Və sonra da deyirik ki, xalq bizi oxumur...

Və sonra da deyirik ki, xalq bizi oxumur...
18 iyun 2013
# 10:12

Şərqdə uşaqların da əzbər bildiyi maraqlı bir pritça var: İbrahim peyğəmbər oda atılırkən görürlər ki, bir qaranquş dimdiyində su aparıb odun üstünə atır. Gülürlər qaranquşa, bu boyda odun qarşısında sənin dimdiyindəki bir damcı su nəyə yarar?

Qaranquş deyir, bilirəm, ancaq bu hərəkətimlə yerimi bəlirləyir, şərin yanında olmadığımı ifadə edirəm.

Son illər Azərbaycanda baş verən hadisələr təkrar-təkrar bu pritçanı xəyalımda canlandırır.

Yaxşı, baş verən ölkə əhəmiyyətli hadisələrə münasibətdə “siyasətə qarışmıram” deyib yaxanı kənara çəkdin, bəs üzvü olduğun birliklərdə baş verənlərə necə?

Təsəvvür edin, Rafiq Tağı Azərbaycan Yazıçılar Birliyinin katibləri tərəfindən əməlli-başlı repressiya olunur, oradan uzaqlaşdırılır, amma Rafiq Tağıya dostam deyən, onunla qucaqlaşıb öpüşən, hətta həkim kimi xidmətlərindən yararlanan onlarla yazar (YAZAR a!) ağzına su alıb susur. İndi sizə sual verirəm, biz əslində Rafiq Tağı kimi dəyərli bir insanı məhz həmin an itirmədikmi? Doğrudur, onu müdafiə edənlər vardı, ancaq əgər lazımı səviyyədə olsaydı bəlkə də bu gün yaşayardı. İrtica və cəhalət onun arxasında dayanan gücdən ehtiyat edərdi.

Yaxud Əkrəm Əylisli... Onun mübahisəli əsərinə rəğmən AYB-nin ustad yazıçı barədə yazdığı bəyanatını oxuyanda tüklərim biz-biz durdu. İnanın “Daş yuxular”dan yüz dəfə təhlükəli idi o bəyanat. İnsana nə qədər nifrət edərlərmiş, İlahi?! Biz hansı əsrdə yaşayırıq?

Nə yazmasından asılı olmayaraq böyük bir ictimai təşkilatın yazıçıya bu cür münasibətinin adını qoymağa istedadım çatmır. Bir-iki gəncdən başqa kimin səsi çıxdı? Halbuki bu bəyanat həmin o 1600 nəfərin adından verimişdi. Nə mətbuat xidmətinin, nə katibliyin, məhz bütün üzvlərin!

Bu necə ola bilər ki, 1600 YAZARın içərisində sözü gedən bəyanata etiraz edən, onun heç olmasa bir cümləsi ilə razılaşmayan bir nəfər də olsun Allah bəndəsi yox idi! Belə laqeydlik olar? Belə qorxaqlıq olar?

Yaxşı, deyək ki, Rafiq Tağının və Əkrəm Əylislinin ortada ajiotaj yaradan, birmənalı qarşılanmayan kəskin yazıları vardı. Bəs Akif Əli necə? Bu istedadlı və ziyalı insana qarşı münasibət nə üçün kimsədə etiraz doğurmadı? O ki, təhqir hesab edilən bir cümlə də yazmamışdı?

Bütün bunlardan sonra gedirik əsər yazmağa...

Və sonra da deyirik ki, xalq bizi oxumur.

Niyə də oxusun?!

P.S. Uşaq vaxtı eşitmişdik ki, kərtənkələ İbrahim peyğəmbərin yandığı alova çör-çöp daşıyırmış. Ona görə harada kərtənkələ görürdük, o saat öldürürdük.

# 2790 dəfə oxunub

Müəllifin son yazıları

# # #