Klassikləri söymək

Klassikləri söymək
24 yanvar 2018
# 12:00

Kimsə kimisə yüksək materiya kimi sənə qəbul etdirmək istəyir, sən etiraz edirsən, “bu, bu, bu səbəblərdən mən səninlə razı deyiləm” – deyirsən, bu zaman qarşı tərəf qaşlarını çatır: “Niyə hirslənirsən?!”

Əslində, hirslənməmisən, lakin bunu heç kimə başa sala bilməzsən. Çünki bizim toplumda doğruları yalnız hirslənəndə deyirlər. Bizdə həqiqət yalnız hirslənəndə, kimisə söymək istəyəndə adamların karına gəlir. Ona görə, həqiqəti çox zaman söyüşün sinonimi kimi qəbul edirlər.

Xatırlayırsınızsa, dilimizdə bu cür deyimlər var: “Axundov dini söyürdü”, “Sabir mollaları söyürdü”, “Mirzə Cəlil xalqı söyürdü”, “Cavanlar klassikləri söyür” və s.

Əlbəttə, söymək olmaz. Amma tənqidi söyüş hesab etmək heç olmaz. Tənqid edəni “söyüş söyür” - deyə ittiham edib, özü daha ağır söyüş söyən orijinal insanların əhatəsindəyik.

Bizim toplum, o cümlədən bəzi yazarlar, bəzi jurnalistlər, bəzi ziyalılar hələ də anlamayıblar ki, sənətdə, ədəbiyyatda büt yaratmaq, kult yaratmaq, nəyisə və kimisə toxunulmaz elan etmək, müqəddəsləşdirmək nəinki olmaz, hətta qadağandır!

Siyasəti bilmirəm – çünki siyasətçi deyiləm...

Müharibəni demirəm – çünki hərbçi deyiləm...

Sənətdən az-çox xəbərim olduğu üçün əminliklə deyirəm: büt və kult olan yerdə yenilik və yaradıcılıq yoxdur!

Klassikanın yerli-yersiz müdafiəsinə həmişə tükənmiş, bitmiş, özünün spesifikliyinə ciddi şübhəsi olan adamlar qalxır. O cümlədən yaşlılar... Təəssüf ki, vaxtından əvvəl yaşlanmış, bitmiş, heç bir dəyişikliyə, yeniliyə ümidi qalmamış gənclərimiz də çoxdur.

Başqa bir incə məqam da var. Çox vaxt siyasətdə, hərbdə, hər hansı mübarizədə sənətdəki şəxsiyyətlərin bütləşdirilmiş, kultlaşdırılmış halından istifadə edirlər. O zaman həmin büt əsl mahiyyətindən uzaqlaşıb əks düşüncənin məhvinə fokuslanır. Vay o günə ki, sənətdən “oğurlanmış” bu bütü ədəbiyyatın özünə qarşı çevirəsən.

Klassikaya münasibət müxtəlif ola bilər; fəxr edərsən, qürur duyarsan, öyünərsən, sevərsən, pərəstiş edərsən, bilikli olduğunu göstərmək üçün hava atarsan, xalqın pasportu sayarsan və s. Biz bunların hamısını anlayır və qəbul edirik. Ancaq klassikaya yaradıcı münasibəti qəbul etmirik. Çünki yaradıcı müstəvidə klassika toxunulmaz deyil. Yaradıcı müstəvidə klassika cərrah stoluna qaldırılır. İncələnir, dağıdılır, “yeyilir”...

Başqa sözlə desək, istənilən istedadlı qələm adamı öz yaradıcı “polya”sında klassika ilə vuruşur. Onu şərti düşmən elan edir. Bunu Nizami Firdovsiylə, Füzuli Nizamiylə, Axundov Füzuliylə, Anar Axundovla, Rasim Qaraca Anarla, Şəhriyar del Gerani Rasim Qaracayla aparır.

Və bəzən bu qovğalarda büt çox güclü olur, yaradıcı insan ona qalib gələ bilmədiyi üçün sərt sözlər işlədir. Misal üçün, çağdaş rus yazışısı Viktor Pelevin deyir ki, Dostoyevskinin yazdıqlarının arasına çoxlu pampers qoymaq lazımdır, göz yaşı həddindən artıq çoxdur. Yaxud Axundov yazır ki, Füzuli şair deyil, onun xəyalatında təsir yoxdur. Tolstoy Şekspiri birmənalı şəkildə mənasız hesab edir. Nabokov Dostoyevski haqda “ağzına gələn”i yazır.

Son 30 ildə heç bir ədəbiyyat adamı Axundovun “Kəmalüddövlə məktubları”nda İslam peyğəmbərinə yazdığı sözlərdən sərt sözlər yazmayıb. Amma adamın adını Milli Kitabxanaya vermiş, onu modern epoxanın banisi elan etmişik. Bütpərəstlərin və kultpərəstlərin məntiqi ilə Axundovu dərsliklərdən çıxarmalı idik. Və daha qəribəsi: bu gün Axundov haqda adi bir tənqid yazsan, səni topa tutacaqlar.

Əziz dost!

Problem yazıçını özün kimi düşünməyə təhrik etməyindədir. Çünki öz yanındakını özündən yüksəkdə görmək səni əsəbləşdirir, ona qarşı aqressiv yükləyir. Plüralist, multikultural dünyamızla daban-dabana zidd olan bu zərərli eqonu yemləmək üçün kütlənin müqəddəs elan etdiyi mövzulardan sui-istifadə etmə. Gücsüzlüyünü kütləyə yaltaqlanmaqla sığortalama. Güclü olmağın yeganə yolu daha çox oxumaq, daha çox bilmək, daha yaxşı yazmaq və az qala namus-qeyrət söhbəti səviyyəsinə endirib əlisilahlı keşiyini çəkdiyin klassiklərdən bir addım qabağa getməkdir.

Biryolluq anla ki, yaradıcı adam üçün klassika elə dava aparmaq, mükalimə qurmaq, tənqid etmək, hətta bəzən yıxıb-sürümək, bəzilərinin təbirinizcə desək, “söymək” üçündür.

Bu yığılıb-açılma, dağıdıb-qurma prosesinə öz marginal maraqların naminə əlizopalı müdaxilə etməkdən sakın. Kənardan çox pis görünürsən.

Narahat olma. Kim yaxşı “söyə” bilməsə, özü biabır olacaq.

Klassika yaxşı da “söyülsə”, pis də “söyülsə” öz yerindən tərpənəsi deyil. Çünki “klassika” sözünün əsas mənalarından biri də budur.

Və əmin ol: müdafiə elədiyin klassiklər sağ olsaydı, sənin yox, “söyənlər”in tərəfində duracaqdı. Çünki onları da vaxtıyla bu cür daş-qalaq etmişdilər.

Klassiklər zamanın sınağını keçən kişilərdir. Onlar “söyə-söyə” yaranıb, “söyülə-söyülə” yaşamaqdan məmnundurlar.

# 1630 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #