Kulis.Az “Çanaqqala 18 Mart Universiteti”nin professoru, şair Məmməd İsmayılla geniş müsahibəni təqdim edir.
- Qurultaydakı çıxışınıza görə son günlər mətbuatın qəhrəmanına çevrildiniz. Amma mən başqa sualla başlamaq istəyirəm söhbətimizə… 75 yaşınızdan… Bu ilin payızında tamam olur. Maşallah, heç o yaşda görünmürsünüz…
- Bədən ruhun xidmətindədir. Mən bədənimi ruhuma tabe etdirməyi bacaran adamam. Ağzı nədir sözümə qulaq asmasın. Ağrı-acını, xəstəliyi qapımdan qova bilirəm. İçimdə bir inam var ki, xəstlənmərəm, heç bir fiziki ağrı məni sındıra bilməz... Hələ bundan sonra 20 il də beləcə yaşayacam!
- İnşallah! Yubileyinizi qeyd edəcəksinizmi?
- Yubileylə bağlı bunu deyə bilərəm. Bəzən düzənliklə gedirsən, öz adını nə qədər yüksəkdən söyləyirsən, heç bir əks-səda gəlmir. Amma dağların, qayaların arasında bu belə deyil. Ətraf, səni əhatə edən mühit əks-sədası ilə səsinə səs verir. Bu mənada bəzi işlər görmək lazımdır. Sözün düzü, mənə qalarsa, yubileyimin keçirilməsindən ötrü o qədər də narahat deyiləm. Sadəcə bu təşəbbüsdə bulunan adamlar var. Həm Türkiyədə, həm Rusiyada, həm də təbii ki, Azərbaycanda...
- Mən bilən, yeni kitab hazırlayırsınız...
- Üç kitabım hazırlanır. Bir romanım var, üç dildə - türk, rus və Azərbaycan dillərində çap olunacaq. Roman “Azərbaycan” jurnalının 10 və 11-ci nömrələrində çıxıb. Oxumağınızı məsləhət görərdim. Bundan əvvəl “Bayat” adlı bir povest yazmışdım, özümdən xəbərsiz on gün dalbadal “Azadlıq” radiosunda oxunmuşdu. Yəni, demək istəyirəm ki, nəsr yaradıcılığım təsadüfi deyil...
- Məncə, bu tendensiya yalnız bizdədir ki, şair təkcə şeir yazmalıdır. Dünyada belə deyil. Elə Türkiyənin özündə də belə bir mütləq bölgü yoxdur.
- Türkiyədə Nəcip Fazil Qısakürək, Əhməd Hamdi Tanpınar yaradıcılığı dediyinizə ən ciddi örnəkdir. Əhməd Hamdi Tanpınarın Parisdən, Londondan dostlarına yazdığı məktublar var – dəhşətli şəkildə gözəl ədəbiyyat nümunələridir. Epistolyar ədəbiyyatın elə bir zirvəsidir ki, oxuyanda adamın ayağının altından yer qaçır. Həm də 59-60 yaşında yazılan məktublardı... Heyrətə gəlirsən ki, Allahım, ya Rəbbim Azərbaycanda bu düşüncəyə malik bir qələm adamı varmı? Çoxyönlülük mənasında deyirəm. Bunun da bir çox nədənləri var. Avropa ədəbiyyatının bizə təsiri Rusiya üzərindən gəlib. Biz Avropanı Rusiyanın təqdim etdiyi kimi qəbul etməyə məcbur olmuşuq. Türkiyə belə deyil. O, birbaşa götürüb götürdüyünü. Həm də gözəl götürüb. Bəzən bizdə yanlışlıqla deyirlər ki, Azərbaycan şeiri türk şeirindən güclüdür. İnanın, bu, böyük bir rəzalətdir! Oxumamaqdan, savadsızlıqdan doğan bir fikirdir.
- Mənə elə gəlir ki, Məmməd İsmayılın yaradıcılığının Türkiyə dövrü tamamilə fərqlidir. Çılğın, publikaya işləyən, yaxşı mənada pafoslu siyasi lirika sakit, irfan əxlaqına yan almış təmkinlə əvəzlənir elə bil...
- Doğru müşahidədir. Blokun məşhur biz sözü var, deyir, şairin karyerası olmur, qədəri olur. Mən də qədər adamıyam. Dastan kimi həyatım var. Bunu özümü öymək üçün demirəm. Bilənlər bilir... Qədər özü məni Türkiyəyə atdı. Həm də, bəyim, Türkiyənin elə bir yerinə atdı ki, mən o yeri 15 sənə əvvəl şeirimdə vəsf eləmişəm.
İki sahil yaxasıyam,
Həsrət-həsrət baxasıyam.
Mən Dardanel boğazıyam,
Hər kəs məndən keçib gedir.
Türkiyəyə getməmişdən 15 il öncə yazılıb bu şeir? Niyə mən? Nədən tale bu boğaz yaxaları üçün məni seçdi? Nəsə söhbətdən söhbətə keçdik, nədən danışdığımı unutdum.
- Yubileyinizə hazırlıqdan danışırdınız...
- Hə... Dediyim kimi, Moskvada, Bakıda və təbii Çanaqqalada tədbirlərin keçirilməsi və mətbuatda işıqlandırılması ilə bağlı çalışan dostlar var. Mən də yox demirəm. Amma buna can atmıram da! Bilirsiniz, bir adam həqiqətə ulaşdıqdan sonra, yerdə qalanlar, Səməd Mənsur demiş, rəngidir!
- Həqiqətə ulaşmaq çox iddialı səslənmir ki? Füzuli bu məqamlarda çox tərəddüd edirdi.
- Mən, belə bir deyimin olduğunu xatırlatdım. Bu, öz fikrim deyil. Bir axsaq qarışqa Həcc yoluna çıxır. Deyirlər, axı bu ayaqla gedib mənzil başına çata bilməyəcəksən. Qarışqa deyir, amma biləcəm ki, hansı yolu gedirəm və hansı yolda ölürəm.
- Şəriətlə aranız necədir?
- Mən din adamı deyiləm. Sadəcə, Allaha inanıram. Bütün dinlərə eyni münasibətim var. Məsələn, buddizmi də əvvəldən axıracan oxumuşam... İncilin bütün variantlarını, eyni zamanda digər dini kitabları və təbii Quranı, müxtəlif təfsirləri... Bacardığım qədər dinlər mövzusunda mütaliə edib nələrsə öyrənmişəm. Kitabxanam da bu mənada çox zəngindir. Açığını deyim ki, Quranın özü deyil də, İslam bir az yəhudi projesi kimi gəlir mənə. Bu barədə türklərlə də çox mübahisələrim olub. Quranın 60 faizi, hardasa İslam əfsanələrinin 60 faizi yəhudi əfsanələrdir.
Quranla bağlı müzakirə olunası məqamla çoxdur. Məsələn, oğulluğun boşadığı qadınla bağlı ayə? Və yaxud, birinci ayənin iyirmi birinci, iyirmi birinci ayənin birinci verilməsi və s. Mübahisəli məqamlar çoxdur. Əslində, mənim İslama qarşı elə bir düşüncəm yoxdur. Müsəlman coğrafiyasında doğulmuşam və böyümüşəm. Bizim kənddə məscid də olub. Amma sonralar o məscidi dağıtdılar. O daşlardan bir nəfər ev tikdi özünə. Həmin adamın övladları bir-bir ölüb getdi. Məncə, bu hadisə İslamın sirrinin-sehrinin bir sübutu idi.
- Üç kitabım hazırlanır, dediniz. Amma yalnız romandan danışa bildik...
- Biri “70-dən sonra” adlı şeirlər kitabıdır ki, adından göründüyü kimi, son illər yazdıqlarım toplanacaq. Üçüncüsü, “Kirildən latına özü çevrilmək istəyən şeirlər”. Özləri uzaqdan qışqırır ki, bizi, latın qrafikasında çap eləyin. Məncə, keçmiş yaradıcılığı təftiş eləmək lazımdır arada. Bu, dünya təcrübəsində də var.
Fəlsəfi məqalələrdən ibarət daha bir kitab da hazırlamaq istəyirəm.
- Şeir kitabınızda gənclik illərinizin populyar şeirləri olacaq?
