Oğlumu ildırım vurdu

Oğlumu ildırım vurdu
2 aprel 2013
# 07:15

Şərif Ağayar

Özünüzə orta şəkərli qəhvə süzüb monitora yaxın əyləşin, sizə qaçqınçılığın daha bir sirrini açacam... Belə baxıram, axırı bir gün məni kulturoloq-qaçqınşünas adlandıracaqlar. Neyləyim eee... aşıq gördüyünü çağırar!

Demək belə, qaçqın düşüb Azərbaycanın dörd bir yanına səpələnən qohum-əqrəbadan vaxtaşırı xəbər tutmaq mümkün deyil. O səbəbdən kimin öldüyünü, kimin qaldığını bilmirsən. Xüsusilə, yazı-pozu, kitab-dəftər adamısansa... Yaxın qohumlar da zəng çalıb adamın qanını qaraltmaq istəmir. Tutaq ki, Zaqatala fındıqlığında sığınacaq tapan uzaq qohumun rəhmətə gedib. Bundan sənə nə! Vaxt və pul-para tapıb ora gedəsi deyilsən. Odur ki, bilməməyin məsləhətdir.

Amma işin başqa tərəfi də var. Tutaq ki, qoca atası rəhmətə gedən uzaq qohumunla hansısa xeyir-şər məclisində rastlaşırsan və səmimi söhbət üçün deyirsən: “Atan necədir?”

Məncə izahata ehtiyac yoxdur...

Bu yaxınlarda başıma belə qəribə bir hadisə gəldi.

Çərxi-gərdişin qəhbəliyindən əsəblərimdə irili-xırdalı problemlər olur. Ona görə, yaxınlarım kəndçilərimizin həyatında baş verən faciəli xəbərləri mənə söyləmirlər. Məsələn, yenicə ailə qurmuş əmim qızının faciəli ölümünü yalnız yas yerinə çatanda bildim. Mənə əmimin arvadının, yəni qızın anasının vəfat etdiyini söyləmişdilər və mən də inanmışdım. Bakıdan rayonacan bibimlə son görüşümü xatırladım, ürəyimdə onunla vidalaşdım.

Bu xəbəri də mənə söyləməmişdilər...

Bakı Dövlət Universitetinin qaçqın şəhərciyində kəndçim, uzaq qohumum və atamın yaxın dostu İdris kişini görəndə ürəyimin telləri titrədi. Başında kepka, ayağında tozlu və əzilmiş ayaqqabı, əynində boynu qartmaq bağlamış plaş... Zalım oğlunun kepkasını alıb başına nimdaş şlyapa qoysan zənn edərsən ki, fırt eləyib Qoqolun hekayələrindən düşüb. Üzü tüklü idi. Uzun burnu və batıq ovurdları doğmalığını daha artırırdı. Əlini sıxdım, ağaran saqqalından öpdüm.

İdrisin oğlu Yusiflə dost idik kənddə... Sonra əlaqəmiz itdi. Onlar Daşkəsən rayonunda məskən saldılar deyə Yusifi bir daha görmədim. Hətta onunla toy qardaşlığı olmaq kimi parlaq bir ideyam da vardı. Bu barədə uşaqlıq andımız da olmuşdu. Hətta əlimizi qanadıb qanını biri-birinə qarışdırmış, həmin qarışıq qanı bloknotun vərəqinə silmişdik. Altına da tarix yazmışdıq. Ailə quranda bu köhnə ənənəyə əməl etməyə ehtiyac duymadım. Toyum olanda artıq o bloknotu itirmiş, Yusifi az qala unutmuşdum.

İdris kişini elə qaçqın şəhərciyindəcə kəklikotulu çaya qonaq etdim.

Həmin şəhərcikdə bizim qohumlar yaşayır. Rayon yerlərindən gələn kasıb tanış-bilişlər gecələmək üçün bura üz tutur.

İdris kişinin Bakıya səfəri təsadüfi olmazdı. Sorğu-suala tutanda öyrəndim ki, səhhətində problemlər var, yoxlanmağa gəlib.

Söhbətin şirin getməsi üçün yenə bir sual verdim:

“Yusif necədir?”

İdris kişi tutuldu, təəccüblə mənə baxıb udqundu. Handan-hana soyuq, təmkinli səsi eşidildi:

“Yusifi ildırım vurdu... Keçən il”

Diksindim. O mənə fikir vermədən davam etdi.

“Daşkəsəndə, Alaxançallının üstündə bir duzdaq var, heyvanı ora aparırdıq, Yusif telefonun şunurlarını qulağına taxıb radioya qulaq asırdı, birdən ildırım çaxdı, onu qaldırıb yerə çırpdı, mən özümü yetirincə ölmüşdü...”

Özümü buz üstünə çıxan dana kimi hiss etdim.

Gözlərim böyüdü, ayaqlarım əsməyə başladı...

İdris kişi isə kəklikotu çayından bir qurtum alıb soyuq səslə davam etdi:

“Dedilər, telefona görə ildırımı özünə çəkib...”

Nə deyəcəyimi bilmədim və hələ də bilmirəm...

# 2505 dəfə oxunub

Müəllifin son yazıları

# # #