Kulis.az "Hekayə müzakirəsi" layihəsi çərçivəsində Kazım Kazımoviçin "Dəvət" adlı hekayəsi haqqında yazarların fikirlərini təqdim edir.
Həmid Herisçi:
“Bir çox mətnlərlə, müəlliflərlə intertekstual söhbət gedir burda. Mən də varam bu uzun siyahıda. Məşhur "Qara volqa" dedektivi ilə dialoq var. Salon şeirlərinə birbaşa müraciət var”.
Ömər Xəyyam:
"Heyrətləndim!
Ədəbiyyatın işığını gördüm, qoxusunu duydum.
Fəqət o işıq bu hekayəyə əzizim Kazımın qulağından düşüb; o qoxu bu hekayənin Kazıma aid olmayan məqamındadır…
Əzizim Kazımın yeni mətni ən yaxşı halda alınmamış şeirdir.
Poetik nəsr? Xeyr. Məhz alınmamış şeir.
Fışfışalı cümlələrlə, qızın ayaqlarını minarəyə bənzətməklə, oğlanın ağrısına Bərgüşad narı sıxmaqla olmur...
Əlbəttə, bir kadr kimi, bir detal kimi, nə bilim, etüd kimi, təəssürat kimi hekayəkimilər yazılıb, yazılır, yazılacaq da. Bir kadrlıq hekayə ənənəsi yaxın Türkiyədə də, uzaq Norveçdə də var, fəqət məsələ odur ki, - özü də, bu məsələ elə hekayə janrının, yazmağın əsas sütunudur. Qulağınıza tana olsun! – eləcə situasiyanı, informasiyanı, yəni baş verənləri, yaxud xəyalınızdakıları, daha doğrusu, belənçi psixoloji sərsəmləmələri bəzəmək, orasına-burasına əl gəzdiribən təqdim etmək məndən ötrü ədəbiyyat deyil!
Situasiyanı, informasiyanı, yəni baş verənləri, yaxud xəyalınızdakıları, daha doğrusu, belənçi psixoloji sərsəmləmələri bəzəyin, orasına-burasına əl gəzdirdin, xub, vəli informasiyanı bədii həll eləyin. Həll eləyin deyirəm, səhv salmayın, a! Hadisə ədəbiyyatı yox, ədəbi hadisə yaradın! O da olsun məndən ötrü ədəbiyyat.
Kazım gərək məndən inciməsin. Yaxşı şairdi və məhz şairdi.
Bu hekayədəki fışfışalı cümlələrin, söz birləşmələrinin sözü onun öz sözü deyil.
Əlbəttə, sözlər mənim atamın da deyil, sözlər hamı Onundur, biz nə karəyik!
Deyirəm, o sözlər Kazımın deyil, yəni deyirəm, o sözlər, söz birləşmələri bu hekayəyə Kazımın qulağından düşüb. O sözləri, söz birləşmələrini əzizim Kazım canından keçirməyib.
Və Kazımın hekayəyə qulağından gətirdiyi sözlərdən, söz birləşmələrindən başqa… başqa cümlələr uğurlu deyil…
Məsələn: “Az getdik, çox getdik, dərə-təpə, düz getdik, nəhayət dayandığımız qənaətinə gəldim. Qapıların açılmağı məni öz çakkıltısı ilə təsdiqlədi…”
“Az getdik, çox getdik, dərə-təpə, düz getdik”-dən başqa getmir e, zülmdür…
Niyəsə bizim gənc şairlər nəsrə dartınırlar, deyərsən, şeirə, şairliyə kompleksləri var, guya yazıçılıq matah şeydir, bunlar da qələmlərini vururlar daşlığa. Əlbəttə, ədəbi axtarış vacibdir. Müəllif gərək məqamını tapanacan hər oyundan çıxa, özünü dağa vura, daşa vura, mətndən mətnə atlana, hər əzaba qatlana.
Olsun ki, əziz Kazım da axtarışdadır. Olmasın. Nə özünü yorsun, nə də bizim vaxtımızı alsın. Elə indicə özünə, - şeirə qayıtsın.
Və unutmasın, meşənin çıxış qapısı, meşənin girişindədir..."
Təvəkkül Boysunar:
“Kazım Kazımoviçin bu mətnində xeyli gözəl bənzətmələr var ki, bir şeirin tərkibində yer alsa, yaxud bir nəsr nümunəsində olsa, həmin nümunəyə yüksək xal qazandırardı.
Bu mətndə də qazandıra bilərdi. Əgər müəllif bu mətnə hekayə yox, başqa bir ad qoysaydı.
Müəllif öz mətninin janrına hekayə deyirsə, oxucu da istər-istəməz həmin gözləntiylə mətni oxumalı olur, sonda isə gözləntisi doğrulmayanda həmin mətn oxucudan "2" alır.
Küləklərin qızdan daha tez kitabı oxuyub səhifələri çevirməsi, yaxud çiynindəki mələklərin qələm saxlaması çox əla, çox gözəl bənzətmələrdir.
Mətndə bu cür uğurlu yerlər az deyil. Lakin bir adam yaxşı araq çəkə bilirsə, süfrəsindəki qonaqlara məclisin əvvəlindən axırınacan araq içirtməməlidir. Süfrədə başqa təamlar da olmalıdır. Əks halda o arağın ləzzəti olmaz, əksinə işgəncəyə çevrilər. Kazımın mətnindəki uğurlu bənzətmələr də bir müddət sonra artıq getdikcə yorucu və bezdirici olur. Mətni maraqla və zövqlə oxumağa başlayırsan, ancaq ortalardan sonra yorulursan, sıxılırsan və tez bitməyini arzulayırsan.
Üstəlik, müəllif bu bənzətmələrə, poetikliyə o qədər aludə olur ki, bəzən yersiz və uyğunsuz cümlələr yazır. Məsələn: kəpənək ömrü qədər qısa sürən salamlaşma. Ən az yaşayan kəpənək bir gün yaşayırsa, kəpənək ömrü qədər salamlaşma nə deməkdir? Bəzən də müəllif əndazəni itirib mətni bayağılaşdırır. Məsələn, qızın qəmzəsinin Mariana çökəkliyi dərinliyində olması. Bu nədir? Şairin öz alqışından xoşlanıb küyə getməsi və yazdığının yaxşı, ya pis olduğunu duya bilməməsi.
Hərdənsə müəllif, özünü bir qədər "yaxın hiss edib", "diss atmaq" kimi qeyri-ciddi ifadələrə yol verir və mətnin qüsurunu daha da artırır.
Qısası, əgər bu mətnin müəllifi, yazıçı olmaq istəyirsə, nəsr yazmaq, hekayə yazmaq istəyirsə, o zaman çox çalışmalı, mətndə poetiklik ilə təhkiyənin əndazəsini doğru təyin etməli, nəsr mütaliəsini artırmalı və yazdıqlarını, gənc yazıçılara dərs keçmək məqsədiylə yox, içindəki hansısa ağrılardan xilas olmaq məqsədiylə yazmalıdır.
Bu yolda, mən ona istədiyi qədər kömək göstərməyə hazıram. Hətta əgər Kazım qardaşımız nəsrin müəyyən sirlərinə bələd olmaq üçün mənim "Qadınlara mədhiyyə" kitabımı əldə etməyi arzulayırsa, mən öz kitabımı təmənnasız olaraq ona hədiyyə etməyə, özü də adi oxucular üçün nəzərdə tutulmayan şəkildə bəzi hekayələrimin izahını da verməyə tam hazıram. Təki, istedadlı qardaşımız Kazım da hekayə yaza bilsin”.
Rəqsanə Süleyman:
“Həddindən artıq bədiilliklə yazılmış mətndir. Elə bil qəzəl təhlil eləmisən və belə qısa hekayə alınıb. İnversiya və adlıq cümlələr dili anında prozaiklikdən çıxarır. Deyərdim, burda əsas təhkiyə klassik ədəbiyyatın bənzətmələrlə dolu qəzəl dilidir. İstənilən qəzəli götürüb nəsr dilinə çevirib baxanda;
"Nalədəndir ney kimi avazeyi eşqim bülənd" - "Eşqimin belə yüksək səs-sədası dərin ah-nalə çəkdiyimdəndir."
Yaxud elə klassik ədəbiyyatın özündə hekayət adlanan şeir janrını (Bizdə Seyid Əzim Şirvanidə buna aid çox misallar var) götürsək, bu hekayə ilə eyni dil xüsusiyyətlərini görə bilərik. Kazım üslub eksperimenti edir və elə ilk cümlədən görünür ki, mətn özündən qismən daha böyük həcmdə olan bir əsərdən parçadır. Hekayənin qopub gəldiyi ana mətn nisbətən daha böyük hekayədirmi ya romandırmı, ya da bir uzun hekayə, texniki uyğunluq bəlli deyil. Çünki təhkiyə bütöv deyil və heç bir şüur axını texnikası da yoxdur. Mənə görə, klassik ənənələrə dayanan belə müasir hekayə oxumaq maraqlı oldu. Sözün əsl mənasında şeirdən nəsrə keçidin ilkin mərhələsi”.
Orxan Həsəni:
“Kazımı şair kimi bəyənirəm. Müasir Azərbaycan şeirində özünməxsus yerə malikdir. Lakin nəsrin öz dünyası, öz tələbləri, öz havası var. Kazım Kazımoviç şeir xammalından hekayə düzəlməyə çalışıb. Hekayəni şair kimi yazıb. Elə buna görə uğursuzluğa düçar olub. Yorucu, abstrakt, anlaşılmaz, qurama bir mətn alınıb”.
Rəvan Cavid:
“Kazım mən ən sevdiyim şairlərdəndir. Arzu edirəm, həmişə belə qalsın. O əsl şərqlidir. Şərqlilər hekayə yaza bilmir”.