Kulis.az Çin müdriki Lao Tzının dünyanın ən gözəl kitablarından biri olan “Dao De Çinq”in yazılma tarixçəsi və kitabdan seçmələri təqdim edir.
Çində məşhurlaşan Lao Tzı bir mdət sonra vətənini tərk edərək səyahətə çıxmaq istəyir. Öz məşhur kəlinin belində qərbə tərəf istiqamət götürür. Hərçənd yaxınlaşdığı Xanqu son sərhəd məntəqəsi Çinin şimal-şərqi idi. Lakin “qərbə getmək” Çin mentallığında ölməyə getmək mənasını daşıyır. Sərhəd məntəqəsinin rəisi Yin Si Lao Tzı ilə danışdıqdan sonra onun müdrik olduğunu anlayır. Və Çini tərk etməzdən əvvəl Lao Tzıdan öz müdrikliyindən bir parça miras qoymağı xahiş edir. Lao Tzı bir gecəyə 5 min heroqlifdən ibarət yazı yazmağa razılaşır. Bundan sonra sərhədçi ilə sağollaşaraq Çini həmişəlik tərk edir. Beləliklə, “Dao De Çinq” kitabı yazılmış olur.
***
İnsanlar bəzi şeyləri gözəl görəndə digər şeylər eybəcər olurlar. İnsanlar bəzi şeyləri yaxşı görəndə digər şeylər pis olurlar.
Mövcudluq və yoxluq bir-birini doğurur.
Çətinlik və asanlıq bir-birini dəstəkləyir.
Uzun və qısa bir-birini təyin edir.
Səs və ton ahəngdə birləşir.
Əvvəl və sonra bir-birini təqib edir.
Bu səbəbdən də, müdrik heç nə eləmədən iş görür,
heç nə demədən öyrədir.
Nəsnələr yaranır və o, heç nəyi rədd etmir.
Nəsnələr yox olur və o heç nəyi unutmur.
Onun varıdır, lakin o, heç nəyin sahibi deyil.
Fəaliyyətdədir – heç nə gözləmir.
İşini bitirdikdən sonra hər şeyi unudar.
Bu səbəbdən də, heç nə onu tərk etmir.
***
Müdriklərinizi böyütməyin, insanlar mübahisə etməyəcək.
Əşyaları dəyərləndirməyin, insanlar oğurluğa meyl etməyəcək.
Arzu olunanın gözdən uzaq olması ürəyi çaşqınlıqdan qoruyur.
Bu səbəbdən müdrikin rəhbərliyi
ürəklərin boşaldılması və qarınların doyurulmasına,
ambisiyaların zəiflədilməsi və sümüklərin
möhkəmləndirilməsinə əsaslanır.
O, adamlara bildiyi və arzuladığı hər şeyi unutmağa
kömək edir.
Və bir şey bildiyini güman edənləri çaş-baş edir.
Heç nə etməməyi təcrübəyə çevir.
Və hər şey yerini alacaq.
***
Qabı kənarlarınadək doldur
və onu dağıdacaqsan.
Bıçağı daim itilə
və o çox çəkməyəcək.
Ev qızıl və nefritlə doludursa,
Onu kimsə qoruya bilməz.
Var və rütbə dalınca düşsən,
bəlanı cəlb edəcəksən.
İşini gör və geri çəkil.
Budur Göy Yolu.
***
Bədən və ruhu daşıyaraq vəhdəti qucaqlamaq.
Ayrılıqdan yan qaça bilərsənmi?
Tam ayıqlıq və zəiflik.
Yeni doğulmuş körpə ola bilərsənmi?
Daxilindəki güzgüyə daimi nəzarət.
Ləkəsiz saxlaya bilərsənmi?
İnsanları sevmək və idarə etmək.
İradəni onlara sırımaya bilərsənmi?
Göylərin qapısı açılıb-bağlananda
Sən bir qadın ola bilərsənmi?
Hər şeyə açıq olmaq və anlamaq.
Heç nə eləməməyi bacararsanmı?
Həyat vermək və bəsləmək.
Lakin sahiblənməmək.
Gözləntisiz işləmək.
Rəhbərlik etmək,
lakin ağaya çevrilməmək.
Budur ali fəzilət.
***
Otuz mili bir təkərdə birləşdiririk.
Mərkəzindəki deşik onu yararlı edir.
Gildən qab düzəldirik.
Daxilindəki boşluq onu yararlı edir.
Qapı, pəncərə düzəldirik ki, ev olsun.
Lakin evin də yararlığı daxilindəki fəzaya görədir.
Həqiqətən, biz mövcudluqla əlləşirik,
Yararlılıq isə yoxluqdan gəlir.
***
Qədim müdriklər həssas və dərin idilər.
Onların müdrikliyi hədsizdir.
Bu səbəbdən, təsvirəgəlməzdirlər.
Biz yalnız onların görünüşlərini nişan verə bilərik.
Onlar diqqətli idilər,
üstü buzla örtülmüş çayı keçən birisi kimi.
Ayıq idilər,
düşmən ərazisini keçən birisi kimi.
Səbirli idilər,
sanki qonaqlığa gəlmişdilər.
Üzüyola idilər,
əriyən buz kimi.
Sadə idilər,
yonulmamış odun kimi.
Geniş qəlbli idilər,
mehriban vadi kimi.
Aydın idilər,
bir parç su kimi.
Bulanıq suya dəyməsən,
lili çökəcək, suyu durulacaq.
Uzun müddət hərəkətsiz qalan,
Zamanla özü dirçələcək.
Müdrik məmnunluq aramır.
Aramır, gözləmir, indidədir.
Baş verən hər şeyi qarşılayır.
***
Atın bir kənara “müdrikliyi” və “müqəddəsliyi”,
insanlar yüz dəfə daha xoşbəxt olarlar.
Atın bir kənara “insaniliyi” və “ədaləti”,
insanlar sevgiyə və hörmətə qayıdarlar.
Atın bir kənara fərasət və qazancı,
oğru və quldurlar yoxa çıxacaqlar.
Bu üçü kifayət deyilsə,
sadəcə, dairənin mərkəzini tut
və qoy hər şey öz yolu ilə getsin.
***
Tam olmaq istəyirsənsə, yarımçıq olmağı icazə ver özünə.
Düz olmaq istəyirsənsə, əyri olmağı icazə ver özünə.
Dolu olmaq istəyirsənsə, boş olmağı icazə ver özünə.
Yenidən doğulmaq istəyirsənsə, ölməyi icazə ver özünə.
Hər şeyin sənə verilməsini istəyirsənsə, hər şeydən imtina et.
Daoda* məskən salmaqla müdrik bütün varlıqlara nümunədir.
Özünü göstərmədiyi üçün insanlar onun sözlərinə inanırlar.
Özünü göstərmədiyi üçün insanlar onun nurunu görə bilirlər.
Heç nəyi sübut etmək istəmədiyi üçün insanlar onun
sözlərinə inanırlar.
Özünün kim olduğunu bilmədiyi üçün insanlar özlərini onda tanıya bilirlər.
Ağlında hədəf olmadığı üçün gördüyü hər işdə uğur qazanır.
Qədim müdriklər boş yerə demirdilər:
“Hər şeyin sənə verilməsini istəyirsənsə, hər şeydən
imtina et”.
Yalnız Daoda yaşamaqla sən tam olaraq özün ola bilərsən.
***
Özünü tam olaraq ifadə et və sus.
Təbii proseslər kimi ol:
külək əsirsə, əsir;
yağış yağırsa, yağır;
buludlar çəkilincə, günəş parlayır.
Özünü Daoya açırsansa, Dao ilə bir olur və
özünü tam olaraq gerçəkləşdirə bilərsən.
Özünü bəsirət üçün açırsansa, bəsirətlə bir olur
və ondan tam olaraq yararlana bilirsən.
Özünü itki üçün açırsansa, itki ilə bir olur və onu tam
olaraq qəbul edə bilirsən.
Özünü Daoya aç, təbiətinə etibar elə
və hər şey öz yerini alacaq.
***
Başqalarını tanımaq ağıl əlamətidir,
özünü tanımaq – müdriklik.
Başqalarını ram etmək güc əlamətidir.
özünü ram etmək – qüdrət.
Malik olduqlarınla kifayətlənə bilirsənsə, varlısan.
İnadkarcasına – iradəlisən.
Varlığın mərkəzində qalaraq
ölümü bütün ürəyinlə qucaqlaya bilərsənsə - əbədisən.
Tərcümə Müşfiq Ötgünündür.
Dao – mövcudluq yolu, daosizmdə ilahi enerji, varlığı yaradan yoxluq, boşluq