Hə, mənim əzizlərim, aşıqlar ustadnaməni bir yox, iki deyərlər. Mən də Ağcabədinin Kəhrizli kəndi, Həmidə xanım Cavanşirin ev muzeyi haqda yazımda verdiyim sözə əməl edərək, sizi şair Vaqif Kəhrizli ilə yaxından tanış edim ki, bizdə də iki olsun. Üçüncüyə Allah kərimdi...
Dünyada cürbəcür şairlər olur. Eləsi var, özü şeirindən uzun yaşayır. Eləsi var sözü sağlığında əbədiyyət qazanır. Eləsi var şöhrətini görmür, eləsi var görür. Bəziləri yalançı şöhrət qazanır, ömrünün sonlarında guppultuyla yerə düşür. Bəziləri nə sağlığında, nə öləndən sonra haqq etdiyi hörmətə-izzətə çata bilir. Bir də, sözündən məşhur və ya, əksinə, sözü özündən məşhur şairlər var. Bizim qəhrəmanımız sonunculardandır.
Yəqin aşağıdakı şeir parçasını çox eşitmisiniz:
Azərbaycan - mənim elim!
Azərbaycan - mənim dilim!
Doğransam da dilim-dilim
Ana dilim ölən deyil!
Başqa dilə dönən deyil!
Mən də eşitmişəm! Amma onun müəllifinin ədəbi mühitdə tanınmayan bir qələm sahibi olduğuna məəttəl qalmışam. Ədəbi mühit bir yana, bu şeiri oxuyan müğənnilərin də çoxu onu tanımır. İraq Vaqif müəllimdən, lap Lorka yadıma düşdü. Onu güllələyib gələn əsgərlər dodaqaltı Lorkanın anasına yazdığı şeiri oxuyurdular və öldürdükləri adamın bu şeirin müəllifi olduğunu bilmirdilər.
Bir yana baxanda, şairi-yazıçını unutmaqla da öldürmək olar. Nə var ki, burda. Gözlərini yum, özünü görməzliyə vur, qurtarsın-getsin! Bir ömürdü də, gəlib keçəcək. Ondan sonra heç günah mələklərinin də yadına düşməyəcəksən! Di gəl, Vaqif Kəhrizli inad edir bu söhbətdə. İşini-gücünü atıb bir şeirin dalınca düşüb. İnanılmazdır...
Şairlə Kəhrizli kəndindəki evində görüşdük. Ordan-burdan xeyli danışdıq. Söhbətin maraqlı məqamlarını təqdim edirəm.
- Necəsiz, Vaqif müəllim? Dolanışığınız necədir.
- Şükür Allahın birliyinə... Pis deyil. Özüm də işləyirəm, uşaqlar da. Dolanırıq... Kəndim musiqi məktəbində müəlliməm. Rayon rəhbərliyi də, camaat da mənə qələm adamı kimi böyük hörmətlə yanaşır. Bu yaxınlarda 60 illiyimi qeyd elədilər.
- O, günü zəng eləmisiz ki, müğənni Əflatun Qubadovun telefonunu tapım. Neyləyirdiniz? Toy-zad vardı?
- Yox. Mənim şeirimi oxudu axı ANS-də. “Ana dilim ölən deyil” şeirini deyirəm. Soruşdular, dedi sözlərin müəllifini tanımıram. Dedim, tanışlıq verim, bilsin kimdən oxuyur. Danışa da bilmədim. Telefonu götürmədi nədənsə...
- Mesaj yazın ki, babat bir toy var, özü yığar sizi...
- (Gülür).
- Doğrudan o şeir sizindi?
- Sizə yalan deyirəm? Məndə videoda da var. Əlibaba Məmmədov bu mübahisəli məsələdən danışır. İstəyirsən uşaqlara deyim gətirib göstərsinlər. Telefonlarında var.
- İnanıram. Mən o şeiri Bəxtiyar Vahabzadənin bilirdim. O yazırdı belə şeylər.
- (Gülür) Təkcə Bəxtiyar müəllimin yox, Məmməd Arazın da, Xəlil Rzanın da adına çıxıblar bu şeiri. Əslində mən buna sevinmişəm həmişə. Demişəm, görün necə şeir yazmışam ki, belə böyük sənətkarların adına deyirlər.
- Bəlkə şeirin tarixçəsini qısa danışasız. Necə oldu ki, belə məşhurlaşdı?
- 1983-cü il idi. Kəhrizli kənd Mədəniyyət Evində müdir işləyirdim. Bir gün görkəmli xanəndələr Əlibaba Məmmədov, Səxavət Məmmədov, müğənni Zümrüd Məmmədova bizə qonaq gəldilər. Yaxşı konsert proqramı oldu. Mən görüşüb söhbət elədiyimiz vaxt balaca bir kağızda bu şeiri yazıb Əlibaba Məmmədova verdim. Bir söz demədi, oxudu, qatlayıb cibinə qoydu. Bir müddət sonra eşitdim ki, müğənnilər mahnıların içində muğam üstdə oxuyurlar. Əlibaba müəllimdən sonra ilk dəfə, mən bilən, rəhmətlik Baba Mahmudoğlu oxumuşdu. Ardınca, demək olar ki, hamı. Məmmədbağır Bağırzadə, Ağadadş Ağayev, Mətanət İsgəndərli, Manaf Ağayev... Saymaqla bitməz. Heç biri də sözlərin müəllifinin adını çəkməyib. Halbuki Əlibaba Məmmədov sənə danışdıqlarımı televiziyada danışıb, dəfələrlə adımı çəkib. Hətta muğam müsabiqələri vaxtı yaranan mübahisəyə də o son qoydu. Bir dəfə də xalq artisti Mənsum İbrahimov mənim barəmdə danışıb, şeirin mənə aid olduğunu deyib.
- Əşşi, bir şeirdi də, bağışlayın getsin. Başqasını yazarsız...
- (Gülür) Bağışlamışam dəəə... Bağışlamaq necə olur?
- Bəlkə qonorar istəyəsiz? İndyəcən oxuyanlar buna görə vəsait ödəsə yaxşı qazancınız olar.
- (Yenə gülür). Çox böyük pul eləyər... Amma mən heç nə istəmirəm. Müəllifin adını desinlər, bəsimdi. Onu da deyim ki, şeirin şəhadətnaməsini də almışam... Müəllif Hüquqları Agentliyindən. Bir dəfə də hörmətli professorumuz Nizami Cəfərova teleqram vurdum. Sonra zəng elədim, şeiri telefonda ona oxudum.
- Əməlli-başlı iş görmüsüz. İndən belə bu şeiri sizdən ermənilər də ala bilməz! Bəlkə tam olaraq tanış olaq şeirlə. Deyəsən, Əlibaba müəllim bir bəndi ixtisar edib.
- İxtisar etməyib. Bir bəndi sonra mən əlavə eləmişəm.
Aylar ötür, il dəyişir,
Geden geri donən deyil.
Laçın könlüm pərvaz edir,
Səmasından enən deyil.
Bir dağam ki, göydə başım,
Çox qədimdir mənim yaşım.
Alovlansa bircə daşım,
Milyon illər sönən deyil.
Azərbaycan - mənim elim,
Azərbaycan - mənim dilim
Doğransa da dilim dilim
Başqa dilə çönən deyil
Həm Arazam, həm də Kürəm,
Axıb Xəzərə tökülləm.
Dilim ölsə, mən də ölləm
Ana dilim ölən deyil
Sonra bu bəndi əlavə elədim:
Vaqif deyər, aram-aram,
Şairlikdə mən də varam.
Öz dilimlə bəxtiyaram,
Onsuz üzüm gülən deyil,
Ana dilim ölən deyil.
- Deyəsən, bu bəndi hirslənib yazmısınız. Həm adınızı çəkmisiz, həm də açıqca mən də özümə görə şairəm demisiz. Üstəlik “bəxtiyar” sözündə Bəxtiyar Vahabzadə assosiasiya var.
- Həə... (Gülür) Çox hiss olunur?
- Xeyli...
- Əvvəldən möhür bəndi olsa, səhv salmazdılar heç...
- Sonralar ana dili haqqında şeir yazmadınız?
- Yazdım. Amma...
- Amma məşhurlaşmadı.
- Hə... Yeddi kitabım çıxıb. Bu kitablarda ana dili mövzusu yenə qabarıqdır. Mənə bu dili Füzuli, Sabir, Səməd Vurğun, Şəhriyar sevdirib. Günün hansı vaxtı Şəhriyardan bir kəlmə oxusam. Şeir ovqatına köklənirəm. Son yazım peyğəmbər haqqında poemadır.
- O da Zəlimxan Yaqubun poeması ilə səhv düşməsin? Zəlimxan müəllim də “Peyğəmbər” adlı poema yazıb.
- Nə olsun? Müqəddəs insanlar haqda hər kəs yaza bilər. Heç mən Zəlimxan müəllimin poemasını oxumamışam. Özü də qəsdən oxumadım. Dedim, təsirə düşərəm...
- Müsahibə üçün sağ olun, Vaqif müəllim. Tanrı sizi də qorusun, dilimizi də
- Siz də sağ olun. Zəhmət çəkdiniz...