Amaliya Pənahova: “Ailəmizi dağıtmağa çox cəhd etdilər” - “ŞƏKLİNLƏ DANIŞ”

<span style="color:red;">Amaliya Pənahova:  “Ailəmizi dağıtmağa çox cəhd etdilər” - <span style="color:red;">“ŞƏKLİNLƏ DANIŞ”
18 sentyabr 2017
# 09:00

Kulis.az fotoqraf-jurnalist Arzu Muradın təqdimatında “Şəklinlə danış” adlı yeni layihəyə başlayır. Burada tanınmış sənət adamları ilə həm söhbət aparılacaq, həm də onların yeni foto-sessiyaları təqdim olunacaq. Layihənin ilk qonağı Xalq artisti Amaliya Pənahovadır.

Gözəl bir gün idi. Günlərdir təyin edib saat 16:00-a vədələşdiyimiz görüş nəhayət baş tutacaqdı. Daxilən çox narahat idim, nə qədər özümə güvənən biri olsam da, özündən razı, yekəxana bir insan zənn etdiyim Amaliya xanımla görüş dəqiqələri yaxınlaşdıqca elə bil ürəyimi döyəcləyirdilər.

Bilmirdim məni necə qarşılayacaq, söhbətimizin səmti haralara gedəcək, qarşıma qoyduğum məqsədlərə çata biləcəyəmmi? Nə də olsa, məimçün həlledici görüş idi, çünki layihəmin ilk qonağı idi. Beləcə görüşdük, çağırdığı məkana daxil olanda qapını özünün açıb məni qarşılaması, ilk təbəssümü mənə təskinlik notlarını çaldı. Elə bil o təbəssüm üzərimdən çox ağır bir yükü götürdü. Amaliya xanım fotolar üçün bərk narahat idi. Elə bu sözə bənd idim ki, becid cavab verdim:

- Mən elə bilirdim Amaliya xanım özünə hədsiz güvənən xanımdır, demə kompleksli imiş – deyib beləcə söhbətə başladım. Hiss etdim ki, bu sözümlə cəsarətli aktrisamızda daha böyük hünər qığılcımları əmələ gəldi. Nədənsə mənə elə gəldi ki, artıq Amaliya xanım məni maraqlandıran bütün mətləblərə aydınlıq gətirəcək. Düşündüyüm kimi də oldu, heç bir sualdan yayınmadı, hər şeyi necə varsa, o cür də təqdim etdi. Amaliya xanıma aid olan otağın aurası bir başqa idi, səmimi, hər şey necə varsa, elə. Qısacası, yaradıcı insanın iş otağı... Divardan asılan foto-çərçivələr insanı valeh edirdi, hələ Amaliya xanımın sənətindən böyük sevgiylə danışması o fotoların fonuna daxil olan möhtəşəm bir musiqi idi. Yay tətilini işə sərf etməsindən, yorulmadan, zövqlə çalışmasından danışdı, yeni-yeni nailiyyətlərindən və planlarından söhbət açdı.

Mədəniyyət və Turizm Nazirliyindən iclasdan və iş danışıqlarından gələn Amaliya xanımdan mövsüm açılışının onun üçün düşərli olub-olmadığını soruşdum, gülümsünüb cavab verdi:

- Heç məzuniyyətə getmişəm ki? Teatr binasıyla bağlı danışıqlar gedir, mənimçün də istirahət teatr binasından vacib ola bilməz.

Uzun zamandır müsahibələrində Bələdiyyə Teatrının binasının təmirindən danışan Amaliya xanımdan təmir prosesinin niyə uzun çəkdiyini soruşduqda isə:

- Bu il dekabrın 26-sı teatrımızda pərdənin açılışından iyirmi beş il ötür. İllər öncə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bizi müvəqqəti olaraq “Dostluq” kinoteatrında yerləşdirdilər, səkkiz il sərasər orada çalışdıq. Bu ilin əvvəlində bəlli oldu ki, bizi yerləşdirdikləri bina özəlləşib, bu səbəbdən bizi həmin binadan çıxardılar. Yəni belə problemlər yaşadıq, bunu sizə açıqlayıram, təbii ki, gələn qonaqlara, tamaşaçılara başımıza gələnləri təfərrüatıyla danışa bilmirəm. Amma bu problemlər bizim işimizə heç bir təsir etmir, biz dayanmadan fəaliyyət göstəririk. Keçən ilin sonunda Beynəlxalq festivaldan mükafatlarla qayıtdıq, Şillerin “Məkr və məhəbbət” faciəsini nümayiş etdirdik. Eyni zamanda bölgələrimizdə çıxışlarımız olur.

Amaliya xanım danışdıqca məni öz sehrinə salmışdı. İllər onun sənətə olan məhəbbətinə təsirsiz ötüşmüşdü. Teatrla bağlı başına gələnləri danışanda isə ağlıma gələn bu oldu ki, necə də səbirlidir. Mənim uzaqdan tanıdığım Amaliya Pənahovanın səbir kasası dolmalı, haqqına sahib olmaqçün dəridən-qabıqdan çıxmalı idi. Əslində bu düşündüklərimi heç ürəyimdə saxlamadım da. Sual halına salıb soruşdum:

- Teatrla bağlı danışdıqlarınızdan belə qənaətə gəldim ki, sənətdə səbirli xanımsız, bəs həyatda necə?

- Axı mən teatrla bağlı səbirsiz olub nə edə bilərəm? Gəmidə oturub gəmiçiylə dava etmək doğru olmaz axı. İnsan gərək sahib olduğu ağlını işlətsin, hər yer özəlləşib, mənim nəsə etməyə maddi imkanım yetmir.

Foto-sessiya zamanı ağlıma çoxlu suallar gəldi, düzdür, özəlləri də oldu, özəl olmayanları da:

- Son zamanlar bir-birinin ardınca janrından asılı olmayaraq növbənöv filmlər çəkildi. Sizi qane edənlər, bəyəndikləriniz oldu?

- Mənim ən çox xoşuma gələn Elxan Cəfərovun çəkdiyi “Dolu” filmi olmuşdu. Sənət ümumilikdə mənəviyyata xidmət eləməlidir. Bu gün çəkilən filmlərin böyük əksəriyyəti kommersiya nəzərdə tutur. Bu səbəbdən filmlərimiz uduzur bir az, nə gözəl aktyor ifası görə bilirik, nə də bizi silkələyə biləcək mövzu.

- Bəs senzuranın olmamasını nə dərəcədə qiymətləndirirsiniz?

- Senzuranın olmasının sovet dövründə öz ifratları var idi, olmamasının da indi bir başqa ifratları var. Ümumiyyətlə, bu sözü bizdə düzgün anlamırlar deyə düzgün də aşılmırlar. Bəyəm senzura kiminsə əlində dəyənək başının üstündə durub sənə nəyisə diktə etməsidir, ya senzuranın olmaması ağzına yiyəlik etməməkdir? Ortaq məxrəc var ki, mənəviyyata xidmət edir, bax həmin məxrəcə gəlmək lazımdır. Hər açıq-saçıqlıq və ya hər deyilən söz hələ sənət demək deyil.

- Açıq-saçıqlıq demişkən, niyə filmlərimizdəki açıq səhnələr birmənalı qarşılanmır? Sizcə düzgün çatdıra bilmirlər, yoxsa bizim tamaşaçılar hələ hazır deyil?

- Birincisi bizim tamaşaçılarımız hələ alışmayıb belə şeylərə, birdən-birə həzm etdirmək olmaz bunu millətə. İkincisi, onu professional səviyyədə çatdıra bilmirlər.

- Niyə hazır deyil millət? Bəs “Təhminə” filmi?

- “Təhminə”də açıq heç nə görmürəm mən. Tamaşasını Fuad Poladovla mən ifa edirdim. Biz o yüksək sevgi səhnələrini çox estetik şəkildə canlandırmışdıq, bununla heç kəsin duyğularını qıcıqlandırmamışdıq. Hər dövrün, hər tamaşaçının öz zövqü, öz dünyagörüşü var. Mənim müəllimlərim olmuş Ədil İsgəndərov, Tofiq Kazımov deyirdilər ki, heç vaxt tamaşaçının zövqüylə addımlamayın, çalışın siz tamaşaçını öz ardınızca apara biləsiz. Tamaşaçılar da gərək filmin bədii tərəfinə baxsın da, uyğunsuz olan bir nöqtədən yapışmasınlar.

