Kulis.az Şərif Ağayarın tanınmış kino tədqiqatçısı Aydın Kazımzadə ilə söhbətini təqdim edir.
- Aydın müəllim, necəsiniz, səhhətiniz necədir?
- Yaxşıyam, şükür. 2012-ci ildən ki, prezident təqaüdü alıram, maddi baxımdan mənə çox kömək edir. Eləcə də müalicələrimə, əməliyyatlarıma... O olmasaydı, bilmirəm necə olacaqdım. Çünki iki ağır əməliyyat keçirdim. Biri açıq ürək, biri damar əməliyyatı.
- Maşallah. Yaxşısız indi.
- Hə (gülür). 77 yaş üçün pis deyil. Məni saxlayan işdir.
- Sizi gah kinoşünas, gah kino tənqidçisi, gah da kino tarixçisi kimi təqdim edirlər. Özünüz necə təqdim edərdiniz?
- Azərbaycanda yeganə kinoşünas Ayaz Salayevdir. Mən ixtisasca jurnalistəm. Kino təhsili almamışam. Sadəcə kinonu tədqiq eləmişəm.
- Aydın Dadaşov da vardı...
- Hə, o da kinoşünas idi. Moskvada oxumuşdu. Mən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm, kino üzrə ixtisaslaşmış jurnalistəm.
- Kino tariximizi 1898-ci ildən hesablamaq sizin təşəbbüsünüz olub. Amma bəzi mütəxəssislər deyirlər ki, hansısa xaricinin Bakıda çəkdiyi filmi milli kino saymaq olmaz.
- Onda gəlin, şəhərdəki tarixi binaların hamısını sökək. Çoxunun memarlığı xaricilərə məxsusdur. Onlarla niyə fəxr edirik? Amerikaya kino hardan getmişdi? Kino dünyanın hər yerinə Fransadan yayılıb. Heç kimin özündə olmayıb.
- Fransadan bir neçə il sonra bizdə çəkilməsi maraqlıdır...
- Niyə? Bunun səbəbi var. Əvvəllər biz 27 avqustda (Rusiya kinosu günü 27 avqust 1919-cu ildə kinematoqrafiyanın milliləşdirilməsi haqqında dekretə əsasən qeyd olunur-red) yalnız sovet kinosunu qeyd edirdik. 1976-cı ildə məsələ qaldırdım ki, axı “Neft və milyonlar səltənəti” filmi var. 1916-cı ildə ekranlara çıxıb. Niyə biz yubileyimizi qeyd etmirik? O vaxt “Kinoprakat”ın müdiri başımdan vurdu ki, əşşi, get işinlə məşğul ol. Mən də cavan oğlan idim, həvəsli idim. Təşəbbüsümü davam elətdirdim. Məmməd Qurbanova Allah rəhmət eləsin, Azərbaycan Kino Komitəsinin sədri idi, mənə oğlu kimi baxırdı. Ağayana bir adam idi. Mənə dəstək verdi. Kinoittifaqın sədri Həsən Seyidbəyli idi, Cəmil Əlibəyov isə kinostudiyanın direktoru idi, onların da rolu oldu və milli kinomuzun yubileyini qeyd elədik.
- Bəs 1898-ə necə gedib çıxdınız?
- Sənədli kino ilə məşğul olan bir alim vardı - Məsumə Rzayeva. Onun kitabında Aleksandr Mixayloviç Mişonun adı çəkilirdi. Belə bir adam olub, fransız imiş, gəlib Bakıda çəkilişlər edib, sonra çıxıb gedib. Mən düşdüm bunun izinə. Gedib arxivdən o vaxtkı “Kaspi” qəzetini tapdım, lupayla başladım səhifələri ələk-vələk eləməyə. Kinoyla bağlı nələr yox idi orda? Çox şey tapıb çıxartdım. Hamısını kitablarımda yazmışam. Hətta buna görə məni mətbuatda ələ salanlar da oldu. Dedilər, ağlı çaşıb. Həvəsdən düşmədim. Əksinə daha da həvəslənirdim. Araşdırıb tapdım ki, Mişon ailəsi ilə Bakıya köçüb, otuz ilə yaxın burda yaşayıb. Yəni, elə-belə, keçici adam olmayıb. Bura köçəndə əvvəlki ailəsi ilə boşanıb, gedib Qusardan qız alıb, olub bizim kürəkən. Burda jurnal buraxıb, fotoqraflıq edib, foto dərnəyi açıb, sonra başlayıb filmlər çəkməyə. İlk filmi də 1898-ci ildə çəkdiyi “Balaxanıda neft fontanı yanğını”dır. Bir dəqiqəyə yaxın filmdir.