- Bir qismi olacaq. Bundan əvvəl “Yoxun varlığı” adında şeirlər kitabım çıxıb. Aydın və net şəkildə deyirəm: bu, mənim ən gözəl şeir kitabımdır. Bilirsən, sovet dövrü bizi bədbəxt elədi. Faydalı tərəflərini də gördük, amma həm də bədbəxt elədi. Deyim niyə. Məsələn, Ramiz Rövşənin, Vaqif Səmədoğlunun yaşam problemi yox idi. Atalarından qalma imkanlar hesabına rahat yaşaya bilirdilər. Ona görə illərlə kitab çap eləməyə ehtiyacları yox idi və ən gözəl şeirlərini toplamaqla kiçik həcmli kitablar buraxırdılar. Biz yetimlər isə ailə-ev qayğısına görə iki-üç ildən bir kitab buraxmağa məcbur idik. Qonorara görə... Beləliklə, zəif şeirlərimiz də oxucuya yol tapırdı. Amma son 25-30 ildə mənim belə bir dərdim yoxdur. Demirəm, varlanmışam, pullanmışam. Yox. Sadəcə yaşamaq imkanlarım var və kitablarımı ürəyim istəyən kimi buraxa bilirəm. Elə şeirləri çap edirəm ki, mən dünyada olmayanda da oxucuların qapısını döyə bilsin. Kitablarım adamlara yük olmasın, onların qolundan tutsun.
- AYB qurultayındakı məşhur çıxışınızda özünüz barədə “Ala qarğa” ifadəsini işlətdiniz... Mənim yadıma bir zamanlar çox məşhur olan “Ağacdələn” şeiriniz düşdü. Bayaq söhbətimizdə də, taleyin niyə məhz sizi seçdiyini soruşdunuz. Bir daha qapınızı döyən həmin ağacdələni xatırladım. Mənə elə gəlir, sizi həmin ağacdələn seçdi və siz heç vaxt o ağacdələni aldatmadınız. Ona görə qurultayda da ala qarğadan çox, mənəvi təmizlik işləri aparan ağacdələnə bənzəyirdiniz...
- (Gülür) Bu sənin, yaxşı mənada, mücərrəd təfəkkürünün məhsuludur. Buna görə çox sağ ol! Mən özüm bilirəm ki, kiməm. Bir şeirimdə belə bir fikir var ki, mən pis adamam və mənə bu pislikləri öyrədən var. Amma imkan varsa, yaxşı adamı göstərin! Hər şey bir yana sənə maraqlı bir əhvalat danışım.
Həmin o ağacdələn qapısını döyən evi anamla mən dişimizlə-dırnağımızla tikib başa gətirdik. Sonra imkanlar bir az düzələndə yanında təzə ev tikdirdim. Dostlardan biri dedi, köhnə evi uçurma, o ev sənin ilhamının yuvasıdır. Doğru deyirdi. Evlərin ruhu və mistikası var. Amma mən o evi uçurdum və inanın, düz on il şeir yaza bilmədim! Bəlkə də anamın alın təriylə tikilən o evi uçurduğum üçün bu təzə ev də xaraba qaldı. İnsan nəfəsi dəyməyən ev xarabadır. O evin də qapısını ağacdələnlər döyür indi.
- Rəhmətlik Sücaəti ilk dəfə siz çap etdiniz "Gənclik" jurnalında...
- Bəs kim eləməli idi (gülür).
- O, demək olar ki, dissident idi. Çap olunmağa qoymurdular, universitetdən qovulmuşdu, türmə yatmışdı, rejimi sərt tənqid edirdi. Amma dildə-ağızda gəzirdi şeirləri...
- Yüzdə yüz elədir! O, çox gözəl şairdir. Mən özüm də bəzi şeirlərini əzbər bilirəm.
- Məncə, Sücaətə münasibətiniz vicdan məsələsi idi...
- Əlbəttə. Vicdan atom kimidir. Gözlə görünmür, amma dünyanı orbitindən çıxarmaq gücünə malikdir. Vicdan olmasa, insaf olmasa o yerdə insanlıq yoxdur.
- Amma müasir dünyada vicdan, insaf, iman kimi məfhumlara ironik yanaşan, eyni zamanda uğur qazanan, tanınan müəlliflər var.
- Feodalizm insanı köləlikdən azad elədi, kapitalizm onu pulun köləsinə çevirdi. Və əslində vəziyyət daha da pisləşdi. Dünyaya hakim olan güc – paradır! Para da şeytani gücdür. Bu dəqiqə dünyanı şeytan idarə edir.
- Şeytan ədəbiyyatda da ağalıq eləyir?
- Əlbəttə! Hanı fransız şeiri? Hanı Bodler şeiri?
- Ümumilikdə, şeir böhran dövrünü yaşayır...
