Kulis.az Şərif Ağayarın böyük ingilis yazıçısı Culian Barnsın dilimizdə yenicə çap olunan “Aqibət duyğusu” romanı haqqında yazdığı “Keçmişi dəyişmək yanğısı” essesini təqdim edir.
Siz onunla çox yaxın olmusunuz. Hətta zəkasına, yumor hissinə heyranlıq duymusunuz. Lakin günlərin birində ondan məktub alırsınız və o, sizin sevgilinizlə bir yerdə olmaq üçün sizdən icazə istəyir.
Şübhələnirsiniz. Çünki onların sizdən icazəsiz də görüşdüyünü düşünürsünüz. Günlərin birində qadının hamilə olduğunu eşidirsiniz və dostunuza da, onun qadınına da nifrət dolu bir məktub yazıb əlaqələrinizi kəsirsiniz.
Bir müddət sonra dostunuz müəmmalı şəkildə intihar edir, amma bu hadisə münasibətlərinizdə heç nəyi dəyişmir. Bir də düz qırx il sonra, yaşlanıb saç-saqqalı ağarmış qocaya dönəndə hadisələri təkrar vərəvurd eləmək imkanınız olur və gördükləriniz sizi heyrətə salır: hər şeyi səhv bilmiş, yanlış qərarlar çıxarmısınız!
Üstəlik, intihar edən dostunuzun qayınanasından məktub alırsınız. Bildirir ki, dostunuz sizə miras buraxıb və içərisində sizdən də bəhs edən gündəliyi qalıb, nə olur-olsun onu sizə çatdırmalıdır.
Keçmiş sevgiliniz, yəni dostunuzun arvadı ilə əlaqə yaratmaq məcburiyyətində qalırsınız. Ancaq o, sizə gündəliyi vermək istəmir.
Onunla görüşüb-söhbət edirsiniz, bağışlanmağınızı diləyirsiniz. Sizə heç nə demir, dolğun bir cavab vermir. Ayrılandan sonra adi bir təsadüfdən dostunun sənin sevgilinlə deyil, onun anası ilə münasibətdə olduğunu öyrənirsiniz. Bu münasibətdən bir oğlanları da doğulub, ruhi xəstədir.
İlahi, hər şey necə də yanlış imiş...
Söhbət Culian Barnsın Azərbaycan dilində yenicə nəşr olunan “Aqibət duyğusu” romanından gedir... 2011-in Buker mükafatını alan, böyük ingilis yazıçısının, əsasən ən uğurlu əsəri hesab olunan məşhur romanını dilimizə Seyfəddin Hüseynli çevirib.
Barns tarixə fərqli münasibət göstərir. Ümumiyyətlə, biz keçmişə heç vaxt obyektiv baxa bilmirik. Keçmiş real deyil, bizim beynimizdəki fiksiyadan ibarətdir. Ona görə subyektivdir. Tarix də bu cürdür.
90-cı illər hadisələri ilə bağlı telekanallarda çəkilən verilişləri, tok-şouları yadınıza salın. Götürək elə Araz çayının məftillərinin kəsilməsini, yaxud 91-in noyabrındakı vertolyot faciəsini.
Hadisə gözümüzün önündə, bizim zamanımızda baş verib. Amma danışanların hərəsi bir cür danışır, bir cür qiymətləndirir, mübahisə, bəzən dava düşür. Hətta biz özümüz iştirakı olduğumuz hadisələr haqqında, ovqatımıza uyğun olaraq müxtəlif cür düşünə, müxtəlif cür qərar çıxara bilirik.
İnsanın və cəmiyyətin keçmişə və tarixə belə münasibəti “Aqibət duyğusu” romanında postmodern nəsrə xas olan ikibaşlılıq, çoxyönlülük, plüralizm prinsipləri ilə üst-üstə düşərək uğurla ifadə olunub. Ən başlıcası nəzəri-intellektual plastda qoyulan məsələlər zahiri qatda, adi insan həyatında inandırıcı detallarla, təbii axara malik maraqlı hekayət kimi uğurla işlənib. Yəni roman alt qatda qoyulan məsələlərə, göndərmələrə - intellektual nəsrə aid digər keyfiyyətlərə nüfuz etməyən oxucuya da maraqlı gəlir, ona yüksək bədii-estetik zövq yaşadır.
Hadisələri olduqca maraqlı və oxunaqlı qələmə alan yazıçının yumor hissi, insani həssaslığı, açıq-saçıq məqamlarla bağlı sərbəstliyi valehedicidir.
İnsan keçmişə qarşı acizdir. Kim olursan ol, onu dəyişmək, ona nüfuz etmək qüdrətində deyilsən. Keçmiş dəyişmir və sabit bir abidə kimi səndən getdikcə uzaqlaşıb mistik dumana bürünür. Keçmişin müəmması artdıqca sənə daha çox əzab verir. Yaddaşına üz tutursan, orda yanlış düşündüklərini düzəltməklə təskinlik tapırsan. Ancaq şübhələr səni didməyindədir. Bəlkə indi yaşadıqların da, indi düşündüklərin də bir yanlışdır?
Keçmiş sənə həm əlçatmaz olduğu üçün, həm də dərin peşmançılıq bəxş etdiyi üçün əzab verir. Sən axı niyə belə etmisən? Etdiklərindən ötrü üzr istəməyə adam da tapa bilmirsən.
Nə olaydı, kaş bir neçə dəqiqəliyə o anları geri qaytarmaq mümkün olaydı, sən dərhal səhvini düzəldər, yanlışı aradan qaldırıb ömür boyu rahatlıqla yaşayardın.
Ağır söhbətdir!
Təbii ki, bütün bu hissləri bizə yaşatmaq tərcüməçinin uğurudur. Əsər Azərbaycan dilində yazılmış mətn kimi oxunur. Son zamanlar ölkəmizdə çap olunan əksər tərcümə kitablarındakı dil, üslub, redaktə və məntiq xətaları ilə rastlaşmırsan. Hətta qrammatik səhvlərlə də...
Həmişə demişəm, bir daha təkrar edim; mətnin dil, üslub xətaları olanda onun içinə nüfuz etmək çətinləşir. Baxın, siz qarammatik səhvlə yazılmış reklam və tanıtım lövhələrini görəndə hansı hissləri keçirirsiniz? Yəqin düşünürsünüz ki, burda xidmətin səviyyəsi də, satılan, təqdim olunan malların keyfiyyəti də aşağı olacaq. Haqlısınız. Hər şey məhz elə o hərf xətasından başlayır və davam edir.
“Aqbibət duyğusu” romanı adından tutmuş son cümləsinə qədər hədəfi vuran bir əsərdir. Şübhəsiz, yazıçının cümlələrinin o qədər də uzun və mürəkkəb olmaması işi bir az asanlaşdırıb. Bunun əvəsinə romanın mükəmməl alt yapısı tərcüməçini ikiqat çətin duruma salır.
Culian Barnsın bu əsəri həm də çağdaş dünyanın nə yazdığı, nəyə maraq göstərdiyi baxımından çox qiymətlidir. Məncə bu kitab bizimlə dünya arasındakı məsafəni bir az da qısaltdı, Qərbi bir az da əlçatan elədi. Dünyaya səs salan yazıçıların hiss və duyğularının, yazmaq səriştəsinin, romançılıq təcrübəsinin bizdən o qədər də uzaq olmadığını sübut etdi.
Ona görə tərcüməçi dostumuz Seyfəddin Hüseynliyə ürəkdən bir təşəkkür borcu hiss etdim öz içimdə. Seyfəddin bəy dünyanı Azərbaycana gətirmək istiqamətində ardıcıl uğurlu işlər görməkdədir. Erməni, gürcü müasirlərimizin hekayələrinin tərcüməsindən tutmuş, “Dünya ədəbiyyatı” dərgisinin ölkələr üzrə (İran ədəbiyyatı, ingilis ədəbiyyatı və s.) buraxılışlarına və haqqında bəhs etdiyimiz kitabacan... Yaxşı seçir, yaxşı təqdim edir, yaxşı nəticə alır. Davamlı olsun.