Qərbin inkişafı bizdən daha ağıllı, gözüaçıq olmaq tələb edir. Artıq istənilən məsələyə yanaşma rıçaqları dəyişib. İndi sırf sadə vətəndaş mövqeyi nə insanın özünə, nə ətrafına, nə də ölkəsinə yarayır.
Bu vaxtadək skeptiklik (bütün informasiyalara şübhəylə baxmaq, ən doğru xəbəri də yalanmış kimi gözdən keçirmək) daha çox jurnalistlərə xas baxış bucağı kimi qiymətləndirilirdisə, indi hər kəs skeptik olmaq zorundadır. Əks halda, hər nağıla inana-inana gələcəyə yox, keçmişə itələnirik.
Nəzərə almalıyıq, indi bizə təqdim olunan bütün informasiyalar xrustaldır, çöxüzlüdür. Bu xrustal gerçəkliyə sovet təbiriylə dərs keçən həndəsə müəllimlərimizin öyrətdiyi kimi müstəvi üzərində baxa bilmərik. Bizə təqdim olunan bütün informasiyalar təmənnalıdır. Xoş gələn hər müjdənin o üzünə bir qara dosya əlavə olunub.
Biz artıq birmənalı qəbul etmək zorundayıq ki, dünya informasiya ilə idarə olunur, qulağımızda şablonlaşan bu cümlənin üzərindən həmişəki alışqanlıqla keçməməyinizi xahiş edirəm: Dünya informasiya ilə idarə olunur!
Amma bu o demək deyil ki, dünya həqiqi informasiyanın üzərindədir. Bu gün informasiya hiylədir. Yer kürəsinin istənilən nöqtəsində baş verən proseslərə biz bir neçə məşhur kütləvi informasiya vasitəsinin obyektivindən baxırıq. Sizi heç narahat etmirmi ki, bu obyektivi çiyninə götürən operator, yanında duran əli mikrofonlu müxbir təmsil etdiyi qurumun maraqları üçün orda ola bilər, sizə həqiqəti çatdırmaq üçün yox.
İraq, Tunis, Liviya, Suriyada baş verən bütün hadisələrə biz eyni mərkəzin yayımından baxmışıq. Qaranquş balası kimi gözümüzü yumub ağzımızı açmışıq, informasiya ummuşuq, amma unutmuşuq ki, ana qaranquş çoxdan ölüb, ağzımıza yem qoyanın kimliyi bəlli deyil və bu yemin nəmənə olduğunu da bilən yoxdur.
Atəş səsləri bizim coğrafiyamızdan uzaq olanda bu tip məqalələr məsxərəyə qoyulurdu, indi isə rahatca faktlarla danışa bilərik. Çünki Suriyada, Liviyada gedən həqiqi prosesləri öz gözümüzlə izləyə bilmirdik, o üzdən bizə həqiqət kimi təqdim olunan, peşəkarlar tərəfindən hər detalına qədər əsaslandırılmış yalanları təkzib etməyə kimsənin gücü çatmırdı. İndi isə buyurun, BBC Azərbaycanın dünən – 30 sentyabr gecə saatlarında oxuculara təqdim etdiyi material gözünüzün qabağındadır.
Bizə uzun illər jurnalistika məktəbi olaraq təqdim edilən bu informasiya mərkəzinin də qəbul etdiyi jurnalistika qanunları var: fakta söykənmək, dünya dağılsa da, proseslərə qeydsiz qalıb, yalnız olanları təqdim etmək. (Təbii, bu qaydanın artıq uzun illərdir keçmişə qovuşduğunu çoxumuz bilirik). Bu qaydanı əldə rəhbər tutaraq, onun işığından istifadə etmək isə hələ də işə yarayır.
Sözügedən məqalə bir gün əvvəl Paşinyanın Azərbaycana Suriyadan muzdlu döyüşçülərin gətirilməsi mifinin əsaslandırılmasına hesablanıb. Guya şərti adı Abdullah olan bir suriyalı Türkiyənin əli ilə Azərbaycana gətirilib, hazırda Qarabağda döyüşür və Abdullah orada tək deyil, ətrafında eyni taleyi yaşayan suriyalılar var, onlar zorla ermənilərə qarşı döyüşə cəlb olunub.
Məsələni iki rakursdan - jurnalist və vətəndaş baxış bucağından analiz edək:
Vətəndaş kimi hər birimiz əminik ki, Azərbaycanın Ermənistanla müharibəyə girmək üçün xeyli sayda canlı qüvvəsi var və müharibə yenicə başlandığından bu qüvvənin sayı demək olar ki, dəyişməyib. Eyni zamanda hazırda döyüşə getmək istəyən yüz minlərlə azərbaycanlı var, onlar 30 illik həsrəti bitirmək üçün fürsət gözləyirlər. Xeyli sayda şəxs könüllü yazılsa da, onların döyüşə cəlb olunmasına hələ ki ehtiyac duyulmur.
Könüllülər istisna, hazırda tərxis olunmuş və müharibəyə hər an cəlb edilməyə səfərbər minlərlə şəxs var. Bu reallıqlar fonunda ölkəsi müharibədən ağ günə çıxmamış bir ölkədən Azərbaycana niyə döyüşçü gətirilsin?
Azərbaycan ərazi və əhali baxımdan çox kompakt arealdır, ölkənin o başında kibrit çöpü alışanda bu başında duran onun işığından, istisindən pay alır. Necə ola bilər ki, ölkəyə Suriyadan döyüşçü gətirilə, Qusardan Beyləqana Votsapda qayınanasından qeybət yazan bir toplumun bundan xəbəri olmaya...
Məsələyə 11 illik media təcrübəmdən çıxış edərək jurnalist kimi yanaşıram. Sözügedən məqalə janrında olan iddialar Azərbaycan mediasında göbələk kimi hər gün boy verən mənşəyi naməlum saytlarda belə getmir. Çünki məqalədə iddia olunan böyük həcmli hadisə heç bir faktla əsaslandırılmır. BBC-nin Londonda əyləşən ərəb bürosunun müxbiri – imzasında iki peyğəmbərin adını daşıyan Məhəmməd İbrahim deyir, adını açıqlamaq istəmədiyim bir şəxs mənə Votsapda yazıb ki, bəs, belə-belə... Adı açıqlanmayan, yazışması və kimliyi ortaya qoyulmayan uydurulmuş bir obraz üzərindən regionda nifaq sala biləcək bir iddianı ortaya atan qurum isə sülh göyərçini BBC-dir. Nədənsə, bizim karımıza gələsi durumlarda hər xırda məqama görə istinad, mənbə istəyən BBC öz işinə yarayanda peyğəmbər isimli müxbirinin informasiyasını “vəhy” kimi qəbul edir.
Guyalar üzərində qurulan bu məqalədə BBC bir məqamda kələfin ucunu itirib. İnformasiyanın məqsədi Türkiyənin əli ilə Azərbaycana muzdlu döyüşçülərin gətirilməsini uydurmaq olduğu halda, təqdim olunan şərti adı Abdullah olan o binəvanın peşəkar döyüşçü olmadığını görürük, o mama uşağıdır, evə qayıtmaq istəyir, deyir, heç bizə hərbi təlim də keçməyiblər, burada öləcəyik.
Sual: Belə bir adam döyüş aparan ölkənin nəyinə lazımdır?
Müəllif oxucunun Abdullaha yazığı gəlsin deyə, mətndə sentimentallığı o qədər bol edib ki, ara yerdə onun döyüşçü olmağı uydurmaçının yadından çıxıb.
Onu da unutmayaq ki, son döyüşlər bizə təkcə ərazi bütövlüyümüzün bərpası müstəvisində deyil, qurumların, dövlətlərin, fərdlərin kimliyi barədə dəqiq analizlər aparmaq yönündə də gərəklidir.
İran...
İran ayrı yazının mövzusudur...
Qərbin bütün aparıcı kütləvi informasiya vasitələrinin materiallarında, politoloqlar, hökumət rəhbərləri Qarabağda gedən döyüşlər haqqında danışmaq zorunda qalanda bu areal haqqında belə bir ifadə işlədir: “Qeyd edək ki, Dağlıq Qarabağ beynəlxalq müstəvidə Azərbaycanın ərazisi kimi tanınsa da, bura erməni etnikləri nəzarət edir”.
Axı biz Fransaya adı Fransa olan ölkə demirik, Fransa deyirik. “Beynəlxalq müstəvidə Azərbaycan ərazisi kimi tanınan” ifadəsilə “Azərbaycanın ərazisi” ifadələrinin arasındakı ilk baxışdan sezilməyən murdar bir ayaqyeri var. Çox məntiqsiz, heç bir diplomatik məntiqə sığmayan bu ifadə fərqlilikləri üzərində olsa da, Qərbin əksər nöqtələri məsələyə münasibətində tərəfini bildirdi.
Məsələ budur ki, bütün dünya Azərbaycan ərazisini – 86.6 min kv.km olaraq – yəni, işğal olunmuş Dağlıq Qarabağ və onun ətrafındakı işğal olunmuş rayonlarımızla birgə tanıyır. Qərbin əksər ölkələri BMT-nin üzvüdür, onlar Azərbaycan ordusunun hazırda öz ərazisində əməliyyat apardığını qəbul etməkdən savayı çarə tapmırlar, yoxsa bu 5 gün ərazində başımıza turp əkərdilər. Amma Azərbaycan Dağlıq Qarabağ mövzusunda bütün paralellərdə haqlı olduğu halda, yenə də haqqına nail olmaqda dəstəklənmir.
Bu gün bir çox Qərb ölkələrinin Ermənistana birbaşa və dolayısı ilə mənəvi dəstək göstərməsinin bir səbəbi də bizim diplomatiya sahəsindəki axsamalarımızdır. Təəssüf ki, bu illər ərzində bir çox səfir və konsullarımız xarici ölkələrdəki işlərinə “mühacirət”, “qürbətə səfər”, “istirahət” kimi baxdılar və biz nəticədə Qarabağ barədə diplomatik müstəvidə - Xarici İşlər Nazirliyi, səfirlik, konsulluq, diaspor mərkəzləri çərçivəsində effektiv iş apara bilmədik.
Bu da başqa bir məqalənin mövzusudur...