Onunla danışanda sanırdım ki, bəzən Təhminəylə, bəzən isə Zərnisəylə eyni havanı uduram. Sonucda gözlər həmin gözlər idi. Söz “Təhminə”dən düşmüşkən: “Filmdə niyə Təhminəni siz oynamadız?”- deyə soruşdum və aldığım cavab məni təəccübləndirdi:

- Filmdə mən çəkilmək istəyirdim, bu istək neçə ildir ki, mənim ürəyimdə qalıb. O zamanlar mənə sirr idi ki, niyə Rasim Ocaqov mənə heç təklif də etmədi? İstanbulda Beynəlxalq kino festivalında olanda, rəhmətlik Ocaqovla söhbət açıldı, o mənə gözəl sənətkar olduğumu dedi, mən də izin vermədim ürəyimdə qubar qalsın, dedim, mən gözəl sənətkar olsaydım, siz “Təhminə”yə çəkərdiniz. O da heyrətlə bir mənə, bir yoldaşıma baxdı və dedi: “Filmdəki açıq səhnələrə görə rolu sənə təklif etməyə ürək etmədim, qorxdum birdən razılaşmazsan”. Sizə dediyimi o zaman ona da demişdim ki, filmdə açıq heç bir şey görmədim və mən o sevişmə səhnələrinə məmnuniyyətlə çəkilərdim. Ona görə də bir neçə il öncə düşünmüşdüm ki, eyniadlı filmi özüm fərqli şəkildə çəkim və baş rolu da özüm ifa edim.

- Bəs niyə gecikir sizin “Təhminə”niz ?

- Vəsaitlə bağlıdır gecikmə. Film gecikdikcə yaş da öz işini görür. Məni bu yaşda Təhminə obrazında təsəvvür edirsiz? (gülür)

Əslində mən təsəvvür edirdim. Məgər azdırmı real həyatda belə sevgilər? İnsan zahirən yaşa dolur, qəlb ki, gümrah qalır. Amaliya xanımın ruhu, qəlbi hələ də gənc, şıltaq bir qız idi. Çox qəribə mənzərə idi, elə bil ovsunlanmışdım, mən nə gözləyirdim, nə gördüm... Gələndə onunla nə danışacağımı, söhbətə necə başlayacağımı düşünürdüm, fəqət sonra yanından ayrılmaq istəmirdim. Anlayırdım ki, mənim bilməli olduğum, onun iş demək istədiyi hələ çox şey var. Başqa sənət nümayəndələrində gördüyüm o qısqanclıq, eqoist yanaşmalardan tamam uzaq, ada kimi xanım idi. Böyük sevgiylə danışırdı yeni istedadlardan, gənc nəsildən, öz sənətindən, teatrından, filmindən. İncəsənət adamı elədir ki, insanın ilk suallar çərçivəsi olur və o çərçivəyə daxil olan, məni maraqlandıran bur nüans daha vardı. Görəsən Amaliya xanıma məşhurluq zirvəsi, böyük sevgi bəxş edən hansı ifası oldu?

- İndi elədir ki, insanın yaşı əlli olsa da, özünü görkəmdə saxlamağı bacarırsa, istedadı varsa, gənc xanım rolunu ifa edə bilər, amma o vaxtı dolu, əndamlı xanımlar dəbdə idi deyə aktrisalarımız yeməkdən özlərinə korluq vermirdilər. Bu da zamanla öz fəsadını göstərirdi, artıq yaşa dolanda filmə, tamaşaya yaramadıqlarından rejissorlar çıxılmaz vəziyyətdə qalmışdılar və birdən mən gəldim. İlyas Əfəndiyev institutda məni gördü, Culyetta rolunu ifa edirdim, çox bəyəndi və məni teatra dəvət etdi. Belə deyək ki, bəxtim gətirdi, tale güldü üzümə və gəlməyimlə də “Sən həmişə mənimləsən” tamaşasında öz yaşıdımı - Nargiləni oynadım. Lazım olduğum bir zamanda gəldiyim üçün rejissor və tamaşaçı məni rahatca qəbul etdi, sevdi. Məndən öncə də, sonra da istedadlı aktrisalar olub, təbii ki, amma məni qürurlandıran budur ki, öz zamanımda lazımlılığımı hiss etdim və bu lazımlılıq məni otuz il müşayiət etdi.

Bu da bir başqa istedaddır ki, sən qarşındakını özünə təkcə görkəminlə deyil, söhbətinlə də cəlb edə bilirsən. O da bunu çox gözəl bacarırdı. Aktrisa xanım “Sən həmişə mənimləsən”, “Boy çiçəyi”, “Mənim günahım”dan danışırdı və mənim beynimdə “Babək” filmindən Zərnisənin Babəkə təslim olduğu səhnə canlanırdı.

- Amaliya xanım, aktrisa cəsarətli olmalıdır?

- Aktrisa, aktyor gərək mübariz olsun. Tipajı qıra, cilddən cildə girə bilməkçün cəsarətli olsun. Mən analıq məzuniyyətinə çıxmadım, axırıncı günə kimi səhnədə oldum. “Hamlet” faciəsi oynanılan gün qızım altıaylıq dünyaya gəldi. “Pəri cadu” tamaşasının premyera günündə isə oğlum doğuldu.

- Görünür həyat yoldaşınız da sizin sənətinizi dəstəkləyirdi. Bəs bezdiyi və ya hər hansısa bir rolu ifa etmənizi istəmədiyi, qısqandığı vaxtlar olub?

- Ailəmizi dağıtmağa çox cəhd ediblər, bizim ağlımız, bir-birimizə etibarımız güc gəlib. İzin vermirdik söz-söhbətlər yayılsın, hər zaman bir yerdə idik biz. Ailəli idik, uşaqlar körpə idi, qastrol səfərlərinə gedəndə uşaqları yoldaşımın umuduna qoyub gedə bilməzdim. Bir yerdə getməli olurduq, şəraitsiz mehmanxanada, balaca otaqda uşaqları rahatlayırdım və qaçırdım tamaşa oynamağa. Özüm də istəyirdim ki, həyat yoldaşım yanımda olsun, çünki o yanımda daha cəsarətli olurdum.

- “Babək” filmindəki ifanızı necə, cəsarətli addım hesab etmək olarmı? İnsanların reaksiyası necə olmuşdu sizə?

- Əgər insanların o roldan sonra kinli nəzərləri var idisə, deməli mən o rolun öhdəsindən məharətlə gəlmişəm. Böyük yazıçı Ənvər Məmmədxanlı belə yazmışdı, rejissor yozmuşdu, mən də belə ifa eləmişdim. Qaldı filmdəki sizin dediyiniz o cəsarətli səhnəyə, ondan öncə “Qərib cinlər diyarında” filmi çəkilib, orada da kifayət qədər cəsarətli ifam olub, amma mən bir nəfərdən pis söz eşitmədim. Rasim Balayevlə olan sevişmə səhnəmiz kifayət qədər normal şəkildə təqdim olunmuşdu, niyə pis baxsınlar ki?! Ən sürüşkən, ehtiras dolu rolları ifa etmişəm səhnədə, amma zaldan bir kəlimə artıq söz eşitməmişəm. Aktrisalar da olub ki, çıxıb səhnədə əxlaqdan danışanda, zaldan deyiblər ki, get əvvəl öz əxlaqınla məşğul ol. İndi verilişlər də var, otururlar ekspert qismində və başlayırlar insanlara ağıl verməyə, əxlaq dərsi keçməyə. Özünə demir ki, məgər mənim haqqım varmı insanları əxlaqdan dəm vurmağa?

Foto-sessiya zamanı qəddi-qaməti, ani baxışları, hətta oturuşu belə heyrətamiz idi. Halbuki görüş öncəsi telefon danışığımız zamanı fotolara qarşı həssas olduğunu duydum, tamaşaçılara olan hörmətindən fotolarda pis düşəcəyindən qorxduğunu etiraf etdi. Lakin ikimiz də şahidi olduq ki, bu qorxu əbəs imiş. Amaliya xanım hələ də bir çox xanımlara istər görkəm, istər estetika baxımdan “master-klass” göstərməyə qadirdir. Elə o da baxışımdan düşüncələrimi anlamışdı, buna görə də dedi:

- İstər fotoya, istər rəsmlərə münasibətim çox yaxşıdır, bunlar bizim sənətimizin ayrılmaz hissələridir. Fotoların sayəsində biz tarixə köçürük. Gündəmdə fotoların, rəsmlərin, video çəkilişlərin sayəsində qalırıq. Mənim məktəb, tələbəlik illərim, sonra teatrdakı fəaliyyətimi əks etdirən fotoşəkillər o illəri təkrar yaşamağıma kömək edir. Ehtiyat etməyimin səbəbi tamaşaçıya olan hörmətimdir. Onların qurduğu Amaliya Pənahova büstünü dağıtmaq istəmirəm. Foto-sessiyanı sevirəm, sadəcə vaxt qıtlığı izin vermir. Özünüz çox gözəl bilirsiniz ki, buna bütün günü, hətta günləri sərf etmək lazımdır, mənim də buna imkanım yoxdur təəssüf.

...Və o ayrılıq təbilləri çalınırdı, söhbətimiz bitmişdi. Necə deyərlər, hər kəs öz yoluna... Amaliya xanımdan ayrılanda çox qəribə bir etiraf etdi:

- Bilirsən, Arzucan, yalan danışmaqla yoxam, yaşlanmaq istəmirəm, axı ürəyim cavandır, arzularım tükənməyib...

# 2798 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #