Kulis.az Şərif ağayarın “Yalnızlıq” adlı qısa hekayəsini təqdim edir.
Qoca fəhlə nahar zamanı kiçik bankəyə yığılmış balaca tənək dolmalarını bir-bir dişsiz ağzına atıb sağa-sola gəvələdi, üstündən bir çappa ayran içdi, arıq əlləri ilə dodaqlarını silib gəyirdi.
Sonra siqaret yandırdı və tüstüdən acışan gözlərini qıyaraq düşündü:
"Cavandım. Araz aşığımdandı, Kür topuğumdan. Qəfil ömrümə mələk misallı bir qadın təşrif gətirdi. Xumar gözlərini qüssəylə süzdürüb pıçıldadı: "Yalnızam!"
"Artıq, deyilsən!" - söylədim əminliklə və titrəyən əllərindən bərk-bərk yapışdım!"