstə canavarın arasına düşmüş cüyürü xatırladırdı. O, çox çətinliklə sərxoş vətən oğullarının çevrəsindən sıyırılıb, sintizator ifaçısının arxasına daldalandı və ordan oxumağa başladı. Səmimi deyirəm, mən o cür pul qazansam, bir qəpiyini də heç kimə vermərəm.
“Fəxri vətəndaş” adlı bir film var. Nobel mükafatı almış yazıçı 20 ildən sonra öz doğma qəsəbəsinə gedir. Adamlar çox kasıb yaşayırlar. Yazıçının imkanlı olduğunu bilən qəsəbə sakinləri onun üstünə yüyürür. Bir əlil atası da xəstə övladını götürüb yazıçı qalan otelə gəlir və ondan kolyaska almaq üçün kömək istəyir.
Yazıçı deyir, mən xeyriyyəçi deyiləm, Allaha da inanmıram ki, bu işi savab xatirinə edim, sizin istəyiniz mənim prinsiplərimə ziddir, sizə yardım etsəm, yerdə qalanlara haqsızlıq etdiyimi düşünəcəm, ona görə, inciməyin, xahişindən imtina edirəm.
Ayağa qalxıb sağollaşanda isə buyurur: “Kömək istəmə tərziniz də doğru deyildi! Sanki təhdid edirdiniz...”
Yaxşılıq, xeyriyyəçilik arxasında, əlbəttə ki, çox zaman xüsusi maraqlar gizlənir. Ancaq bunu səmimi etmək istəyənlər də var. Biz bu cür səmimi insanları qeyri-adekvat tonla ürkütməməli, məsələnin həssaslığını nəzərə alıb onları qayət mədəni şəkildə yaxşılığa və xeyriyyəçiliyə təşviq etməliyik. Unutmayaq, demokratik və liberal cəmiyyətdə varlı olmaq hər hansı bir ittihama əsas vermir. Kasıb vətəndaşın dövlətdən başqa kimsədən nəsə tələb etməyə haqqı yoxdur. Buna məcbur qaldığı halda insani prinsiplər gözlənilməli, empati hissi unudulmamalıdır.
Bizim kimi inkişafda olan cəmiyyətlərdə varlılara qarşı müxtəlif səbəblərdən bəslənən ön yarğı başadüşüləndir. Lakin zamanla bu məsələdə bir balaca həssas olmağı və qurunun oduna yaşı da yandırmamağı öyrənməliyik.