Gündəmə qəfil bomba düşdü elə bil. Hamı kimi mən də gözlərimə inanmadım. Baxın, görün, siz inanırsınız?
Kəlbəcər rayonunun Susuzluq kəndi istiqamətində minaya düşən AzTV telekanalının operatoru Sirac Abışov, "Azərtac" xəbər agentliyinin əməkdaşı Məhərrəm İbrahimov həlak olub...
Kəlbəcərdə açılan bomba anındaca sosial şəbəkələrdə və mətbuatda da partladı.
Bütün səhifələr gənc həmkarlarımızın fotoları ilə bəzəndi.
Üstəlik, videolar, müxtəlif paylaşımlar, kədərli təəssüflər və ağrılı təəssüratlar...
Bu dəfə həlak olanlar həmkarlarımız idi deyə, ağrısını lap yaxından hiss etdik.
Onların yerinə hər birimiz ola bilərdik, - deyə düşündük.
Hər birimiz bir anlıq öldük, dirildik...
Ən ağrılısı, otuz il boynumuzdan kotan dəmiri kimi asılıb qalan sual yenə aktuallığında qaldı:
Niyə belə olur?
Sülh şəraitində öz torpağımda niyə ölməliyəm?
Əlimdə silah yox, kameradır axı.
Mən ölümün yox, həyatın dalınca getmişəm...
İnsanları ölümə, qana yox, həyata, yaşamağa səsləyirəm.
Və mən bu acıları Qələbədən sonra da yaşamaqdayam.
Bəlkə, müqəddəs itkilər bahasına başa gələn Qələbənin gəlib hamımızın evinin içində - orta ocağın yanında bardaş qurub oturması üçün bunlar da baş verməlidir?
Görəsən, bu hadisə olmaya bilərdimi?
Ermənilər Laçından – bizim torpaqlardan Ermənistana rahatca gedib-gəlir, lakin biz heç yerə getmədən, heç yana çıxmadan, öz ölkəmizin ərazisində, öz doğulduğumuz, böyüdüyümüz kəndin yolunda gözlənilmədən ölürük...
Bizi vətənimizdə yaşamağa qoymayanlar, vətənimizdə yaşamağa qoyduqlarımızdır.
Bu 30 ildə “insan hüquqları” deyilən o əxlaqsız niyə cəmi bircə dəfə də olsun üzünü biz tərəfə çevirmədi?
Əsir düşdük, işgəncəyə məruz qaldıq, öldük, torpaq, ev-eşik itirdik, bizim yox, bizi bu günə salanların haqqından danışdılar.
Dünyanın mizanı elə əyilib ki, Qələbələr də adama axıracan kömək eləmir.
Bir gün qorxa-qorxa düşünürsən ki, olmaya bu problem heç vaxt həll olunmayacaq?!
Yenə ölürük...
Yenə yaralanırıq...
Yenə itiririk...
Öz yerimizdə...
Öz vətənimizdə...
Öz həyətimizdə...
Yenə, “Başın sağ olsun, Vətən” deyirik.