- Necə olub ki, bu filmlər Bakıda qalmayıb, gedib çıxıb Fransaya?
- 1900-cü ildə Parisdə beynəlxalq foto və kino sərgisi keçirilib. Rusiya da iştirak edirmiş. Azərbaycan da Rusiyanın quberniyası olduğundan Mişon öz işləri ilə sərgiyə qatılıb. Orda Lümer qardaşları filmi bundan pulla alıblar.
- Mişon ukraynalıdır də?
- Bəli. Ancaq milliyyəti qarışıqdır. Fransızlarla, yəhudilərlə bağlılığı var.
- Maraqlıdır, dünyada kəşf olunandan bir neçə il sonra Mişon kinokameranı necə əldə edib? Bu elə də asan olmamalıdır.
- Əlbəttə asan deyildi. Mişon Fransa Elmlər Akademiyasının fotoqrafiya üzrə üzvü idi. Balaca adam deyildi. O vaxt Rusiyada da vardı kinokamera. Amma Mişon Parisdən gətirdirdi.
- Kinonu tədqiq eləməyə necə başladınız?
- Tam təsadüfdən. Mən atasız böyümüşəm. Atam Böyük Vətən müharibəsində həlak olub. Kasıbçılıqla oxumuşam. Universiteti bitirəndən sonra imkanım yox idi ki, televiziyaya gedib stajyorluq edim. Stajyora pul vermirdilər. Ona görə başladım yazmağa. 15 yaşından indiyədək dayanmadan işləyirəm...
- 62 il...
- 62 il! Kinoyla bağlı reklam xarakterli bülleten çıxırdı, məni ora fotoqraf götürdülər. Yetmiş yeddi manat da maaş verdilər. Bir neçə il işlədim, sonra bülleteni çevirib qəzet elədim və başladım yazılar yazmağa. Beləliklə, “Kino” qəzetinin əsasını qoyduq. Respublikada ən böyük tirajla çıxan qəzet idi. Bu bizdə ilk kinoyla bağlı mətbu orqan idi.
- 62 il dayanmadan kino üçün külüng çalmağa sizi nə vadar elədi? Bəlkə, hansısa film? Bəlkə, hansısa rejissor?
- Məni başqa daha yüksək maaşlı işlərə dəvət edirdilər, ancaq getmirdim. Bilirdim ki, getsəm, təkcə kinodan yox, Muxtar Dadaşovdan, Məmməd Əlilidən, Tofiq Tağızadədən Rza Təhmasibdən ayrılmalıyam. Onlara elə isinişmişdim ki, ayrıla bilməzdim.
- Seçiminizə nə vaxtsa peşman olmamısınız ki?
- Heç vaxt!
- Yaxşısı budur ki, tapdıqlarınızı, yazdıqlarınızı kitaba çevirirsiniz. Azərbaycan filmlərinin iki cildlik kataloqunu çap etdirmisiniz.
- Hə. Çoxlu kitablarım var. Bu gün də yazıram.
- Sizin kataloqda üç yüzdən artıq film var. Maraqlıdır, bu qədər filmin içindən birini seçməli olsaydınız, o, hansı olardı?
- Bir dəfə mədəniyyət naziri Polad Bülbüloğlu mənə zəng vurdu ki, YUNESKO-dan məktub gəlib, üç Azərbaycan filmini seçib ora təqdim etməliyik, təklif edirəm, sən seçəsən. Dedim, Polad müəllim, mən seçməyinə seçərəm, ancaq qorxuram, mübahisələrə səbəb olsun. Ona görə təklif edirəm, bu məsələ ilə bağlı sizin və mütəxəssislərin iştirakı ilə toplandı keçirək. Polad müəllim razılaşdı və toplaşdıq. Birinci “Arşın mal alan”ı dedim. Hamı razılaşdı. İkinci “Bir cənub şəhərində” filminin adını çəkdim. Bununla da razılaşdılar. Sonra dedim, üçüncü film üçün iki təklifim var, seçimi özünüz edin: “Babək” və “Nəsimi”...
- “Babək”i yəqin Polad Bülbüloğluna görə demisiniz... Musiqisini o yazıb.
- Açığı, o da vardı, amma əsas səbəb başqaydı. “Arşın mal alan”ı milli xarakterimizi göstərdiyi üçün seçdim. “Bir cənub şəhərində” Sovet dövrünü çox yaxşı göstərirdi. Biz həm də vuruşmuşuq axı. Bu millətin bir qəhrəmanı olmalıdır ya yox? “Babək”i də buna görə seçdim.
- Bəs “Nəsimi”?
- Tarixi film kimi yaxşıdır, amma mən özüm daha çox “Babək”in üstündə dayandım. Dediyim üç şərt bu filmlərlə tamamlanırdı.
- Mən bir İran filminə baxmışdım, Hindistanda çəkilmişdi, eynən bizim “Arşın mal alan”dakı kimi nökər su quyusunun başında sevdiyi qıza mahnı oxuyur, rəqs edirdi. Sözlərin mənası da, musiqi də, obrazların geyimi də bizimkinə oxşayırdı. Sizcə bu bir təsadüfdür?
- Görürsən... Araşdırılmalı məsələdir... (Düşünür). Axı bizdə filmdən əvvəl Üzeyir Hacıbəyov faktı var.
- Üzeyir bəy libretto yazıb. Filmi deyirəm. O da 1945-ci ildə çəkilib.
- Ondan əvvəl bir “Arşın mal alan” da olub. 1916-cı ildə çəkilib. Amma lenti qalmayıb. Hətta birini də ermənilər Amerikada çəkiblər. 1937-ci ildə...
- 1916-cı ildəkini kim çəkib?
- Rus rejissoru Boris Svetlovu dəvət ediblər. 1917-ci ildə ekrana çıxıb. Tammetrajlı film olub. Üzeyir Hacıbəyov filmi görüb, deyib çıxardın bunu ekrandan.
- Bəyənməyib?
- Bəyənməyib.
- Bəlkə elə ona görə itiriblər.
- Yox, ona görə deyil. Sadəcə qalmayıb. Səssiz film imiş. Amma qəzetlərin biri yazır ki, Şalyapinin konsertindən çox “Arşın mal alan” filminin bileti üçün növbə olurdu.
- Bu 62 ildə özünüzə ən yaxın bildiyiniz rejissor kim olub?
- İlk ağlıma gələn Muxtar Dadaşovla Tofiq Tağızadə oldu. Kinostudiyaya ayaq basan gün onları görmüşdüm. Səs operatoru vardı, Aqusya deyirdilər – Ağahüseyn Kərimov, o da orda idı. Zarafatlaşırdılar. Tofiq Tağzadə zarafatcıl adam idi. Mən dayanıb tamaşa edirdim onlara. Qiyabi tanıyırdım axı. Elə bildilər, gizlicə onlara qulaq asıram. Dedilər, bizə qulaq asırsan? Dedim, yox, sadəcə baxıram. Orda tanış olduq. Mən yeganə adam idim ki, Muxtar müəllim şəxsi arxivini mənə etibar edirdi. Ölümündən sonra da arxivini mənə etibar etdilər, gətirib Film Fonda verdim.
- Son vaxtlar çəkilən filmləri izləyə bilirsiniz?
- Yox, təqdimatlara çağırmırlar. Məni unudublar tamam.
- Bəlkə, burdan bəyan edəsiniz ki, hələ qocalmamışam, qələm yenə əlimdədir?
- Bəyan eləmişəm və bir daha edirəm.
- İnternetdən film izləyirsiniz?
- Yox. Çünki işim çox olur. Mən qalan ömrümü də tədqiqatlara həsr eləmişəm. Bu iş bitib tükənmir.
- İndi də stolunuzun üstündə çapa hazırlanan kitab görürəm...
- Azərbaycan kinemaqrafçılarının ensiklopediyasıdır. İki cilddə.
- Sizə uğurlar. Yeni görüşlərəcən.
- Siz də. Salamat qalın.