- Yox, yox! Şeirin böhranı əslində dünyadakı rejimin böhranıdır. Nihilist xəttin inkişafının məhsuludur. Əslində postmodernizm adlanan bu epoxa bic və hiyləgərdir. Xaosun, qarmaqarışıqlığın, lağ eləməyin, tarixə ironik münasibətin tərəqqisidir.
- Bəlkə Seyran Səxavətin qurultayda gənclər haqda işlətdiyi “bic” sözünün mabədi də burdandır?
- Seyran Səxavətə sayğı duyurdum. Amma, açığını deyim, o çıxışından sonra Seyran Səxavətə nifrət elədim. Axı sən bu çıxışla nə demək istəyirsən, sənin gözləntin nədir?
- Türkiyədə belə bir səhnə təsəvvür edirsiniz: 400 nəfər yığılıb bir nəfər kimi eyni sözü deyir və eyni adamı beşinci dəfə yazıçıların rəhbəri seçir.
- Türk toplumu cahillərlə ərmişlərin (məqama yetmiş deməkdir – Ş.A.) eyni coğrafiyada yaşadığı toplumdur. 60 faiz cahil varsa, 40 faiz ərmiş var və bu, cəmiyyəti kompensasiya edir. Türkiyədə bizim qurultay kimi qurultay olsa, ən azı 100 nəfər qalxıb məndən də sərt danışacaq, üsyan edəcəkdi. Yaradıcılıq nə deməkdir? Yaradıcılıq elə mübahisədir də... İşıq olmayan yer qaranlığa məhkumdur. İnan, bəzən, ordan Azərbaycana baxanda gözlərim yaşla dolur. Balalarımın canı haqqı, heç bir təmənnam yoxdur. Mən bunu Anar müəllimə öz otağında demişəm. Demişəm, qardaşım, nə adda gözüm var, nə var-dövlətdə. Mən yetim böyümüşəm. Mənim başladığım yerdən kimsə gəlib çıxa bilməzdi buralara. Həyatın hər üzünü görmüşəm. Məni ədəbiyyatda yalnız həqiqət, halallıq maraqlandırıb.
- Türkiyəyə alışmaq çətin olmadı ki, Azərbaycanda sevilən bir şair üçün?
- İnanın, bu məsələ ən yaralı yerimdi. Vətənində mindən biri olanın, qürbətdə on milyondan biri olmaq faciəsi var. Amma ən çətin anlarda da içimdə bir arxayınçılıq vardı. Çünki, bilirəm ki, alın yazımız bizdən daha da ağıllıdır.
Mən dünyanın elə bir yerinə düşmüşəm ki, o yeri özüm özümə bilmədən arzulamışam. Qışın qış günü axşamlar Boğaz sularının üstündə elə mənzərə yaranır ki, dünyanın heç bir yerində yoxdur. Mən də ərinmədən fotoyla çəkirəm bu mənzərələri. Yaxşı foto-arxivim var. Çanaqqala həm coğrafi, həm tarixi, həm də mənəvi baxımdan qeyri-adi yerdir.
Bu məqamda nə yadıma düşdü: mən əsgərlikdə olanda anamdan soruşarlarmış: “Oğlun hara düşüb?” Anam cavab verərmiş: “Ujurumun yanına!” Bu bilirsən hansı sözdür?
- Uçurum?
- Yox, “Uc” sözüdür. Bizdə “Uj” kimi tələffüz olunur. Məmləkətin ən ucqar yerinə türklər “Ucbəyi” təyin edirdilər. “Uc” “Sərhəd” mənasında işlənir. Anamın dediyi söz rumlarla səhrəd mənasını verir. “Uju rum!” Əlbətə o, bu sözün mənasını bilmirdi. Sadəcə uzaqlıq mənasında işlədirdi. Mən özüm də bu ifadənin mənasını Çanaqqalada, Dardanel boğazının Avropa yaxasına köçəndən sonra anladım.
- Sizi tezmi başa düşdülər Çanaqqalada? İşlədiyiniz Universitetdə...
- Mən çıxış edəndə ovsunlanmayan salon olmadı. Öyrətmən kimi də problemim yoxdur. Bircə azəri sözünə görə davamız düşür. Deyirəm, bizə Azərbaycan türkləri deyin, azəri yox!
Şərif Ağayar
Fotolar Elvin Bayramlınındır