Anarla Nizami Gəncəvi davası

Anarla Nizami Gəncəvi davası
8 yanvar 2021
# 10:50

2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması təkcə Nizami yaradıcılığına, ədəbiyyata deyil, ümumilikdə mədəniyyətə, Azərbaycana və sivilizasiyaya verilən dəyərdir. Dünyanın qarışıq vaxtı böyük bir ili mədəniyyətin inkişafına ismarlamaq, istiqaməti bu yönə çevirmək alqışlanası addımdır.

Gəlin, bu təşəbbüsü əksər layihələr kimi formallıq içində boğulmaqdan qoruyaq.

“Nizami İli” çərçivəsində görülməli işləri şeyxin nizamından pay alaraq sıralayaq, heç olmasa, onun adına xəyanət etməyək.

Sovet dövründə Azərbaycana vurulan zərbələrdən birinin də adı “Nizami”dir. Yaxşı olardı ki, sovet ideoloqları Nizamini ölkədə qadağan edərdi, bu kitab 70 il bağlı qalardı, bu gün həmin əsərlər saf niyyətlə vərəqlənəydi, bu zaman görülən işlər də effektiv olardı.

Ancaq sovet sözdən, sənətdən istifadə metodunu Nizaminin üzərində də apardı, şeyx bizə yanlış libasda təqdim olundu.

Nə qədər paradoksal görünsə də, bir məsələ haqqında cahildən məsləhət almaq daha uyğundur, nəinki hiyləgər aqildən, çünki birinci sənə heç nə deyə bilməyəcək, yaxud dediklərinin yanlış olduğunu özün də başa düşəcəksən, həqiqəti başqa yerlərdə axtarmağa davam edəcəksən, hiyləgər aqil isə sənə asanlıqla yanlış yön verə bilər.

Sovetlər Azərbaycan ədəbiyyatına yön verən hiyləgər aqil obrazı idi, o ideologiya min bir bəzəklə, arqumentlə sənəti yanlış yerlərə yozdu, hər kəsi də o çıxmaza aparmağa özündə güc tapdı.

Bildiyimiz kimi, Nizaminin süjet qurmaq, dramaturji xətt yaratmaq bacarığı fövqəladə istedadı ilə elə süslənib ki, məzmun, estetika, metafora bir-birindən ayrılmazdır, bütündür. Bu bütünlüyə diletant müdaxilə Nizami əsərlərini zəiflədir. Nizaminin əsərləri yerlə göyün sütunudur. Bu sütunun yerlə irtibatını kəsəndə, yıxılacaq, göyə ucalan, görünməz olan yüksəkliyinə xələl gətirəndə də yerdə kötük qalır.

Sovetlər Nizaminin əsərlərinin göylə irtibatını kəsərək kötüyə çevirib. Necə ki, dağlar başından qidalanır, duman pərdəsinə bürünüb səmaya qovuşur, ilahi qatı olan mətnlər də daimiliyini yuxarıdan təmin edir, əsrlər keçsə də, bu mətnlərin yaşıl işığı sönmür. Təəssüf ki, siyasi ideologiya Nizaminin əsərlərinin göylə bağlılığını iflic edərək mətnin işığını söndürdü; Şeyx Nizami göylərə çəkildi, yerdə isə qız-gəlinə nəsihət verən bir qoca qaldı.

Bu yazının kütləvi qəbul edilməsi, problemin ağrısının hamı tərəfindən anlaşılması üçün sadə davranmaq zorunda qalıram. Bu səbəbdən Nizaminin dilimizə tərcümə olunan, nəzmə çəkilən fikirləri ilə orijinal ideyaları arasında paralellər aparmıram, əks halda çatmaq istədiyim məqam bizdən uzaqlaşacaq, ancaq problemin həqiqiliyini yoxlamaq istəyən hər kəs Nizaminin əsərlərini orijinalda, yaxud sətri tərcümədə gözdən keçirə bilər. Bu zaman həmin mətləblərin dilimizdəki izharının nə qədər bəsitləşdirildiyini hər kəs görəcək.

Nizaminin əsərlərini dilimizdə nəzmə çəkənlər tanınmış şairlərdir; Səməd Vurğun, Rəsul Rza, Məmməd Rahim, Süleyman Rüstəm, Xəlil Rza Ulutürk və b.

Adətən biz Nizaminin dilimizə tərcüməsindən danışarkən insafsızlıq edərək bu şəxsləri günahlandırırıq. Bir məqamı nəzərdən qaçırmamalıyıq ki, onlar bu tərcümənin ideya müəllifi deyillər və bu əsərləri dilimizə öz seçimləri və kriteriyaları ilə çevirməyiblər. Onlar sifarişi yerinə yetiriblər və problem sifarişçidədir. Adı sadalanan şəxslərin isə Hüseyn Cavid olmadığı bizə bəllidir. Onlar repressiya görmüş insanlardır və bir süfrədən yeyib, eyni lətifələrə güldükləri dostlarının güllələnməsinə birtəhər dözən şəxslərin sovetlə Nizami davası aparmalı olduğunu düşünmək artıqdır. Həmin şairlər bu məqamda sifarişçinin qaydalarını masa üstündə peşəkarcasına yerinə yetiriblər, sifarişçinin istədiyini yüksək səviyyədə həyata keçiriblər.

Həmin tərcümə prosesinin üzərindən illər keçib və biz bu gün Məmməd Rahimi, Rəsul Rzanı, Səməd Vurğunu suçlamaqla bir şey qazanmayacağıq. Bu şairlər bizim düşmənlərimiz yox, yanlış ideologiyanın çarxında bədbəxt olmuş istedadlı şəxsiyyətlərimizdir.

Biz bu gün orta məktəblərdə əruzdan hecaya keçirilmiş, nəsihətamiz misraları saxlanaraq ruhu məhv edilmiş Nizami əsərlərinin qurtuluşuna nail olmalıyıq.

Nizami nəinki Azərbaycanın, dünya ədəbiyyatının zirvəsidir.

Söhbət əsl Nizamidən gedir.

Ədəbiyyat dərsliklərimizdə təqdim olunan “Nizami”dən Azərbaycanda yüzlərlədir. Biz əsl Nizamini Azərbaycana qaytarmağa borcluyuq.

Dünya ədəbiyyat səhnəsində bəzən Nizamini farslara uduzmağımızın səbəbi də onun əsərlərinin Azərbaycan dili ilə irtibatının qurulmamasıdır.

Olduqca fundamental yanaşma, əziyyət, əzm, maliyyə tələb etsə də, Nizami Azərbaycan dilinə yenidən tərcümə olunmalıdır. Bu cümləni yazmaq rahatdır, qaldırılan problemin kökünün haralara gedib çıxdığı aydındır, ancaq ayrı yolumuz da yoxdur.

Nizami gəncəlidir!

Ancaq, demək olar ki, əksər xarici mənbələrdə o fars şairi kimi təqdim olunur, çünki külliyyatı bu dildə qələmə alınıb. Mədəniyyət müstəvisini quran plastlardan başlıcası dildir. Necə ki, Nizami gəncəlidir, əsərləri də azərbaycanlı olmalıdır. Nizami dilimizdə tükdən asılı durumda qalmamalıdır. Nizami Azərbaycan dilinin ən potensiallı hissəsində yoğrulub ədəbiyyatımızda formal yox, həqiqi yerini almalıdır.

Hörmətli yazıçımız Anar Nizami Gəncəvi ilinin elan olunmasına münasibət bildirərkən deyir:

“Mən bilmirəm Nizaminin sovet dövründəki tərcümələri ilə bağlı bu fikri kim deyib. Və bu sözləri deyən adamın nə qədər məsuliyyət hissi var. Çünki o poemaları tərcümə edib Səməd Vurğun, Süleyman Rüstəm və Rəsul Rza. Əgər indi onlardan yaxşı tərcümə edə bilənlər varsa, eləsinlər”.

Ədəbiyyat çarxımıza çomaq soxan əsas amillərdən biri məhz budur; bir-birimizlə ritorik, ironik, saymazyana danışmağımız!

Mənsə Anar müəllimə üzümü tutub deyirəm, bəli, qeyd etdiyiniz şəxslərdən daha yaxşı tərcümə edə bilənlər var. Baxmayaraq ki, sovet dönəmində ədəbiyyat həm də insanları maddi baxımdan təmin edirdi, indi etmir, ancaq həmin şəxslər yenə var. Sayı az ola bilər, ancaq asanlıqla siz və aidiyyatı şəxslər o adamları tapa bilər. Həmin şəxslərdən birini elə bu yazıdaca təqdim edirəm; ötən il Mirzə Şəfi Vazehin oğurlanan, alman dilinə tərcümə olunaraq əlimizdən alınan əsərlərini sətri tərcümədən nəzmə çəkən - həm də bu işi qeyd etdiyiniz şairlər kimi heca vəznində deyil, orijinal qəlibdə, əruzda görən, ortaya möhtəşəm nəticə çıxaran Pünhan Əzimli…

Əmin olun ki, Nizami ilində şairin bir neçə poemasını orijinala çox yaxın keyfiyyətdə tərcümə etmək, Şeyx Nizaminin əsl simasının Azərbaycanda 880 il sonra zühur etməsinə imkan yaratmaq mümkündür. Təbii ki, bu iş sizin və daha yüksək instansiyaların məsələyə bir az da həssas münasibət göstərməsi ilə baş verər.

Hər kəsi bu tarixi fürsətdən yararlanaraq əsl Nizami Gəncəvi ilə tanışlığa və bu tanışlığı bütün Azərbaycana, türk dünyasına nəsib etməyə çağırıram.

# 3961 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #