İradə Tuncay: “Aqil şuluq adamdır” - Müsahibə

İradə Tuncay: “Aqil şuluq adamdır” - Müsahibə
9 noyabr 2019
# 11:29

Bu gün tanınmış yazıçı-jurnalist İradə Tuncayın doğum günü və yubileyidir. Kulis.az bu münasibətlə İradə xanımı təbrik edir və yazıçı Şərif Ağayarın onunla söhbətini oxucuların diqqətinə çatdırır.

- İradə xanım, bilirsiniz də, şəxsiyyət vəsiqəsinin aşağı hissəsində sıxılmış informasiya var. Yalnız kompüterdə xüsusi qurğu ilə oxunur...

- Çipdi də, hə, bilirəm.

- İstərdinizmi, xanımların yaşını da ora qeyd eləsinlər? Yəni, lazım olanda oxunsun, həmişə görünməsin...

- Yəqin bu məsələyə ikili münasibət olar. Əslində, insan lap yıxılıb əldən düşənə qədər öz yaşını hiss eləmir. Ürəyində həmişə cavandır. Amma xəstəliyi, zəifliyi hiss edəndə, deyirsən, yox, qocalmışam. Bu, təkcə qadınlara aid deyil. Hər hansı bir kişi qocalmaq istəyir ki? Yox. Qadınlar xarici görkəminə bir az düşkündürlər deyə, daha həssasdırlar. Olar bilər, özünü çox cavan göstərmək istəyəsən, amma göz, baxış, üz ifadələri hər şeyi göstərir.

- Mən az-çox yazı-pozu əhlində yaşdan çəkinməmək, qorxmamaq hiss eləmişəm; istər qadın olsun, istər kişi... Bəlkə, o biri sənət adamları kimi çox göz önündə deyillər, ona görədir...

- Məncə, daha çox xarakterlə bağlıdır. Mən yalan danışmağa utanan adamam. Yaşımı da yalan deməyə utanıram. Həm də necə gizlətmək olar axı? Mənim həyatım hamının gözünün qarşısında keçib. Övladlar, nəvələr...

- Gizlətməkdən çox, nəzərə çarpdırmamaqla bağlı deyirəm.

- Mənə problem deyil. Xarakterimdən irəli gəlir. Həm də deyirlər ki, yaşını gizlətməyən qadınlardan qorxmaq lazımdır.

- Onların gizləməli daha ciddi işləri var demək...

- Görünür, elədir (gülür). Yaşını gizlədənlər bir az bəsitdirlər.

- Bayaq dediniz, xarici görünüşə düşkün məsələsini. Bəlkə, bu daha çox estetik hadisədir. Gözəl görünmək anlamında.

- Qadınlar xırda şeylərə meyllidirlər. Baxışda da, rəngləri seçəndə də. Bir kişi xeylağı heç vaxt, misal üçün, bənövşəyi rəngin xırda çalarlarına diqqət eləməz, amma qadın edər.

- Bu, xırda şeydirmi?

- Kişilər daha qlobal götürürlər hər şeyi, ona görə. Dünya həmişə kişilərin əlində olub. Kişinin beyni daha yaxşı işləyir.

- Mən də bu barədə hardansa oxumuşam. Kişilər sonuca baxır, qadınlar detallara. Ona görə bir kişi heç vaxt evdə itən əşyalarını tapa bilmir.

- Doğrudur. Bizdə də mən tapıram. Dağıdıb-tökən kişilər, dalınca yığışdıran qadınlardır, ona görə.

- Rəng çalarının fərqinə varan, predmet və hadisələri ən incə təfərrüatı ilə görən qadınlar sənətdə çox azdırlar.

- Ənənələrə fikir vermək lazımdır. Eyni zamanda, təhsil məsələsinə. Qadınlar cəmiyyətin içinə nə vaxtdan gəldilər? Ondan sonra başladı yazmaq, yaratmaq. Bütün dünyada belədir. Bir az yapon ədəbiyyatında istisnalar var. Şərqdə xüsusi ənənəvi səbəblər də çoxdur. Əgər təhsil gec başlayıbsa, istər-istəməz insanın mahiyyətinə təsir edəcək. Bunların hamısı şərtdir. Qədim yunan ədəbiyyatında qadın şairlər var. Tarixdə Lesbos adalarına getmələri, Lesbos sevgisi ilə qalıblar. Bütün bunlar mütləq nəyləsə bağlıdır. Yəqin, onların o zamankı təhsil sistemi də bir başqa cür qurulub. Amma Şərqdə çox şeydə geri qalmışlıq var. Qadın məsələsində xüsusilə. Bunu biz dəyişə bilmərik.

- Hətta, Füzuli kimi mütərəqqi bir şair, kişi qadının niqabıdır deyir.

- Bəzən vitrini olur.

- Məcnuna deyirlər özünü və Leylini çək. O, yalnız özünü çəkir. Səbəbini soruşanda deyir, kişi qadının örtüyüdür, qadın görünməməlidir, biz ikimiz bir candayıq, görünən isə mənəm.

- Bunun yəqin bir az dini-irfani tərəfi də var.

- Var. Şübhəsiz.

- Mən qadın kişinin vitrinidir deyərdim. Çox olur, rastlaşırsan-edirsən. Xüsusən toylarda. Çoxdandır toya getmirəm. Gedə bilmirəm, başım götürmür. Gedəndə fikir verirsən, baxırsan ki, bir qrup qadın əyləşib və onlar öz ərlərinin vitrinləridir. Qadına baxırsan, bilirsən əri nə qədər pul qazanır, necə yaşayır, həlimdi, yoxsa zalımdı...

- İnanıram ki, siz o vitrinin altındakı ağrını da görürsünüz.

- Təbii. Amma bundan qaçmaq olmaz. Gerçəkdir.

- O vitrinə düzülənlər də, o kədərin, o mənəvi yalqızlığın kompensasiyasıdır.

- Hə. Taxıb-taxışdırmaqla sakitləşirlər. O qədər uçurumlarımız var ki, cəmiyyət olaraq, çox zaman o uçurumlara da qadınlar yıxılır.

- Bütün canlılarda erkəklər gözəldir - deyirlər, yeganə insandır ki, əksinədir, qadın daha gözəldir.

- Deməzdim. Bax siz nə makiyaj etmisiniz, nə saçınızı daramısınız, amma yaraşıqlısınız. Qadın evdən çıxanacan orasını düzəldir, burasını düzədir, nə qədər xərc qoyur özünə ki, qəşəng görsənsin.

- Bunu gözəlliyin keşiyində durmaq, onu qorumaq instinkti kimi də yozmaq olar. Bilirsiniz, qadın-kişi söhbətindən niyə başladım? Siz hər iki evinizdə güclü kişi görmüsünüz. Və zaman-zaman bunun qüruru ilə yanaşı sıxıntılarınızı da hiss eləmişəm.

- Doğru hiss etmisiniz. Bu məsələ müzakirə olunmur ki! Adam atasını özü seçmir. Həyat yoldaşını seçsə də burda da taleyin, qismətin rolu var. Mən zaman-zaman bu məngənədən çıxmağa çalışmışam və çalışıram. Həmişə alınmır amma.

- Bir dəfə Aqil müəllimlə bir məclisə gəldiniz. Aqil müəllim stoldan-stola keçərək adamlarla görüşə-görüşə çıxıb getdi. Siz ardınca baxıb gülümsədiniz ki, yenə mən qaldım...

- (Gülür) Onun xasiyyətidir də. Həmişə elə edir. Hər dəfə toya gedəndə qalırdım zalın mərkəzində boylana-boylana, o da görüşə-görüşə çıxıb gedirdi. Fikirləşmirdi ki, heç olmasa məni oturtsun, sonra getsin. O da onun xasiyyətidir. Mən nə qədər adama yovuşmaq, qılıqsız adamam, Aqil o qədər istiqanlıdır. Tamamilə əksimdir. Kompaniya adamıdır.

- Xalq adamıdır...

- Hə. Xalq adamıdır. Mən heç vaxt xalq adamı olmamışam. Heç vaxt kütləvi olmamışam.

- Bu, əksliklər balans yaradır, yoxsa problem?

- İnsanın ailəsində hər cür hadisə ola bilər. Həyatdır. O qədər sürprizləri var ki! Çalışırsan münasibəti qoruyub-saxlayasan. O da çalışır, sən də çalışırsan. Bəlkə, bundan sonra gələn nəsillər bizim qədər çalışmayacaqlar, bilmirəm. Mən bu barədə çox düşünmüşəm... Aqil çox şuluq adamdır axı...

- Şuluq! Maraqlı sözdür.

- Hə. Şuluq. Siz bildiniz nə deyirəm.

- Mən heç nə bilmədim. Söz maraqlı gəldi.

- Hə də. Yəni. Kişilər o barədə bir-birini qoruyurlar. Niyə dedim, bu şuluq məsələsini? Hə, aramızda nəsə olub ki, mən xətt çəkə bilmişəm o şuluq işlərin üstündən. Onun içində daha yüksək, məni yanında saxlaya biləcək bir qüvvə var demək.

- Sizcə, yaxşı adam olması deyil ki? Çünki, bunu hamı deyir.

- Mən bunun izahını verə bilməmişəm. Bəlkə də siz deyəndir.

- Məmməd Araz fərqli adam idi amma.

- Tamam.

- Sizcə o da kütləvi deyildi?

- Demək olmaz. Çünki onu sosial olmağa qoymayan xəstəliyi idi. 40 yaşında, cavan, yaraşıqlı bir kişi elə bir xəstəliyə tutuldu ki, şöhrətinin pik vaxtında cəmiyyətdən aralanmalı oldu. O, özünü gizlətməyə çalışırdı hamıdan. Utanırdı xəstəliyindən. Əli titrəyəndə arxasına aparırdı ki, görməsinlər. Bəlkə, o, başqa adamlardan daha betər olacaqdı, bilmirəm.

- Bu hiss məndə də olub: sanki Məmməd Arazı xəstəliyi çox şeydən qorudu. Çünki o nəsildən bir çox şairlər sonra ucuzlaşdılar, balacalaşdılar. Deyəsən, bizdə adamlar qocala bilmir.

- O qədər balacayıq ki, öz yağımızda qovrula-qovrula qalırıq, sonra da yanıb kül oluruq. Ola bilər, qidalanmağımızın da təsiri var.

- Məncə, doqquz iqlim qurşağındandır.

- Eh. O da özümüzün uydurduğumuz bir şeydir. Mən xatırladığım atamda – o xəstələnəndə mənim 14 yaşım vardı – ikinci sifət görmədim. Heç kimə münasibətdə. Sağlam atamı deyirəm haaa! Sonra adamların ona elədiklərini xatırlayıram, bu, mənim üçün ən böyük ağrıdır.

- Bəlkə, heç nə təsadüfi deyil? Elə o xəstəlik də.

- Nə deyim. Bəlkə də elədir.

- Məmməd Arazın oğlu yox idi, amma istəyirdi ki, olsun. Sonra siz Aqillə ailə qurdunuz, hətta bir müddət sizi ailəlikcə öz evində saxladı.

- Doğmalıq üçün qan qohumu olmaq vacib deyil. Aqillə doğma idilər.

- Xalqda belə bir deyim var: qızını yaxşı oğlana verərsən, özünə oğul qazanarsan. Sizcə, Aqil Abbas bunun bacardımı?

- Bu barədə atamdan heç vaxt heç nə soruşmamışam, amma məncə, bacardı.

- Sizin də qızınız olmadı. İstədinizmi heç?

- Qızım olmasını heç vaxt arzulamamışam. Biz evdə oğlan qıtlığı yaşamışdıq deyə, hər şeyin yükü mənim üstümdə idi. Ona görə qızım olmasını istəmədim. Amma yaşlanandan sonra anladım ki, olmalıymış. Bunun əvəzində nəvələrim qızdır. Qız böyük nemətdir. İndi başa düşmüşəm.

- Gəlin, bir az da “Yol romanı”ndan danışaq. Romandan daha çox, yol haqqında roman idi elə bil.

- Siz onu hər hansı bir janra aid edə bilirsiniz?

- Mənə bir az çətindir...

- Mənə də. Mənə elə gəlir, orijinal bir şey idi.

- Daha çox bədii publisistika ilə, ədəbi üslubun qarışığı deyək. Romana gedən yol idi sanki...

- Hardasa elə hesab etmək olar. Bu, həm də adamın öz içinə gedən yoldur.

- Əsərdə əsas qəhrəmanlardan biri Aqil Abbasdır. Sizin sürücünüz... Yol yoldaşı kimi necədir?

- Bəzən, bizə deyirlər, birlikdə maşınla uzaq yollar gedirsiniz, darıxmırsınız? Biz bir yerdə olanda heç vaxt darıxmırıq. Bizim iki saatlıq yol belə o qədər maraqlı ədəbiyyat söhbətləri ilə keçir ki! Gərək bir dəfə səsimizi yazam. Bizim mübahisələrimiz, bizim söhbətlərimiz...

- Hansınız daha yaxşı mütaliə etmisiniz?

- Mən.

- Məncə də.

- O, həm də rus dilini mənim kimi bilmir axı. Rus dili də geniş imkanlar deməkdir.

- Ən çox nə üstdə mübahisə edirsiniz?

- Aqil kinsiz adamdı, hamını bağışlayır. Ona görə, mən iddia edirəm ki, sən adam tanıya bilmirsən. Uşaqlıq xatirələrimdən gələn təcrübə var axı. Yazıçılara aid. Heç kimin bilmədiyi söhbətlər. O, kimisə tərifləyir, mən deyirəm, filan vaxtı belə elədi axı. Onun üstündə mübahisə düşür. Deyir, nə olsun eləyib? Deyirəm, mən qəbul edə bilmirəm, mən unuda bilmirəm. Yaxud da, hər hansı ədəbi obraz haqqında fikri bildiririk. Mən deyirəm, o obrazı belə qəbul edirəm, o deyir, yox, o, düzgün deyil. O, bağışlamaqla yanaşı insanları çərçivəyə salmağı xoşlayır. Hətta ədəbi obrazları da. Amma mən fikirləşirəm ki, yazıçı Allah kimi bu obraza ömür veribsə, onu çərçivəyə salmağımız doğru deyil.

- Necə çərçivə? Ştamp kimi? Ya müsbət, ya mənfi?

- Bəli.

- Siz polifonik yanaşırsınız. Günün ədəbi kriteriyasına uyğun.

- Hə. Mən elə yanaşıram.

- Vaxtıyla “Dədəlilər” deyə bir ifadə vardı. Tanınmışların övladı olmaqla bağlı...

- Mənim üçün dədə olmayıb axı. Mən onun dədəsi olmuşam.

- Hər halda adı bəs idi.

- Harda?

- Məmməd Arazın qızıdır deyə heçmi hörmətinizi saxlayan olmayıb?

- Nə ediblər? İşdən çıxarıblar. İşsiz qalmışam, evsiz qalmışam. Budur mənə hörmət? Görməmişəm sənin dediyin hörməti. Kim deyir, yalan deyir.

- Bəlkə işləyə bilməmisiniz, çıxarıblar?

- Məmməd Araza görə saxlaya bilərdilər də. Lap pis idim, savadsız idim, iş bacarmırdım, atama hörmət edib saxlayaydılar. İşdən çıxarmayanlar da elə vəziyyət yaratdılar ki, işə getmədim.

- Özü də bu pisliyi Məmməd Araza dostam deyənlər edirdilər.

- Demək, dost deyilmişlər də.

- “Yol romanı”ndan sonra irihəcmli əsər yazmadınız.

- Qorxuram.

- Nədən?

- Qorxuram yazdıqlarımdan zəif alınsın.

- Bu, eqodur.

- Eqodur, bəli.

- Feministlərlə aranız necədir?

- Qəbul eləmirəm. Nə istədiklərini özləri də bilmirlər. Qadın kişi ilə heç vaxt bərabər ola bilməz. Çünki təbiət belə yaratmayıb. İstəsəm kişinin ağzına şillə vurum, yıxılsın, bacarmayacam, o, yumruqla vuracaq, mən yıxılacam. Ağlı da məndən çoxdur.

- Ona qalsa, kişidən də güclü başqa bir kişi var. Söhbət hüquq bərbərliyindən gedir.

- Hüquq bərbərliyinin feminizmə aiddiyyatı yoxdur. Bunlar deyir, ümumiyyətlə bərabərik. Bir insan əclafdırsa, bunun kişiyə-qadına nə dəxli? İnsandır məsələ. Human!

- Ad gününüzü keçirəcəksiniz?

- Bilmirəm. Son dəfə 40 yaşımı qeyd eləmişəm.

- Nə əcəb?

- Bilmirəm. Çox vaxt Aqil evdə olmayıb, bəlkə ona görə.

- Bəlkə, həm də müharibəyə görə.

- Görünür bu fakt da var. Ad günlərimlə bağlı ən işıqlı xatirələrim uşaqlığım və atamla bağlıdır.

- Aqil müəllimin yerliləri ilə aranız necədir?

- Deyirlər, İradə rus kimidir. Halbuki elə deyiləm. Zahiri görünüşüm həmişə adamlarda yanlış təsəvvür yaradıb. Nə edim? Mən də belə yaranmışam.

- Siz həm də Aqilin mətbuat menecerisiniz...

- O bilmir də o xırdalıqları. Spontan danışır. Deyirəm, demə, şişirdəcəklər.

- Deyəsən, sizin hesabdan facebooku da izləyir.

- Hə, izləyir. Onun telefonunda mənim hesabım açıqdır, girib baxır hər şeyə.

- Müsahibə üçün sağ olun. Yubileyinizi bir daha təbrik edirəm.

- Çox sağ olun.

- Son olaraq bir arzunuzu da deyə bilərsiniz.

- Arzum budur, yazıçılar öz kitabları ilə dolana bilsin.

# 14833 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #