Güneyli yazıçı: “Öz ana dilində bircə sinif də oxumayana roman yazmaq asan deyil”- Müsahibə

Güneyli yazıçı: “Öz ana dilində bircə sinif də oxumayana roman yazmaq asan deyil”- Müsahibə
16 iyun 2020
# 12:11

Kulis.az Şərif Ağayarın güneyli yazıçı, romançı Ərəstu Mücərəddi ilə müsahibəsini təqdim edir.

- Sizə Ağayi Ərəstu deyə müraciət etməyimizi istərdiniz, yoxsa, Ərəstun bəy?

- Lütfünüz artıq, siz hansı ilə rahatsınız onu deyin, sadəcə Ərəstu da desəniz, yetər. Əziz olasız!

- Fars dilini bilmək, fars dilində oxumaq hansı üstünlüklərə malikdir?

- Bildiyiniz kimi, burada rəsmi və hegemon dil fars dilidir. Birinci ibtidai sinifdən doktorluq dərəcəsinə kimi yalnız fars dilində dərsliklər keçirilir. Bundan əlavə, ölkədə bütün elmi, fəlsəfi, ədəbi və tənqidi əsərlər istər İran yazıçıları tərəfindən olsun, istərsə də əcnəbi dilindən tərcümələr, hamısı əsasən fars dilində çap və nəşr edilir. İndi təsəvvür edin, bu dili akademik səviyyədə oxuyub öyrənmiş bir yazıçı üçün nə qədər fərqli yazıb yaratmaq əlverişlidir. Xüsusilə də nəsr janrında. Bu rəsmi hegemonluq müəyyən üstünlüklərə səbəb olub.

- İnkişaf eləmiş bir dilin, üstəlik dövlət dilinin təsiri və hətta basqısı altında Azərbaycan dili özünü necə hiss edir?

- Əgər bu məsələni iki hissəyə, yəni inqilabdan qabağa və inqilabdan sonraya bölsək, sizin suvalınıza daha aydın cavab vermək olar. İnqilabdan qabaq bu dil tam basqı altında idi və ayrı-seçkilik və assimilyasiya siyasəti yürüdən şah rejimi aşkara İran daxilindəki digər etniklərin hüquqlarını tapdalayırdı. Ancaq inqilabdan sonra qanunda nəzərdə tutulmuş səviyyədə rəsmi şəkildə qayğı göstərilməsə də, demək olar, Azərbaycan dilinin indiki durumu, xüsusi ilə də son zamanlar çeşidli mətbuat vasitələri və çap məhsulları inkişafa doğru addımdır. Sinema və film zəminində də dilimiz irəliləyir. Son vaxtlar türk dilində çəkilmiş və geniş tamaşaçı rəğbətini qazanmış "Ev","Kömür","Atabay","Dəri" filmlərinin adını çəkmək olar.

- İstərdim doğma dilimizin şeirdə və nəsrdəki vəziyyəti haqqında ayrıca danışasınız. Məncə, şeirdə daha rahat hiss edir özünü. Çünki ənənə şeirdə daha güclüdür.

- Şeirdə təcrübəmiz çoxdur. Əslində, şeir güneydə yeganə ədəbi növdür ki, tək canına uzun illər bütün basqılara və sıxıntılara qarşı dirənərək, dilimizi və habelə adət-ənənələrimizi qoruyub saxlayıbdır. Bu barədə klassik şeirimizə çox borcluyuq. Ancaq indi şeir daha o məktəb və tribuna olmaq mahiyyətini dəyişib və yeni mərhələyə daxil olubdur. İndi məzmunlar daha çox müasir insanın çağdaş arzu və niyyətləri əsasında yaradılır və bu məsələ dilin yenilənməyinə və düşüncə sahəsinin genişlənməyinə birbaşa təsir göstərir.

Nəsr haqqında da deməliyəm ki, Azərbaycan Respublikası ilə müqayisədə nəsr bizdə hələ çox körpədir. Lap demək olar ilk addımlarını atır. Lakin artıq yazıçılar bu sahədə aktivdirlər və roman, hekayə, povest və pyes yazmaqda güclərini sınayırlar. Dil baxımından problemlər vardır və bu məsələ bilavasitə meyar dilin olmaması ilə əlaqədardır. Əksər hallarda hər bölgə öz ləhcəsi ilə yazır və bu, vahid ədəbi dilin lazımı inkişafına mane olur.

- Güneyin sadə oxucuları nəsr oxumağa öyrəşibmi?

- Hələ çətinlik vardır, bunu işıq üzü görən kitabların iki yüz, uzaq başı beş yüz tirajla çıxması da göstərir. On milyonlarla əhalisi olan bir tarixi ölkənin on min oxucusu yoxdur.

- Hekayə janrının vəziyyəti nə yerdədir?

- Mövcüd vəziyyətdə hekayə janrı bizdə daha da yayğındır. Təhkiyə prosesində indi ən çox hekayə janrı gündəmdədir. Bunun bir çox aydın səbəbləri vardır. Ən qabarıq səbəb hekayənin qısa olduğu üçün həm yazmağı və həm oxumağı güney yazıçısı və oxucusu üçün nisbətən rahat olmasıdır. Hər halda internet dövrü və “fast food”lar zəmanəsidir.

Gallery

- Dünyada, bildiyiniz kimi, roman öndə gedən janrdır. Qardaş Türkiyədə də belədir. Azərbaycan Respublikasında da dünyanın və Türkiyənin təsiri ilə bir roman bumu yarandı. Sizdə durum necədir?

- Bizdə də bu gedişat təsirsiz ötməyib. Lakin yuxarıda vurğuladığım kimi, bizim özümüzə məxsus problemlərimiz vardır. Biz fars dilində yazılan və ən çox fars dilinə çevrilən xarici romanları oxumağa çalışırıq. Habelə Azərbaycan Respublikasında ta sovet dövründən bugünə kimi çıxan bir çox romanın ərəb əlifbasına köçürülmüşünü oxuyuruq və yaxud netdən latınca PDF-ni endirib mütaliə edirik. Həmçinin Türkiyədə çıxan bir çox romanların fars dilinə çevrilmişini əldə edirik. Türkiyənin Azərbaycancaya çevrilmiş romanlarını da oxuyuruq. Məsəl üçün, Orhan Pamukun, Əlif Şafakın əsərlərini. Bunların hərdən-bir orijinal variantını da əldə edirik, oxumağında bir az çətinlik olsa belə. Dünya romanı ilə bizi tanış edən Azərbaycan, türk və fars dilləri bizə böyük qənimətdir. Bu ortam bizi roman yazıb-yaratmağa həvəsləndirir.

- Bildiyim qədər, siz özünüz daha çox roman yazmaqla məşğulsunuz... İstərdim sizin “İtən kölgələr” romanınızdan danışaq. Yazanda çox zəhmət çəkmədiniz ki? Çünki, Güneydə bizim dildə roman elə də çox yazılmayıb.

- Əvvəldən bizim ailədə roman oxumaq bir dəb olubdur. Mən uşaqkən məndən böyük qardaşlarım və bacım roman oxuyardular. Demək istəyirəm ki, o vaxtın dəbdə olan romanlarının əksəriyyəti bizim ev kitabxanamızda vardı. Lev Tolstoy, Maksim Qorki, Fyodor Dostoyevski, Ostroviski, Ernest Heminquey, Alber Kamyu, Frans Kafka və başqaları...

Mən bir müddət şeir yazırdım. Ancaq şeir ruhumu doyurmurdu. Ailəmizin roman ənənəsi məni nəhayət bu yola çəkdi. Sonralar dünya üzrə məşhur olan çoxlu romanlar oxudum, klassik romanlardan modern romanlara kimi. Burada o romanların hamısına işarə etmək mümkün deyil. Ən azı xarici romanlara... Ancaq öz ana dilimizdəki romanlar və hekayələr bizə daha maraqlı gəldi: “Dəli kür”, “Köç”, “Səs”, “Qırmızı limuzin”, “Mən, sən, o və telefon”, “Qətl günü”, “Gələcək gün” və s. Bu roman və hekayələri oxumaq bizdə nəsr yazmaq həvəsini alovlandırdı. Odur ki, cəsarət edib mən də öz ana dilimdə ilk romanımı yazdım: "İtən kölgələr".

- Məzmunu, ideyası nədir?

- Hadisələr Seyid Cəfər Pişəvərinin milli hökumətinin son aylarında cərəyan edir. Dram və döyüş janrında yazılan bu romantik hekayət, qələbəni qorumaq naminə canlarından belə keçməyə hazır olan Azərbaycan gənclərinin milli-insani hüquqlar və demokratik dəyərlər uğrunda mübarizə səhnəsidir. Əlbəttə, öz ana dilində bir sinif də dərs oxumayan adama bu dildə yazmaq ən çətin işdir, hələ o iş də roman yazmaq ola.

- Çağdaş fars romanları sizə təsir göstərirmi?

- Əlbəttə ki, çağdaş fars yazıçılarının romanları və hekayələri içrə zəngin əsərlər vardır və istər-istəməz onları oxuyarkən özündə təsirini görürsən. Əslən azərbaycanlı olan yazıçılar doktor Rza Bərahəninin qiymətli romanları, Səməd Behrəngi və Doktor Qulamhüseyn Saidinin əvəzsiz hekayələri... Sadiq Hidayət, Bozorg Ələvi, Sadiq Çubək, Abbas Mərufi, Huşəng Qolşiri, Simin Danişvər, Şiva Ərəstuyi, Mustafa Məstur, Şokufə Azər və başqalarının həm roman, həm də dəyərli hekayələrini zaman-zaman oxuyub dünya görüşləri, ideyaları, düşüncələri, dil və yazıçılıq qabiliyyətlərindən yararlanaraq dünyanın gedişatına daha da açıq gözlə baxmağı öyrənir insan.

- Mustafa Məstur dünyada məşhurdur. Bizdə də tərcümə olunub.

- Doğrudur, Mustafa Məstur son vaxtların ən çalışqan yazıçısıdır və əsərləri bir neçə dilə tərcümə olunubdur. Ancaq təəssüflə deyim ki, mən təkcə onun bir romanını, yəni ilk və ən seviləni olan "Tanrının ay üzünü öp" adlı fəlsəfi romanını oxumuşam. Bu romanda o, öz dini və sosioloji fikirlərini müxtəlif surətlər vasitəsi ilə sərgiləyir. Mustafa Məsturun qələmi ilə yazılan bir neçə roman və ən çox hekayə oxumaq olar. O, güclü yazıçılar sırasında tanınır, onu oxumağa mütləq vaxt ayırmaq lazımdır.

- Azərbaycan Respublikasındakı çağdaş imzalardan kimləri oxuyursunuz? Daha çox nəsrdən söhbət gedir.

- Şəxsən mən Azərbaycanın yazıçılarından əlimə keçən hər bir roman və hekayəni xüsusi bir acgözlüklə oxuyuram. Mirzə İbrahimov, Yusif Vəzir Çəmənzəminli, İsmayıl Şıxlı, Yusif Səmədoğlu, Anar, Kamal Abdulla, Mövlud, Elçin Əfəndiyev, Mövlud Süleymanlı, Afaq Məsud, Mübariz Cəfərli və s. əsərlərini həm kitab şəklində, həm pdf formatında həm də ədəbi saytlarında oxuyub Azərbaycan nəsrinin və dilinin gözəlliklərini öyrənirəm. Bu əsərlərin bizə hər zaman yeniliyi vardır. Biz bu səslərin daimi dinləyicisiyik. Ümid edirəm, Azərbaycan ədəbiyyatının gənc nəsli burdan belə daha da avanqard əsərlər yaradacaqlar.

- Çağdaş dünyanı hansı dildən oxuyursunuz və bu proseslə nə qədər ayaqlaşa bilirsiniz?

- Mənim əsas elmi-ədəbi qaynağım fars dilidir. Son vaxtlar dünyada yazılıb-yaradılan modern və postmodern ədəbiyyat, fəlsəfə, roman və sosiologiya üzrə əsərlərin farscaya tərcüməsi daha da sürətlənib. Bu proses də bilavasitə oxucuların, tədqiqatçıların və həvəskarların yardımına gəlib. Mən özüm universitetdə ixtisasca sosiologiya magistratura dərəcəsini bitirmişəm. Əsas sosiologiya kitablarını fars dilinə tərcümə olmuş xarici mənbələrdən oxumuşam. Təbiidir ki, bu geniş sahə insanı müasir elmi ədəbi proseslərlə ayaqlaşmağa məcbur edir.

- Hazırda nə yazırsınız?

- Bir roman üzrə vasvasılıqla çalışıram. Sadə desəm, bir neçə idealist gəncin ideal arzularının ardınca öz yurdlarını buraxıb uzaq ölkələrdə ideal həyat axtarmaları və nəhayət tragik sonluğa yetmələridir...

# 4663 dəfə oxunub

Müəllifin son yazıları

# # #