Folkner deyirdi ki, ədəbiyyat cəmiyyəti yox, fərdləri xilas edir.
Düşündürücü qənaətdir.
Zaman-zaman əsrlərə, səltənətlərə, imperiyalara meydan oxuyan və onların hamısından uzun yaşayan ədəbiyyat niyə faktiki olaraq belə zəifdir.
Niyə balaca bir toplumu düşdüyü ağır durumdan çıxara bilmir?
Fərdlərə qalsa onları din də, təriqət də, dərvişlik və sufilik də xilas edə bilir. Kim özünü harda rahat hiss edirsə və insan olduğunu dərk edib bütün məsələlərdə əsl insan kimi davranırsa, xilas olmuş sayıla bilər.
Mənim cavabım budur: ədəbiyyat kütləvi oxuna bilir, amma kütləvi yaşama təsir edə bilmir. Adamlar oxuyub başa düşürlər, amma həm də başa düşmürlər. Kitabla həyat arasına böyük bir sərhəd çəkirlər. Əslində bu sərhəd yoxdur. Sən Qorkinin “Arxip baba və Lyonka” əsərini oxuyursan, təsirlənirsən, hətt ağlayırsan. Amma kitabı bağlayıb çölə çıxanda bir-iki manat irəli düşmək üçün çox rahat şəkildə oğurluq edirsən.
O, kitabdır deyirsən, həyat başqadır düşünürsən.
Həyat başqa deyil.
Qorkini o əsəri yazmağa vadar edən “Özündən gücsüzlərdən oğurlama” hayqırtısıdır. Bu səni sözün böyük mənasında xoşbəxt edə bilməz. Birinin göz yaşından qazanılan o birini ürəkdən sevindirməz. Sevindirsə də bu həmişəlik olmaz. Keçib gedər. Dalınca daya böyük peşmanlıqlar gətirər.
İnsanlar oxuyur, inanır, təsirlənir, ancaq əməli fəaliyyətlərində yazıçının mesajlarını asanlıqla unudurlar. Onu saymırlar.
Deməli, bilmək hələ hər şey demək deyil.
İnsanlar kitablarla şahidi olduqları və yaşadıqları arasında uçurum görüb xəyal qırıqlığına uğrayırlar. Yəni kitablar “Yaxşı olun” deyir, ancaq həyatda yaxşılara yer yoxdur. Aşağı-yuxarı hər kəs belə düşünür. Hər kəs özünü sığortalamaq üçün bəhanə tapır: “Hamı necə, mən də elə!”
Halbuki, ciddi kitablarda yaxşı həmişə yaxşı olacaq və olmalıdır deyə kəskin bir məntiq yoxdur. Ədəbi əsərlərdə bütün konfliktlər xeyirlə-şər arasındadır. Və inanın bu konfliktlərin hamısında şər daha güclüdür. Şərin güclü olması insanın pis olmasına, şərin tərəfinə keçməsinə əsas vermir. Kitablar bunu öyrədir bizə. Kitablar insanlıq naminə fədakarlıq etməkdən çəkinməməyi öyrədir.
Adam Axundovdan danışır, onunla öyünür, amma azad fikrinə görə öz müasirinə zülm edir.
Sabiri oxuyub gülür, lakin özü milli pəzəvəngin yekəsidir.
“Hamlet” faciəsinin ən incə detallarını bilir, fəqət öz ətrafındakı “doğruları bilən” gəncliyin faciəsinə asanlıqla göz yumur.
Sanki kitablarda tamamilə başqa bir dünyadan, başqa bir planetdən yazıblar. O adamlar bu adamlardan deyil.
Niyə belədir görəsən?
Adamlar niyə bu qədər özünü aldatmağa meyllidir?
Bir dəfə X adlı tanınmış bir ictimai xadim mənə dünya ədəbiyyatı şedevrlərinin ən ali məziyyətlərindən danışırdı. Və mən heyranlıqla yaxından tanıdığım bu adama tamaşa edirdim. Halbuki həmin kitablar X kimi adam olmamaq üçün yazılıb.
Kitab həyatdan uzaqda deyil.
Hətta çox vaxt həyata həyatın özündən daha yaxındır.