Kulis.az Şərif Ağayarın yeni yazdığı “Rəngli karandaşlar” adlı qısa hekayəni təqdim edir.
Cemal Süreyaya ithaf edirəm
Qadın evlilikdən yorulmuşdu, kişi ailəsindən yenicə ayrılmışdı...
Qadının evlilikdən yorulduğu, kişinin ailəsindən ayrıldığı vaxt təsadüfən sosial şəbəkədə tanış oldular.
Qadın bu il məktəbə gedən oğlundan, kişi skripka çalan qızından danışdı, bir-birinə uşaqların fotolarını atdılar.
Darıxdılar bir-birindən ötrü, aydan-ulduzdan, dağdan-dərədən, ən çox da uşaqlarından danışmağa ehtiyac duydular.
Günlərin birində görüşmək qərarına gəldilər.
Budur, axşamın ala-toranında sakit parkların birində yanaşı oturublar. Göz-gözə gəlməkdən utanırlar. Danışmağa söz tapmırlar. Kişi nəhayət boğazını arıtlayır:
- Oğlun necədir?
Qadının üzündə xoşbəxt təbəssüm dolaşır, gözləri gecə fənərlərini həyat eşqiylə əks etdirir:
- Ona çoxlu karandaşlar almışam...
Əlini irəli uzadıb barmaqlarını havada oynadır:
- Naxışlı... Uzun... Rəngbərəng...
Udqunub duruxur, gözləri xəfifcə yaşarır, səsi titrəyir:
- Heyif, bu gün birini məktəbdə itirib.
Araya yenə sükut düşür. Bütün bildikləri sözləri unudurlar. Uzun səssizliyin ardınca kişi özündən asılı olmadan soruşur:
- Hansı rəngi itirib?..