30 yaşlı müasir Azərbaycan

Şərif Ağayar

Şərif Ağayar

18 oktyabr 2021
# 10:56

Müstəqillik tarixi fürsətdir. Dünyada millətlər və xalqlar çoxdur, lakin onların hamısının taleyinə müstəqil olmaq, özünün dövlətini formalaşdırmaq yazılmır.

Azadlıq kimi ali nemətin yolu da dövlət müstəqilliyindən keçir. Çünki müstəqil ölkən və dövlətin yoxdursa, bir toplum olaraq öz azadlığını da qazana bilməzsən.

Biz, tutaq ki, Amerika vətəndaşı olsaq, orada mövcud olan hüquq və azadlıqlardan faydalana bilərik, lakin Azərbaycan xalqı olaraq varlığımızı və yaşayışımızı təmin edən qanun və qaydaları dünyanın heç yerində tapa bilməyəcəyik.

Müstəqillik və azadlıq bir xalqın, bir toplumun, bir ölkənin var olma səbəbi ilə yanaşı, həm də onun qürur və heysiyyət məsələsidir. Bunun nə olduğunu dərindən anlamaq üçün Hindistan, Afrika və Latın Amerikası ölkələrinin azadlıq tarixi ilə tanış olmaq yetərlidir. Uzun illər imperialist ölkələrin boyunduruğunda yaşayan bu xalqlar ilk əvvəllər azadlığın və müstəqilliyin onlar üçün verilmədiyini düşünürdülər. Çünki özünü idarə etmək hüququn yoxdursa, həqiqətləri də yarımçıq bilirsən. Böyük azadlıq mücahidi Nelson Mandela əslində bu günün gənclərinə absurd görünən bir həqiqəti deyirdi: qaralar da insandır və onların da hüquqları var!

Bu sözlərə hər kəsdən əvvəl qaralar özləri şübhə ilə yanaşırdılar.

Və azadlığın əksi olan köləlik də elə bu idi!

Bu məqamda Məmmədəmin Rəsulzadənin Stalinə dediyi sözləri bir daha xatırlamaq yerinə düşür. O, SSRİ boyda xalqlar həbsxanasının qeydsiz-şərtsiz hakiminin Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna işarə edərək soruşduğu “Siz xalqa nə verdiniz?” sualına belə cavab vermişdi: “Biz müstəqilliyin nə olduğunu ona dadızdırdıq, bunu heç vaxt unutmayacaqdır!”

Yeri gəlmişkən, 18 Oktyabrın rəsmi olaraq Müstəqilliyin Bərpası Günü kimi qeyd olunması məntiqidir. Axı həqiqətən də 1991-ci ilin 18 oktyabrında qəbul edilən konstitusiya aktı müasir Azərbaycanı AXC-nin varisi elan edir və müstəqilliyin bərpa olunduğunu bildirir. Bu, bir hüquqi sənəddir. Dövlət quruluşunun necəliyi isə bir az sonrakı məsələdir.

Əlbəttə, biz təqvimdə “Respublika günü”nün qeyd olunmasının əleyhinə deyilik, lakin bu gün qeyd edilsə də, edilməsə də konstitusiyada təsbit olunur. Azərbaycanın dövlət quruluşu demokratik respublikadır. Yəni xalq seçimlərinə əsaslanan hakimiyyət formalaşır və ölkə bu cür idarə olunur...

Müstəqilliyə gedən yol heç vaxt rahat olmur. Qansız-qadasız öz suverenliyinə qovuşub, öz dövlətini quran xalq tapmaq çətindir. O cümlədən də Azərbaycan. Doğma diyarın istər cənubunda, istərsə də şimalında daima azadlıq uğrunda mübarizələr və savaşlar gedib. Tanrıya çox şükürlər olsun ki, şimal ərazilərimizdə müstəqilliyə qovuşmaq bizə nəsib oldu. Bununla bağlı yaxın tariximiz unudulmaz hadisələrlə doludur.

1987-ci ildən başlayaraq Azərbaycanı odun içinə atdılar. Bədnam qonşularımızın torpaq iddiaları, on minlərlə qaçqın, can verməkdə olan imperiyanın qanlı-qadalı cinayətləri, milli azadlıq hərəkatı, 20 Yanvar qırğını, məşum vertolyot qəzası, Xocalı qətliamı, Şuşanın və Laçının işğalı, ardınca dalbadal beş rayonun əldən getməsi – hamısı müstəqillik üçün bizə verilən cəzalar idi!

Müstəqillik elə bir nemətdir ki, onu sənə heç kim vermək istəmir və müstəqillik istəyinə görə silah çəkib səni asanlıqla öldürə bilirlər.

Ona görə bu neməti arzulayan xalqlar qanı-canı bahasına gerçəkləşəcək həyat mücadiləsinə hazır olmalıdırlar.

Azərbaycan 30 ildir müstəqildir. 30 il balaca rəqəm deyil, lakin biz hələ də müstəqilliyimiz üçün savaşmaqdayıq. Çünki müstəqilliyi əldə etməklə iş bitmir, onu həm də qorumaq məcburiyyətindəsən.

Bəli, bu gün Azərbaycan kifayət qədər güclüdür, dünya dövlətləri ilə çoxtərəfli əməkdaşlıq içərisindədir, onun dövlət müstəqilliyi ciddi təhlükə altında deyil, lakin düşmən hər cür fürsətdən istifadə etməyə çalışır. Azərbaycana qarşı torpaq iddiaları və ərazisinin on illərlə heç bir məntiq olmadan işğalda saxlanılması, bu günün özündə rəsmi ərazimiz daxilində separatçı qüvvələrin fəaliyyət göstərməsi hər şeydən əvvəl müstəqilliyimizə qarşı törədilən qəsddir.

Lakin artıq Azərbaycanın ağır günləri geridə qalıb. Artıq Ermənistan bizim üçün ciddi rəqib sayılmır. 44 günlük “Zəfər müharibəsi” Qafqazda yeni reallıqlar yaratmaqla dövlət müstəqilliyimizi daha da möhkəmləndirdi.

30 il öncə Azərbaycanın Ali Sovetində müstəqillik aktını imzalayan deputatlar qarşıda bizi hansı çətinliklərin gözlədiyini təfərrüatı ilə təsəvvür edə bilməzdilər. Elə o günün özündə də bu addım kifayət qədər təhlükəli idi. Çünki dünyanın ən repressiv ölkəsi hələ tamam dağılmamışdı. Az keçməmiş Azərbaycan xalqı öz iradəsini ortaya qoydu, ümumxalq referendumu keçirərək yekdilliklə dövlət müstəqilliyimizə səs verdi.

Şübhəsiz, Azərbaycanın müstəqillik qazanması üçün tarixi şərait də yetişmişdi. Referendumdan on il əvvəl müstəqillikdən danışanı ən yaxşı halda bir neçə il həbs gözləyirdi.

Dövlət müstəqilliyini ilk növbədə onun ərazi bütövlüyü şərtləndirir. Bu gün işğal altındakı torpaqlarımızın əsgərlərimizin qəhrəmanlığı və şücaəti bahasına azad edilməsi dövlətimizin güclənməsinin göstəricisidir və demək, həm də bu güc müstəqilliyimizin, suverenliyimizin qarantıdır. Ən radikal mövqe tutan müxalifətçilər belə etiraf edir ki, müstəqillik tariximizdə Azərbaycan heç vaxt indiki kimi güclü olmayıb. Artıq biz erməni və onun havadarları qarşısında zəif, gücsüz və köməksiz deyilik. Azərbaycan həm güclüdür, həm də onun ən çətin günündə yanında olan, qardaşlıq göstərən yaxın müttəfiqləri var. Son günlər düşmənlərimizlə həmişə yaxın ittifaqda olan cənub qonşularımızı da narahat edən budur. Bəli, onları da qorxudan müstəqillik sözüdür. Ümumiyyətlə, bu söz imperiya xarakterli bütün siyasi sistemlərin kabusudur.

İnsan azad olanda gözəldir, dövlət müstəqil olanda.

Öz iradəsi, öz taleyi üçün öz qərarı olmayan insan necə yetkin deyilsə, müstəqilliyi olmayan ölkə də yarımçıqdır, bütöv deyil.

Biz Ermənistanın şəxsində müstəqilliyinə axıracan qovuşmayan, onun-bunun yardımına ehtiyac duyan, ələbaxan bir ölkənin nə olduğuna əyani şahidlik edirik.

Azərbaycanın ən böyük qələbəsi sözün bütün mənalarında öz ayaqları üstündə dayana, öz müqəddəratını təyin edə bilməsidir.

Müstəqilliyimiz möhkəm, azadlığımız əbədi olsun!

“Vətən səsi” qəzeti

# 8662 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #