Kulis “Atamın xatirəsi” layihəsindən Xalq yazıçısı Yusif Səmədoğlunun qızı Mehriban Ziyadova ilə müsahibəni təqdim edir.
- Ənənəvi sualımız var: ilk yadınıza düşən xatirə...
- Məndə ayrıca belə bir xatirə yoxdur. Papayla ağlım kəsəndən dünyadan köçənəcən yaşadığım hər ən mənim üçün böyük xatirədir. Bu insan başdan-ayağa maraqlı idi. Bilsəm papa belə tez gedəcək onunla daha çox vaxt keçirərdim. Mənə elə gəlirdi əbədi yanımızda qalacaq.
- Böyük övladısız?
- Bəli. Mən böyüyəm. Humay bir yaş balacadır.
- Yusif müəllim ata kimi necə idi?
- Yumşaq insan idi. Həddindən artıq. Sözün əsl mənasında alicənab idi ailə üzvlərinə qarşı. Ümumiyyətlə, insanlar arasında fərq qoymazdı. Bizə heç vaxt ağır söz deməyib. Bununla belə biz ondan çəkinirdik. Başa düşürsüz... o bizimlə elə bir münasibət qurmuşdu, bəzən mamaya deyə bilmədiklərimizi ona deyirdik. Açıq qəlbli adam idi.
- Dost idiniz?
- Bəli. Özü də gözəl dost. Bəzi qızlar əsasən ana ilə yaxın olur. Bizdə mama bir az sərt xasiyyətlidir.
- Ananız nəçidir?
- Hüquqşünas. Hüquq fakültəsində oxuyub. Amma axıracan oxumağına atam icazə vermədi. Ali məktəbdən çıxdı.
- Səbəb?
- Qısqanc idi papa.
- Necə tanış olublar?
- Xavər xanım anamın anasını tanıyırdı. 1959-cu il, mamanın böyük bacısının toyu imiş. Xavər xanımı dəvət edirlər o toya. Papayla getmək istəyir, nədənsə papa razı olmur. Xavər xanım başlayır narazılıq eləməyə: “Səməd rəhmətə gedib, tək qalmışam.” Bu sözdən sonra papa heç üzünü qırxmamış gedib, həmin toyda mamanı görüb. Təsəvvür edin, 7 günə üzük gətiriblər.
- Necə qısqandı: xanım işləməz, yoxsa siz işləməyin?
- Xanım işləməz yox. Məhz mama işləməsin. Deyib ki, evdə otur. Mama da qulaq asıb. Sonra da heç peşman deyildi.
- O vaxtlar Yusif Səmədoğlu ən aristokrat yazıçılardan hesab olunurdu. Amma həm də onda klassik kənd kişisinə məxsus sanbal vardı.
- Həə, elə idi. Ondan da başqa dilini çox sevirdim. Mənim anam rusdilli olub, Azərbaycanca pis danışıb. Anam bizi rus məktəbinə qoymaq istəyirdi, buna görə papayla sözü əməlli-başlı çəpləşib. Papa deyib ki, mənim uşaqlarım Azərbaycan dilində oxumalıdır. O cümlədən də nəvələrim...
- Arada Qazax ləhcəsinə danışırdı...
- İstəyəndə danışırdı. Təmiz Azərbaycanca danışırdı əslində. Bizə Qazaxdan bir qohum tanış gələndə bu insanın danışığı dəyişirdi. Elə bil Qazaxdan gəlib. Çox da şirin alınırdı onda. Məsələn, bizdə alınmır.
- Sizi aparırdı Qazağa?
- Qazağa ancaq babanın yubileyi olandan-olana gedirdik.
- Sonuncu dəfə nə vaxt olmusuz orda?
- 2006-da
- Hansı yeməkləri sevirdi?
- Yeməyə tələbkar deyildi. Mama qabağına nə qoysa, yeyirdi hələ bir də tərifləyirdi. Badımcan dolmasını xoşlayırdı.
- Yusif müəllim həm də yeyib-içən, gəzməyi, əyləncəni sevən biri kimi tanınıb.
- Həyatsevər insan olub ümumiyyətlə. Səyahəti çox sevirdi.
- Bəzən işə getmirmiş. İşdə ola-ola birdən xəbər gəlirdi ki, Moskvadadır.
- O, heç vaxt elə işdə işləməyib ki, doqquzdan altıya qədər işdə getsin. Yaradıcı insan idi. Milli Məclisə iclaslar olanda, Yazıçılar İttifaqına yalnız Anara dəyməyə gedirdi. Qısası, özü-özünə məxsus idi. Mən də hardasa ona bənzəmişəm, ona görə işləmirəm. İşləyə bilmirəm. Ümumiyyətlə, gözəlliyi sevirdi. Qadın gözəlliyini, gözəl geyimləri...
- Yaraşıqlı idi həm də. Ananız onu qısqanmırdı? Bildiyim qədər çox qadınlar sevib onu.
- Bəlkə də qısqanırdı. Doğrudur, qadınların xoşuna gəlirdi, sevirdilər. Çoxlu məktublar da alırdı. Yəqin ki, qısqanırdı anam. Ancaq bu qısqanclıq dava-dalaş, söz-söhbət həddinə qalxmırdı.
- Şərqşünassınız.
- Bir il oxudum, sonra filologiyaya keçdim. İkinci kursda praktika olmalı idi və biz bir il ərəb ölkələrinə getməli idik. Evdən qoymadılar.
- Atanız icazə vermədi?
- Anam qoymadı. Atam bəlkə də icazə verərdi.
- Şərqşünaslığı seçəndə atanız fikri nə oldu?
- Bir söz dedi: “Ağırdır, getmə ora”. Mən dedim istəyirəm.
- Mane olmadı?
- Qətiyyən. O, demokratik insan idi. Qarşı çıxmırdı bizə, ancaq öz fikrini bildirirdi. Mənə dedi ki, ərəb dili çətindir, sənə ağır gələ bilər.
- Evinizdə Quran vardı?
- Bizim evimizdə Quran həmişə olub. Papa Allaha inanırdı, amma dindar olmayıb.
- Hansı dildə idi?
- Ərəb.
- O Quran Səməd Vurğunun olub görəsən?
- Bilmirəm.
- Bilirsiz niyə soruşdum: “Bir mömin babayam Quran görməmiş” - yazırdı Səməd Vurğun... Dedim, bəlkə görüb, özü elə yazıb.
- Bu barədə heç bir fikrim yoxdur.
- Şərti olaraq belə deyək: bir oğlan sevirsiz, valideynlərinizlə tanış eləmək zərurəti yaranıb. Atanızla bu haqda danışa bilərdiniz?
- Əlbəttə. Deyərdim, papa, xoşuma gəlir. Yüz faiz deyərdim və o da məni anlayışla qarşılayardı. İndi mən özüm də övladlarımla bu cürəm. İki oğlumun ikisiylə də dostam.
- Bildiyim qədərilə həyat yoldaşınızı çox istəyib...
- Çox. Papa xəstələnib Almaniyaya gedəndə onlarla Aqşin də getdi. Həyat yoldaşım. Əvvəldən çox istəyirdi, orda da lap isinişmişdi. Bir dəfə uzandığı yerdən mənə dedi ki, Aqşinin qədrini bil, yaxşı oğlandı. Aqşin də onu çox istəyirdi.
- Bəlkə sizin yoldaşınızla oğul boşluğunu doldururdu?
- Ola bilər.
- Siz ailə quranda necə oldu? Kim dedi bu barədə Yusif müəllimə?
- Mama.
- Oğlu olmasını çox istəyib.
- Çox istəyirdi oğlan. Nəslin davamçısı, soyadın daşıyıcısı kimi. Mən doğulanda xəbərim oğlan kimi gəlib çatıb atama. Çox sevinib. Sonra məlum olub ki, səhv bilirlər. Mamam deyir, qalıb belə pərt bilmir neyləsin, həkimlərə deyir: “Yaxşı-yaxşı baxın, bəlkə oğlandı”. Amma bir dəfə söhbətini eşitdim, deyirdi, iki qızım var, yüz oğula dəyişmərəm.
- Ona yemək hazırlayırdınız?
- Hə, həmişə. Badımcan dolması hazırlayırdım arada. Yemək zövqü yaxşı idi, amma qurman deyildi.
- Özü necə, bişirə bilirdi?
- Yox. Bəzən biz mamayla hardasa olur, gec gəlirdik. Deyirdi, acından ölürəm. Anam deyirdi, ay Yusif, soyuducudan qazanı götür, iki dəqiqəyə qızdır, ye də. Eləmirdi. Bir az ərköyün idi. Gözləyirdi ki, biz gəlib eləyək.
- Yazıçılıqda da ərincək olub, çox az yazıb.
- Çox... Çox... Tənbəl idi. Bir az yazırdı, bir də görürdün, getdi tətilə, qayıtdı, yarım il keçdi, sonra yenə başladı yazmağa. Elə bil ona nəsə vəhy gəlirdi, onda başlayırdı yazmağa.
- Nə vaxt yazırdı?
- Gecə. Səhər saat 4-ə, 5-ə qədər işləyirdi.
- İçən idi.
- Yaxşı içkiləri sevirdi. Ən çox da viski... Konyakla da arası yaxşıydı. Araq da içirdi hərdən.
- Sizinlə içirdi?
- Bəzən. Ad günləri, bayramlar-filan...
- Kitabxanası hardadır indi?
- Evdə. Yarısı da məndədir. Bağda saxlamışam. Mütaliəni də mən ondan öyrəndim. Çox oxuyurdu.
- Kimi çox oxuyurdu?
- Soljenitsın. Qadağan olunmuşdu o vaxt. Hardansa gətirtmişdi, gecəylə oxuyurdu. Sonra Bulqakov...
- Bulqakovun kitabını kitabxananın hansı hissəsində saxlayırdı? Yadınızda qalmayıb?
- Xatırlamıram düzü.
- Ümumiyyətlə, xüsusi seçilən yerlərə hansı kitabları qoymuşdu?
- Fikir verməmişəm. O vaxtdan çox vaxt ötüb. Otağı xeyli dəyişilib.
- Deyirlər, “Qətl günü”, “Master və Marqarita”nın təsiir ilə yazılıb...
- Bəli, mən də eşitmişəm.
- “Qətl günü”nü nə vaxt oxumusuz?
- Papa yazdıqca mamayla birlikdə oxuyurduq. Hərdən özü də oxuyurdu bizə.
- Makinada yazırdı?
- Hə. Kompüterə keçə bilmədi.
- Redaktə işini çox elədi?
- Yox. Ona dedilər dəyişiklik eləmək lazımdı, papa da prinsipə getdi, dedi, bir dənə sözü də dəyişməyəcəm.
- Ordakı Xəstə obrazı məncə həm də öz obrazı idi. Bir az da Səməd Vurğun...
- Elədir, hə. Məncə də.
- Yazar qəhrəmanları hökmdara qarşı idi...
- Bir dəfə demişdi ki, yazıçı yaşadığı quruluşla əks olmalıdır.
- Amma özü bütün hakimiyyətlərlə dost idi...
- Dost idi, hə. Onu çox istəyirdilər. Müalicəsini də dövlət təşkil eləmişdi.
- Eşitdiyimə görə yaxşı pul-para qazanan, iş düzəldən olub.
- Kim? Papa? Nə danışırsız? Qətiyyən. Nə pul? Ola bilsin kimisə işə qoyub. Çox adama kömək edib. Amma elə pulu olmayıb heç vaxt.
- Özünü kasıb hesab edirdi?
- Kasıb da deyildi, zəngin də.
- Ədəbi camedə belə bir qənaət var ki, Rəsul Rza ailəsindən fərqli olaraq Səməd Vurğun ailəsinin bəxti gətirmədi. Sizcə niyə belə deyirlər?
- Ola bilsin erkən ölümlərə görə deyirlər. Papa 62 yaşında... Səməd Vurğun 50 yaşında... Yadımdadır, papa 50 yaşını keçəndə sevindi ki, atamdan çox yaşamışam.
- Amma Səməd Vurğun 50 yaşında daha yaşlı görünürdü.
- Yaradıcı insanlar fərqli olur, onlar adi insanlar kimi deyil. Belə sakit görünsələr də, içlərində həmişə mübarizə gedir.
- Atasını çox sevib.
- Mən artıq yekə qız idim, hardasa 80-lərin sonu, papa deyirdi Səməd Vurğunun fotoşəkillərinə və videolarına indi-indi baxa bilirəm. Biz də belə olmuşuq. O, atasının vaxtsız ölümünə alışa bilmədiyi kimi, biz də papanın yoxluğunu qəbul edə bilmirik.
- Səməd Vurğundan sizə şeir oxuyurdu?
- Oxuyurdu.
- Siz necə, Səməd Vurğundan əzbər şeir bilirsiz?
- Bilirəm. Bir-iki şeirini bilirəm.
- Səməd Vurğun, Vaqif Səmədoğlu, Yusif Səmədoğlu... Bunların hansını daha istedadlı hesab edirsiz?
- Üçünü də.
- Birini seçməyə məcbur olsanız?
- Vaqifin poeziyası üçün ürəyim gedir. Papanın hər cümləsi bir fəlsəfi fikirdir. Səməd Vurğun da ki, Səməd Vurğundur. Mən necə deyə bilərəm?
- Biz kulisdə sorğu keçirdik. “Qətl günü” 20-ci əsrin romanı seçildi.
- Mənə də elə gəlir ki, çox güclü romandır.
- Sizcə, ən çox hansı cəhətinə görə?
- Mürəkkəbliyinə görə... Belə də maraqlı romandır.
- Yusifin adını daşıyan övlad var?
- Var. Mənim kiçik oğlum.
- Oxşayır?
- Qətiyyən oxşamır. Böyük oğlum oxşayır.
- Səməd Vurğunun adı yoxdur?
- Var. Humayın oğlu. Bizdə Səməd var, Yusif var, Vurğun var. Aygünün oğludur Vurğun. Özü də Vəkilovdur.
- Siz də familiyanı dəyişməmisiniz?
- Dəyişmişəm. Ziyadovayam.
- Baba kimi necə idi?
- Oyy, nə danışırsız? Əla! Əla! Çox-çox qayğıkeş. Babaların babası idi.
- Bir dəfə eşitdim ki, ananızdan Yusif müəllim haqqında soruşublar, danışa bilməyib...
- Elə indinin özündə də danışa bilmir. Görün neçə il keçib üstündən...
- Yəqin böyük sevgi olub...
- Çox. Mamam işləmirdi. Rəfiqələri də yox idi. Həyatını papaya həsr etmişdi. Deyim ki, peşman da deyil.
- Danışığınızdan hiss elədim ki, ananızın bu sevgisi sizi təəccübləndirib.
- Etiraf edirəm, mən mama kimi deyiləm. Bəlkə o kişidən də asılıdır. Hərdən mamaya deyirəm ki, xoşbəxt qadınsan, çünki sənin yanında elə kişi olub, elə ər olub, elə münasibət, qayğı görmüsən ki, bu çox nadir halda olur