Metropoliten rəsmisi gənc xanımın kənd adamları ilə bağlı istehzalı atmacası gündəmdə bomba kimi partladı. Nədən ki, sosial şəbəkə iştirakçılarının bir çox kənddən gələnlər, bir çoxu elə indi də rayon və kənddə yaşayanlardır.
Gənc xanım bir şərhlə diqqətləri, qəzəbləri, nifrətləri öz üzərinə çəkdi, axırda üzr istəmək məcburiyyətində qaldı. Lakin Azərbaycandakı kənd-şəhər antaqonizmi bir metro işçisinin yanlışı ilə başlayacaq, üzrü ilə bitəcək qədər bəsit məsələ deyildir.
Məsələnin qəlizliyi ordadır ki, kənd-şəhər ziddiyyətində, bəlkə də davasında tərəflərin hər iksinin haqlı olduğu məqamlar var. Problem də burdan yaranır. Təsəvvür edin iki adam tutaşır, maraqlanıb görürsən ki, hər ikisi haqlıdır. Olur belə şeylər. Həqiqətlər üz-üzə gəlir.
Bəs belə vaxtlarda nə etməli?
Məncə, tərəflərin haqlı və haqsız olduğu məqamları sadəcə izah etməli, barışılması mümkün olmayan məqamda hərəni öz fikri ilə Allaha ismarlamalı.
Təəssüf, çağdaş insanımız hələ də anlaya bilmir ki, iki əks fikrin yanaşı yaşaması mümkündür və hətta vacibdir. Günümüz bunu şərtləndirir. Yaşadığımız epoxanın ən vacib dəyərlərindən biri də plüralizmdir və plüralizm əks, fərqli fikirlərin yanaşı dayana bilməsidir.
Kənd və rayon adamları harada haqlıdır?
İnsanın özü seçmədiyi nəsnələrə görə fəxr eləməsi onun dayazlığından xəbər verir. Valideyn, vətən, millət, ölkə, qardaş-bacı, qohum, atadan qalma mal-mülk və s.
Şəhər adamlarının bir çoxunda Nuh-nəbidən kənd adamlarına həqarətli münasibət olub. Bunu sübut etmək üçün onlarla hekayə, şeir, lətifə misal çəkə bilərəm. Ehtiyac duymuram.
Tək Azərbaycanda deyil, bütün dünyada urbanistik mədəniyyəti yaradıb, formalaşdıran böyük şəxsiyyətlərin çoxu əyalətdən gəlmədir. Bizdə Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyov, İsa Hüseynov misalı məncə yetərlidir.
Bakı özü böyük bir kənddir. Burda əlahiddə şəhər mədəniyyəti uydurub rayonlulara yuxarıdan aşağı baxmaq gülüncdür.
Məncə, kənd-şəhər antaqonizminin ən ortaq cəhəti elə bu sonuncu amildir: Bakının böyük bir kənd olması!
Kəndlilər Bakının böyük bir kənd olduğunu düşünərək özlərini şəhər adamları ilə eyniləşdirmək xülyasında ikən, şəhərlilər Bakının böyük bir kəndə çevrilməsində gəlmələri günahlandırırlar.
Və xeyli haqlıdırlar!
Doğrudan da, metroda, avtobusda, digər ictimai yerlərdə özünü apara bilməyən çoxlu insana rast gəlmək olur. Bəzən qadınların dəhşətli kobudluğunun, hətta həyasızlığının şəxsən şahidi olmuşam. Elə dünən “20 Yanvar”da 29 nömrəli avtobusdan düşən bir qadının hərəkətlərini misal çəkə bilərəm. Qatı rayon ləhcələrinin birində danışan bu qadın sürücüqarışıq bütün avtobusdakıları təhqir edirdi, elə söyüşlər söyürdü ki, adam qulaqlarını tutub qaçmaq istəyirdi. Hiss olunurdu ki, həyatı çox çətindir və bu çətinliyin qisasını adamlardan almaq istəyir. Bu cür misallar bir deyil, beş deyil, on beş deyil...
Geyim-keçimindən tutmuş adi söz soruşmasına, növbədə dayanmasına qədər bütün davranışlarında ultra-vulqarlıq nümayiş etdirənlərin mütləq əksəriyyəti kənd adamlarıdır. Qaçqın məhəllələrinin bəzilərinə gedirsən, elə bil cəngəlliyə düşürsən. Bakıda doğulan dünənki uşaqlarda da zərrəcə şəhərə adaptasiya prosesi getməyib. Çünki bu mədəniyyəti valideynlərində görməyiblər. Məktəbdə də adətən özləri kimi uşaqlarla oxuyur, özləri kimi müəllimlərdən dərs alırlar. Çünki qaçqın məktəbləri şəhərin içində ayrıcadır. Burda böyük bir niyə sualı meydana çıxır. Olmazmı hər kəs öz yaşadığı ərazidəki şəhər məktəbinə getsin, şəhərlilərlə qaynayıb-qarışsın, ictimai yerlərdə özünü aparmaq mədəniyyətini əxz etsin.
Olmazmı onlar şəhəri kəndə çevirmək əvəzinə şəhər onları mədəniləşdirsin? Heç olmasa yeni doğulan nəsli...
Elə məsələlər var ki, kənddə normaldır, şəhərdə çox pis görünür. Məsələn, yerə tüpürmək, əliağaclı gəzmək, ot-alaf, pendir-yağ qoxusu vermək, atla hərlənmək, yüz addımdan kimisə haraylayıb çağırmaq və s.
Kəndə normal qəbul edilən elə davranışlar var ki, şəhərdə inzibati xəta sayılar və buna görə adamı məsuliyyətə cəlb edərlər.
Söhbət kəndin, yaxud şəhərin üstünlüyündən yox, insanın mühit fərqliliyini dərk edib ona uyğunlaşmasından gedir.
Necə ki, yasa mini yubkada getmirlər, toya ağlamaq üçün dəsmal aparmırlar.
Kənddə tanıdın-tanımadın kimə istəsən salam verə bilərsən, şəhərdə bu, adamı gülünc vəziyyətə salar.
Kənddə küçədə möhkəm danışa bilirsən, amma şəhərdə diqqət çəkir, adamlara mane olur, kobudluq elementinə çevrilir.
Ağıllı, mədəni insan doğum şəhadətnaməsində yazılan ünvandan asılı olmayaraq harda nə etmək lazım olduğunu çox tez öyrənməlidir. Ən azı buna çalışmalıdır.
Mən də kənddə doğulmuşam. İçimdə çox şeyləri döyə-döyə tərbiyə etməyə çalışmışam. 20 ildir şəhərdəyəm, bəzən içimdə o kənd öküzlüyünü hələ də hiss edirəm. Hətta o öküzü çox gizlinlərdə bəsləmək də olar, lakin bunu büruzə verirsənsə, artıq mədəniyyətsizsən. Unutmayaq, mədəniyyət süni anlayışdır, uydurulmuş anlayışdır. İnsanın təbii halında mədəniyyət zəifdir və bəlkə də heç yoxdur. Lakin bəşəriyyət bunsuz keçinə bilməz.
Gənc bir xanımın iki cümləlik şərhinə görə, onun üstünə düşməkdənsə, özümüzə baxaq, yaşadığımız yerə uyğunlaşmağa çalışaq.
Sonda onu da deyim: o xanım ifadə üsulunu yanlış seçsə də fikrində haqlıdır.
Qadasını aldığım kənd adamları şəhərə doluşur, burda pul qazanır, vəzifə tutur, istedadını nümayiş etdirmək imkanı qazanır. Şəhər onlara hər şey verir, lakin onlar şəhərləşmək istəmirlər. İmkan düşən kimi başı qarlı dağlardan, zümzüməli bulaqlardan danışır, yazır, bəzən kövrəlirlər. Di gəl, gedib oralarda yaşamaq ağıllarının ucundan da keçmir. Axı oralarda şəhərdəki imkan yoxdur.
Bakı bu riyakarlığa görür, çünki çox ağıllı şəhərdir.
Hərdən onu da dinləyin.
Gözləriniz açıq da olsa olar.