Peyğəmbərdən çəkilən film haqqında sənət adamları nə düşünür? – SORĞU

<b>Peyğəmbərdən çəkilən film haqqında sənət adamları nə düşünür? – <span style="color:red;">SORĞU </b>
29 iyun 2018
# 16:30

Kulis.az İran rejissoru Məcid Məcidinin Nizami Kino Mərkəzində tamaşaçılara təqdim olunan “Məhəmməd-Allahın elçisi” filmi haqda kino və sənət adamlarının, tamaşaçıların fikirlərini təqdim edir:

Əli İsa Cabbarov (kinorejissor):

“Peyğəmbər bioqrafiyası təbii olaraq, müəllif üçün məhdudiyyətlər qoyur. Bu məhdudiyyətlər çərçivəsində Məcidi dünya tamaşaçısı üçün tanış olan kodlarla peyğəmbəri vəsf edib. Məhz dünya tamaşaçısına mövzunu çatdırmaq üçün İsa-Məryəm ana formatında hekayə təqdim etmişdi. Məni də tamaşaçı kimi təsirləndirən, kövrəldən bu xətt idi. Dramaturji cəhətdən də ənənəvi olsa da effektli işlənmişdi. Bir də maraqlı cəhət insanın öz taleyi əlində çarəsiz olmağıdı-qucaqdakı körpə özü də bilmədən peyğəmbər taleyi yaşayır. Onun ətrafında qovğalar olur, o isə hələ dilsiz-ağızsızdı. Hətta dünyaya gəlməmişdən öz taleyini yaşadır. Bu mövzu da kamil verilmişdi. Yaradanın yazdığı ssenari qarşısında bütün bəşəriyyətin gücsüzlüyü. Film Hollivud blokbasteri standartlarına uyğun çəkilib və sırf Məcidi filmi gözləyən müəlliflərin xəyal qırıqlığını anlamaq olar, amma burda məqsəd peyğəmbəri tanımayanlara onu tanıtmaq idi. Ona görə məhz milyonlara tanış Hollivud standartlarında, dilində hekayət nəql edilməliydi Məcidi bunu şüurlu edib və düz edib.”

Aygün Aslanlı (kinoşünas):

“Məhəmməd peyğəmbər-Allahın elçisi" filmində müəllif bütün dinlərin əslində yer üzündə ədaləti bərpa və təmin eləmək məqsədi daşıdığı, insanların bərabərliyi ideyasını önə çəkib və göstərməyə çalışıb.

Filmdən ilk təəssüratım: emosional olaraq qətiyyən təsir eləmədi. Bəlkə də səbəb Məcid Məcidinin nümayişdən əvvəl filmin çəkilmə səbəbləri haqqında söylədikləri idi. O dedi ki, Avropada Məhəmməd peyğəmbərin karikaturaları çıxandan sonra belə bir film çəkmək və İslam dininin, Məhəmməd peyğəmbərin gizli qalmış tərəflərini dünyaya göstərmək istəyib. Düzü, mən də filmdə bunları görəcəyimi umurdum, amma görmədim. “Tanrının elçisi” filmi Hollivudun bayopik janrında çəkilmiş bir filmdir. Məhəmməd peyğəmbərin həyatında ziddiyyətli, bu gün mübahisə doğuran məqamlar çoxdur. Bütün bunlara meydan açmamaq üçün Məcidi peyğəmbərin uşaqlığına fokuslanıb və filmi İsa, Musa peyğəmbərə aid dini-mifoloji elementlərlə süsləyib-ölü diriltmək, dənizə hökm eləmək, ana-oğul (Məryəm və İsa) xətti və s. Bunlar filmi şablonlaşdırır, nə görəcəyini artıq bilirsən.

Bir də əlbəttə ki, Məcid Məcidinin üslubu. Məcidi yaradıcılığı boyu, demək olar ki, bütün filmlərində humanizmi, insanlığı, normalda diqqət yetirmədiyimiz sadə detalların həyatımızı necə gözəlləşdirdiyini poetik dillə çatdırmağa çalışıb və çatdırıb da.

Bu filmə Məcidinin “əlinin dəydiyini göstərən” cəmi iki epizod vardı – final səhnə-peyğəmbərindən tutmuş ən sıradanına qədər bütün insanların eyni olduğunu göstərən epizod – həyat mənbəyi olan suyun içindəki balaca-böyük, ağ, qara, qadın, kişi, uşaq əlləri... Və uşaqların almaları təmizlənməsi üçün arxa tökdükləri səhnə.”

Kamal Yaşar (rejissor):

“Gecikmiş nümayiş olsa da istənilən halda bir bayram təəssüratı yarada bildi. Çünki Məcidi yaradıcılığı bəşəri olduğu qədər həm də zamanın fövqündədir. Üstəgəl, ələ aldığı mövzu da dünya durduqca duracaq və müzakirə olunacaq mövzudur. Adətən müəllif imzası ilə, müəllif filmi rejissoru kimi tanınan Məcidi bu dəfə fərqli formada çıxış edirdi. Ancaq eyni zamanda həm də öz yaradıcı dünyasının, baxışlarının estetik ştrixlərinə sadiq qalmaqla. Həm də mövzu elədir ki, onu heç müəllif filmi kimi işləməyin özü belə çətin olardı. Mümkün olsa da təxəyyül və yozum ciddi xronologiyanı üstələyəcəkdi. Məcidi isə burada tarixi əsas tutmaqla öz işini ustalıqla görə bilib. Həm də komanda işi olaraq çalışmasında da bu dəfə arealı bir az daha genişmiqyaslı edib, yaradıcı qrupa dünyanın müxtəlif ölkələrindən mütəxəssislər cəlb edib və bu da işdə öz təsirini yaxşı mənada göstərib. Film həm də bəzən zahiri xronologiya bəsitliyi ilə gözə çarpsa da əslində yetərincə alt qat və göndərmələrlə yüklüdür. Daha detallı maraqlanan oxucular isə film haqqında resenziyanı ( “Müqəddəs mesaj”) teatro.az saytında oxuya bilər”.

Fehruz Şamıyev (prodüser, rejissor):

“Filmin rəssam işini, operator işini xüsusi qeyd etmək istəyirəm. Çox bəyəndim. Dövrün ab-havasını yarada bilmişdilər. İndi informasiya dövrüdür. Həm də sürətli informasiya dövrüdür. Müasir tamaşaçı bu həcmdə olan filmləri həzm etməkdə çətinlik çəkir. Ssenaridə, filmdə dinamikanın az olması tamaşaçını yorurdu. Elə bir dövrdən bəhs olunur ki, peyğəmbərin ətrafında ciddi konfliktlər baş vermir. Daha əvvəl çəkilən, eyni tarixi şəxsiyyətdən bəhs edən “Çağırış” filmi ilə müqayisə etdikdə, təəssüf ki, burada konflikt azdı. Sadəcə seçilən dövrdə hadisələrin azlığı filmə təsir göstərib, ssenaridə dramatiklik aşağı idi. Aktyor seçimi, kastinqi çox bəyəndim. Müsbət enerji var idi. Hətta hind xanımın rolu və digər obrazlar çox dəqiq seçilmişdi. Hiss olunurdu ki, bu filmə çox böyük əmək sərf olunub... Komanda etibarilə Məcidinin düzgün heyət yığa bildiyi görünür. Rəng keyfiyyəti, əhval yarada bilməsi filmin üstünlüklərindəndir. Dövrün ictimai atmosferini yaxşı ifadə edirdi. Tarixi film janrının tələblərindən bəzən kənara çıxaraq peyğəmbəri müqəddəsləşdirmək istiqamətində qabartmalar var idi. Busa qəhrəmanımızı yaxından tanımağa, onun hadisələrə münasibətini öyrənməyə imkan vermir. Filmdə qəhrəmanın xarakterini açan çox az səhnələr var idi. Daha çox müqəddəsləşdirmə missiyası daşıyırdı”.

Gülzar Qurbanova (aktrisa):

“Məcidinin bütün filmlərinə baxmışam. Ona görə yox ki, dünyada tanınır. Onun filmlərində gözl bir mesaj var ki, hər bir uşaq elə doğulanda peyğəmbər tək saf olur, təmiz olur. Dünənki təqdimatda o dedi ki, Budda haqda yüzlərlə film çəkilib, amma peyğəmbər haqda cəmi bir-iki filmimiz var. Mən məhz buna görə filmin mənfisini müsbətini müzakirə etmədən onu böyük hadisə adlandırıram. Məcidi deyir: “Mən tamaşaçının filmlərimi izlədikdən sonra mənəvi dünyasındakı duyğuları kəşf etməsinə kömək etmək istəyirəm. Özü də o duyğu o anda qalmamalıdır, bütün həyatına yayılmalıdır”. Bu film də, onun təbliğ etdiyi dəyərlər də insanlara, insanların bütün həyatına yayılsa nə gözəl olar, deyilmi?”

Mir Sahib Ağazadə (rejissor):

“Film ətrafında danışıldığı qədər təəssürat yaratmadı. Ümumiyyətlə, İran kinematoqrafının dini mövzularda çəkdiyi filmləri qeyri-dini filmlərdən zəif hesab edirəm. Çünki dini mövzuda çəkilən film həddindən artıq çətindir. Dini mövzuda olan filmlər iki qəliz nəsnəni özündə birləşdirir. Tarix və din. Kino isə bunların hər ikisindən azad formada yaranmağı sevir. Sözügedən filmi rejissor Məcid Məcidi guya bədii tərəfdən daha çox təqdim edib. Amma yenə də tarix, müqəddəslərin təsvir olunması ilə bağlı qadağalar və zövq öz işini görüb. Mən birmənalı şəkildə filmi tənqid eləmirəm. Amma bu film müsəlmanların peyğəmbəri haqqında (və elə müsəlmanlar tərəfindən Omanda terror nəticəsində öldürülən) Suriya əsilli Amerikan rejissor Mustafa Akkadın çəkdiyi "Çağrı" filminin emosianal hasilini keçə biləcək də olmasa, heç olmasa onun qədər bu hasili yarada biləcək film deyil”.

# 1833 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #