Göydən yenən şeirlər

Göydən yenən şeirlər
21 fevral 2020
# 21:01

2000-ci illərin əvvəlində “Yeni Azərbaycan” qəzetində ədəbiyyat buraxılışı hazırlayırdıq. Bir gün içəri nurani bir ağsaqqal daxil oldu. Mənə yaxınlaşdı. Dedi, burda şeirə siz baxırsınız? Adamı tanıdım. Kəlbəcərli el şairi Əli Qurban Dastançı idi. Onu qəzetə şeir gətirən çoxsaylı istedadsız əyalət adamlarından hesab edib, yola vermək üçün mənim üstümə göndərmişdilər.

Biz adətən belə edirdik. Adamların üzünə “yox” deyə bilmədiyimiz üçün bir-birimizin üstünə ötürürdük. Düzü, şair kimi tanıdığım, insan kimi sevdiyim ağır taxtalı ağsaqqalla belə rəftar olunması mənə bir az təsir etdi. Onu hörmətlə qarşıladım, səbirlə dinlədim. Dedi, sənə bir şeir oxuyacam, fikrini bildirəcəksən, bəyənsən, çap edəcəksən. Və yüksək titullu bir şəxsə həsr etdiyi şeirini mənə tanış olan ilıq səsi ilə oxuyub gözlərini üzümə dikdi.

Dedim, Əli müəllim, şeirə sizin ağsaqqallığınızı nəzərə alaraq fikir bildirim, yoxsa tamamilə obyektiv? Dedi, tamamilə obyektiv! Dedim, bəyənmədim! Dedi, bəs sən necə şeirləri bəyənirsən? Bir anlıq düşündüm və Əli müəllimin özünün uşaqlığımdan yadımda qalan bir ustadnaməsini oxudum. Kişi xeyli fikrə getdi. Dedi, oğul, bu, ayrı şeirdir, bu, göydən yenmədir! Özümü itirmədim. Dedim, ustad, göydən yenən şeir olanda gətirin, mütləq çap edəcəyik.

Image result for məmməd ilqar kulis.az

Sözüm o qədər xoşuna gəldi ki, ömrünün axırınacan mənimlə dostluq elədi.

O vaxtdan xalq ruhunda yazılmış şeiləri öz aləmimdə həmişə iki yerə bölürəm. Birincisi, göydən yenənlər, ikincisi, nəyinsə xatirinə yazılanlar. Ən böyük şairlərdə də nəyinsə xatirinə, lap sənət olsun, yazılan, yaranan şeirlər olur. Məncə, şairin gözəlliyi onun göydən yenən şeirlərinin say çoxluğundadır.

Məmməd İlqar göydən yenən şeirlərinin sayına görə ən öndə gedən şairimizdir. Onu hər oxuyanda insanın ruhu dincəlir. Sanki bu misralar onun yox, sənin ürəyindən pərvazlanıb. On dəfə, yüz dəfə, min dəfə təkrarlamaqdan, öz-özünə ən müqəddəs dua kimi zikr eləməkdən özünü saxlaya bilmirsən.

Göydən yenən şeirlər Tanrı hədiyyəsidir. Tanrı isə yalnız saf, təmiz, ləyaqətli ömür yaşayan, ona verdiyi istedada xəyanət etməyən şairləri mükafatlandırır. Məmməd müəllim 70 yaşın tamamında bu hədiyyəyə layiq nadir adamlardandır. Ömrü min-bir günahın içindən bu duruluqda keçirmək, həmişə göydən gələn sözün yanında olmaq hər oğulun işi deyil.

Ucalığından əskik olmasın!

# 3412 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #