“İlk hekayəm 45 yaşımda çap olunub”

“İlk hekayəm 45 yaşımda çap olunub”
23 aprel 2015
# 14:39

Kulis “Yeni ədəbiyyat” layihəsindən Şərif Ağayarın yazıçı Mübariz Örənlə söhbətini təqdim edir. Layihədə ədəbiyyata yeni gəlmiş istedadlı yazarlarla söhbətlər təqdim olunur.

- Mübariz, imzan tanınsa da çoxu sənin hardan gəldiyini, indiyəcən nə işlə məşğul olduğunu bilmir. Polad Ələmdar kimi qəfil peyda oldun ədəbiyyatda.

- Hə... (gülür). Özüm haqqında onu deyə bilərəm ki, İnşaat Mühəndisləri İnstitutunun mexanika fakültəsini bitirmişəm, mexanikəm. İş elə gətirdi ki, institutdan sonra Tümen vilayətinə getdim. Radujnıy şəhərinə. 50-60 min əhalisi olan neft şəhəridir. Balaca, səliqəli...

- Sibirdi də ora?

- Hə.

- Ayağınıza nə geyinirdiniz?

- Keçədən valenka adlı ayaqqabı var... Valenka kömək eləməyəndə maral dərisindən ayaqqabı geyinirdik. Unta deyirlər, sapok kimidi, dizəcən gəlir, qalın padoşu var.

- SSRİ vaxtı idi?

- 91-də getdim. SSRİ dağılırdı artıq.

- Nə iş görürdün?

- Neftdə operator işləyirdim.

- Operator nə iş görür? Neftin şəklini çəkir?

- Cihazlara nəzarət edirdik.

- Deyirlər, soyuq yerlərdə neft marmelat kimi olur, düzdür?

- Yox, adi neftdir. Bizimki kimi.

- O vaxt yazırdın nəsə?

- Tələbəlikdə şeirlər yazmışam. Amma heç vaxt üzə çıxarmamışam, yəqin ki, çıxarmayacam da. Otuza yaxın şeirim var.

- Yadında olanı yoxdur?

- Yox, yoxdur.

- Sənin nəsr dilini mükəmməl hesab etmək olar. Bu dil və üslub təcrübəsiz mümkün deyil axı... Bəlkə yazıb çap olunmamısan?

- Nəsr ümumiyyətlə yazmamışam. Sizin oxuduğunuz hekayələri ilk qələm təcrübəm saymaq olar.

- İnanmaq çətindir. Daxilən də olsa hazırlıq keçmisən.

- Yəqin mütaliənin köməyi olub. Həm də görünür yaddaşda qat-qat yığılıb qalıb nəsə.

- Bəlkə mükəmməl redaktorun var. Aç denən, söz verirəm, heç kimə demərəm...

- (Gülür) Təəssüf ki, yoxdur. Özüm-özümü redaktə edirəm.

- Kimləri oxumusan?

- Sovet vaxtı nə tərcümə olunubsa, oxumuşam. O vaxt Azərbaycanca oxuyurdum, harda təzə kitab görsəm, alıb oxuyurdum.

- İlk hekayən neçə yaşında çıxıb?

- 45.

- “Balıq gülüşü”?

- Yox. Ondan əvvəl “Göy qurşağı” adlı hekayəm vardı. Daha dəqiqi, onuncu sinifdə oxuyanda, “Ağ yel” adlı hekayəvari bir şey yazmışdım, yazılarımın içində qalmışdı. Bu yaxınlarda onu oxudum və bəzi yerləri məni riqqətə gətirdi. İnsan 16-17 yaşda necə belə şeylər yaza bilər? Məndə qəribə bir maraq yarandı ki, o hekayəni tamamlayım. Tamamladım da. Və sonra yenilərini yazmağa başladım.

- 45 yaşacan bu qabiliyyəti içində necə gizləyə bildin?

- Əslində, yazmaq istəmişəm həmişə, sadəcə, vaxtım olmayıb. Ədəbiyyatdan uzaq bir mühitə düşmüşəm. Qaçaqaçda, qovhaqovda yaşamışam. Tümendəki “smen” yoldaşım şair idi - Vladimir Andreyev, özünün şəxsi qəzeti də vardı: “Sobstvennıy qolos”. Dəlisov adam idi. Gecələr onunla ədəbiyyat mübahisələri edirdik. Bir-iki şeirimi rus dilinə çevirib qəzetində çap da eləmişdi. Sonralar Radujnıy şəhərinin meri oldu. Bakıya gələnəcən ədəbiyyat adına görüb-görəcəyim bu idi. Bura gələndən sonra boş vaxtım oldu, ədəbi mühitlə əlaqə qurdum və yazmağa başladım.

- Yazmışdın ki, Ramil Səfərov qohumumdur.

- Atamın qohumudu. Eyni kənddəndirlər.

- Axı sən Beyləqanlısan.

- Atam Cəbrayıldandı. Şəybəy kəndindən. Mən Beyləqanda, Qəhrəmanlı kəndində doğulmuşam. Sovet vaxtı 3-cü sovxoz deyirdilər.

- Cəbrayıl “mafiyası”na qohumluğun yoxdu? Vaqif Bayatlı, Sabir Əhmədli, Kamil Vəli...

- Yox, yoxdu.

- İndi necə deyək, sənin dilin Beyləqanındı, ya Cəbrayılın?

- (Gülür) Cəbrayılın. Uşaq vaxtı çox gedirdim ora. Orda mühit başqa idi. Təbiət də gözəl idi. Ağaclar, çəmənlik... Çox maraqlı gəlirdi mənə.

- Gəl bir təxmin edim. Dünya ədəbiyyatından Selinceri sevərsən, bizdən Əkrəm Əylislini...

- Doğrudur (gülür). İkisini də əlavə edərdim: Heminquey və İsi Məlikzadə.

- Estetik planda “Balıq gülüşü” “Banan balığının asan ovlanan günü” hekayəsinə çox yaxındır.

- Ola bilər. Tam razı olmasam da, etiraz etmirəm.

- Hiss hekayəsi deyək...

- “Banan balığının asan ovlanan günü” ad olaraq başqa təəssürat yaradır, amma hekayə səni başqa yerə aparır.

- “Balıq gülüşü” də oxşardır... Başqa adı da vardı...

- “Qazanılmış günün siestası”. Daha doğrusu adı tam olaraq belədir: “Balıq gülüşü, yaxud qazanılmış günün siestası”.

- Niyə belə uzun?

- “Balıq gülüşü” sonra özü özünü yaratdı. Hekayə əslində həqiqətən qazanılmış günün siestasıdır. Oğlan günorta oyanır, düşünür ki, bir gün daha keçib. Və həmin günü o özü yaradıb. Nə qədər yaşasa, bir gün artıq yaşamış olacaq.

- Məndə uşaqlıqda həmişə belə olub. Günorta yatıb duranda elə bilmişəm səhərdir. Hətta günəşi axtarıb tapmamışam, görəndə məəttəl qalmışam ki, əks tərəfdən çıxıb.

- Məndə də olub (gülür). Ümumiyyətlə, hekayələrimdə özümdən xeyli şeylər var.

- Hətta “Uruset” də var. Rusiya yox aaa... məhz “Uruset”

- Elədir. İndi də üstündə işlədiyim hekayə “Uruset”lə bağlıdır.

- Mənə maraqlıdır, diqqəti məhz bu estetik plana fokuslamaq hardan ağlına gəldi? Kameranı niyə belə qurdun? Çağdaş nəsr bir az fərqlidir. Hadisəlilik, süjetin maraqlılığı, pritçavarilik, dekonstruksiya, intertekstlik, publisistik gerçəklər və s.

- Mən belə düşünürəm ki, yazdığın mətləbin dərinliklərinə getməlisən. Necə deyərlər, xırda ərazidə eşələnmək... Bu proses özümə maraqlı gəlir. Buna görə mənə irad bildirənlər də olur. Biri deyir, çətin oxudum, biri deyir, üç-dörd dəfə oxudum, başa düşmədim. Bu məni narahat eləmir. Bilən bilir. Həm də hadisəsizlik var mənim hekayələrimin bir çoxunda. “Balıq gülüşü”nü yazanda qorxurdum ki, hadisə yoxdur. Elə bilirdim alınmayacaq. Paralel iki hekayə də işləyirdim. Təhkiyə baxımından biri-birinə əks olan hekayələr idi. Məsələn, elə “Ot” hekayəsi...

- İndi bəzən kənd mövzularına bir az istehzayla yanaşırlar.

- Əvvəla, mənim bütün hekayələrim kəndlə bağlı deyil. İkinci də ki, insan hər yerdə insandı.

- “Balıq gülüşü” çıxan kimi rezonans yaratdı. Müşahidələrim aldatmırsa, belə gözləmirdin...

- Bu hekayə əvvəl Oxu Zalında çıxmışdı, ancaq səs-küy yaratmamışdı. Sonra “Yazı” jurnalı çap elədi, Əkrəm Əylisli hekayə haqqında yaxşı sözlər dedi, siz yayımladınız...

- Cavanşir Yusifli yazdı...

- Bəli. Sizə maraqlı bir nüansı deyim. Cavanşir müəllim nəinki hekayəni açıb tökmüş, hətta hekayəyə gətirə bilmədiklərimdən bəhs etmişdi. Sözün düzü, oxuyanda xeyli heyrətləndim. Bunu necə bacarmışdı? İlk dəfə onda gördüm tənqidin gücünü. İndi də düşünürəm ki, ən yaxşı hekayəm “Balıq gülüşü”dür. Mətn baxımından mənə mükəmməl gəlir. Məncə, orda bir sözü çıxara, yaxud ora başqa bir söz əlavə edə bilmərəm.

- Neçə hekayən var?

- On.

- İki-üç hekayə yaymaqla ədəbi mühitdə tanındın. Sənə paxıllıq eləmək olar.

- Nə olubsa mətnlərin sayəsində olub.

- Çox iddiasızsan...

- Elədir. Sən məni çağıranda fikirləşdim ki, nə danışacam? Adam var terminlərdən əzbərləyib bəzəkli-düzəkli danışır, mən bacarmıram (gülür).

- Dil bilgilərin nə qədərdir?

- Güclü deməzim. Qaydaları yaxşı bilmirəm. Amma əlaçı oxumuşam. İnstituta girəndə yazılı imtahandan “4” almışdım.

- Yaradıcılıq fakültəsinə gedirsən... Öyrədirsən, ya öyrənirsən?

- Öyrənirəm. Kulturologiyadan Niyazi Mehdi, ədəbiyyat nəzəriyyəsindən Rəhim Əliyev, ədəbi tənqiddən Tehran Əlişanoğlu maraqlı mühazirələr oxuyur. Həftədə üç dəfə gedirəm.

- Ədəbi mühitdə də fəalsan. Tədbirlər-filan...

- Çalışıram.

- Özü yerini necə görürsən bu mühitdə.

- Açığı Azərbaycan ədəbiyyatının müstəvisini tapa bilmirəm. Hardadı bu ədəbiyyat? Tapa bilmədiyim üçün öz yerimi də müəyyən edə bilmirəm. Amma proses canlıdır. İrəli gedir. İnandığım ayrı-ayrı imzalar var.

- Kitabın çıxır?

- Onsuz da gecikmişəm, istəyirəm babat kitab çıxarım. Keyfiyyətlə yanaşı kəmiyyəti də olsun.

- Sənin üslubunda çox yazmaq, eyni zamanda irihəcmli əsər yazmaq çətindir.

- Tamamilə doğrudur. Romanda üslubu qorumaq çox çətindir. Bunu yalnız Yusif Səmədoğlu “Qətl günü” romanında bacardı. Ona görə, az yazdı, demək olar ki, bütün yazıçı ömrünü bu romana həsr elədi. Qorxuram romana başlasam üslubumu itirərəm. Roman mənə qaranlıq və qorxulu meşə kimi gəlir. Azaram.

- Bu cür roman oxunaqlı olarmı?

- Roman hekayə deyil. Oxunaqlı olmalıdır. Süjet olmalıdır. Qalxım-enmələr olmalıdır.

- Orxan Pamukla aran necədir?

- Sözün düzü, oxumağa başlamışam, maraqlı gəlmir. Belə deyək, mənim yazıçım deyil.

- Müasir dünyadan və Azərbaycandan nə oxuyursan?

- Borxesi oxuyuram. Borxesin hekayələri adama oxuyub bitirəndən sonra təsir eləməyə başlayır, düşündürür. Bəzən hiss edirəm ki, bu əsərlər tərcümədə çox itirib.

- Sənin hekayələrini də tərcümə etmək olmaz.

- Sağ olsun, Etimad Başkeçid “Balıq gülüşü”nü yaxşı çevirib. Amma oxuyanda gördüm o hekayə deyil. Elə xırdalıqlar var ki, çevirmək imkansızdır.

- Sevdiyin Borxesin belə bir sözü var: “Ədəbiyyat idarə olunan yuxudur”. Məncə, sənin yaradıcılığın üçün keçərlidir bu fikir.

- Əla deyib! İdarə olunan yuxu... Çox dəqiq fikirdir. Şərhə ehtiyac görmürəm.

- Son olaraq nəsə demək istərdin?

- Hər kəsə uğurlar.

# 2137 dəfə oxunub

Müəllifin son yazıları

# # #