AYB funksionerlərinin müasir roman sənəti ilə bağlı fövqəladə toplantısının lent yazısını şənlənərək oxudum. Doğrudur, bu qaim-qədim məbədin belə qəfil toplantılar keçirmək şakərini çoxdan bilirəm. Amma yenə də, yenə də heyrətlənməyə bilmədim!
Vaqif Yusiflinin roman tarixina maraqlı səyahətlərinə, Əsəd Cahangirin bəzi məntiqli mülahizələrinə, İntiqam Qasımzadənin təmkinli söhbətlərinə rəğmən bu müzakirənin ədəbiyyat xatirinə olmadığına tam əminəm!
Sanki, Anar kilsə zəngini çalaraq bütün günü mürgü döyən “rahibləri” yuxudan ayıltmış və təcili hüzuruna çağıraraq buyurmuşdur: “Axı nə qədər mənim nüfuzum hesabına müftə maaş alacaqsınız? Görmürsünüzmü səltənət əldən gedir. Gündə bir ədəbiyyat saytı yaradılır, təzə nəşriyyatlar peyda olur, çoxlu kitablar buraxıb təqdimat və müzakirələr keçirirlər. Aldığım son məlumatlara görə, bu kitablardan satılan da var. Vəziyyət dözülməz həddədir. Bir gün oyanıb görəcəksiniz ki, yeni təşkilatlar yaranıb boğazınıza şərik olublar! Təcili işə başlayın! Təcili!”
Adamlar silah-sursatını, bilik və istedadını səfərbər edərək girişiblər söhbətə, Azərbaycan romanına “yiyə durmaq” istəyiblər. Məqsəd isə budur: AYB üzvü olan və “özünü ağıllı aparan” gənclərdən başqa yaza bilən yoxdur! Qoy “yuxarılar” bunu bilsin!
Dediyim niyyət, qalın-qalın romanlar müəllifi Elçin Hüseynbəylinin çıxışında daha qabarıq görünür. Onun düşüncəsinə görə, özü qarışıq bütün “ciddi yazanların” kitabı ona görə oxunmur ki, çoxlu saytlar var və oxucunun diqqətini lazımsız yerlərə yönəldirlər. Hər sayt özünə yaxın insanları başına yığıb dostbazlıq və qrupbazlıq edir. Adama deyən gərək, əlinizdə o qədər qəzet və jurnal, bir internet saytı var, özünüz də bir jurnalının baş redaktorusunuz, elə yazıb-pozun, elə əsərlər çap edin ki, sizi oxusunlar.
Müzakirə boyu iki daşın arasında sağa-sola o qədər ismarışlar ötürülür ki! Kimlər yoxdu burda? Vəzifəli adamlar, qohumları vəzifədə olan məşhur yazıçılar, deputat yazıçılar, AYB-nin tərəfində duran tanınmışlar və s. Ən qəribəsi isə odur ki, Azərbaycanda Anar və ya AYB haqda bircə tənqidi cümlə yazan gənc qələm adamları arasında bir nəfər də olsun istedadlı adam yoxmuş. Anara müxalif olan o adamların adı çəkilir ki, onlar artıq həyatda yoxdurlar və AYB funksionerlərinin təbirincə, “təhlükəsizdirlər”.
Müzakirə iştirakçıları içərisində yeganə səmimi adam Seyran Səxavətdir.
Bu da təsadüfi seçilməyib.
Seyran Səxavət bir zamanlar maraqlı nəsr əsərləri yazsa da son yazdıqları o qədər də ciddiyə alınmadı. Əsəd Cahangir kimi müasir romançılığa bələd olan adam bunu çox gözəl bilirlər. Əslində müzakirədə yazıçının son kitablarından deyil, “Daş evlər”dən bəhs olunması ciddi ismarışdır. Ancaq, öz zamanının çoxbilmişi olan və çağdaş hiyləgərlər arasında sadəlövh kənd uşağını xatırladan Seyran Səxavət bu mesajları tutmaq iqtidarında deyil. Onun müasir romanın qəliz texnologiyaları qarşısında söylədiyi aşağıdakı cümlələr adamı lap mütəəssir edir:
“Məncə, janrdı, növdü, tarixi tiplərdi, mərhələlərdi, belə şeyləri Vaqif Yusifli kimi ədəbiyyatşünaslar uydurublar. Mənim bircə janrım, bircə növüm, bircə tipim, bircə mərhələm var – söz! Bizim qəbul etdiyimiz janrlar da sözün bətnindən doğulub. Ədəbiyyatşünasların asan olsun deyə apardığı bölgüləri süni sayıram.”
Mən mütəəssir oluram bəli, amma Seyran müəllimin qızı yaşda olan Əlif Şəfəq bu fikirləri oxusaydı, gülməkdən uğunardı.
Mən müzakirəni müzakirə etmək qəsdində deyiləm.
Ancaq bilin və agah olun, AYB tərəfdən ədəbiyyat naminə xoş bir avaz gələ bilməz. Orda həqiqətlər dilə gətirilsə belə hökmən arxasında bir məqsəd və məram vardır.
Ədəbiyyatı sevən qurum, ona ayrılan o boyda vəsait müqabilində heç olmasa normal bir qəzet və ya jurnal buraxardı.
Sizcə Anar və onun komandasının buna istedadı və savadı çatmır?
Yanılırsınız!
Onlar bunu, sadəcə olaraq, istəmirlər.
Mövzu ilə bağlı yazılar:
“Azərbaycan” jurnalında roman müzakirəsi
Yazıçılardan “Azərbaycan” jurnalına sərt cavablar