Xalq artisti: “Heç bir teatr 20 ildən artıq yaşamır” – Müsahibə

<span style="color:red;">Xalq artisti:  “Heç bir teatr 20 ildən artıq yaşamır” – <span style="color:red;">Müsahibə
13 mart 2019
# 20:58

Azərbaycanın Xalq artisti Məmməd Səfa Qasımovun Lent.az-a müsahibəsi

- Eksperimental Tamaşalar festivalının gedişatından ayırdım sizi, necə keçdi, festival havası vardımı?

- Mənim İncəsənət Universitetində dərs dediyim 3-cü kursun da tamaşası göstərilir, həmkarlarımın kursları da oynayırlar. Tələbələrimizin yanındayıq. Festival həmişə, hər bir halda teatr bayramıdır. İşini nümayiş etdirirsən, sənə baxırlar və alqışlayırlar.

- O festivalın özülünü rəhmətlik Vaqif İbrahimoğlu qoymuşdu, ilk dəfə keçirmişdi. Mən də festivalı yüksək səviyyədə işıqlandırdığıma görə “Ən yaxşı jurnalist” nominasiyasının qalibi olmuşdum.

- Hə, Allah ona rəhmət eləsin, “Yuğ”un bir-neçə işi də mükafat almışdı o zaman, 2003-cü ildə. Nə biləydi ki, ikinci festival onsuz keçiriləcək, həyatdı də...

- Bəli, həyat davam edir, festivallar da öz yerində. Teatr aləmində son bir-neçə gündə bir işıq seli görünür. Sizin nə təəssüratlarınız var?

- Hesab edirəm ki, ölkə başçısı ilə mədəniyyət xadimlərinin görüşü lazım idi ki, oldu. Həm də belə görüşlər mütəmadi olmalıdır. Vacib məsələlərin həlli üçün çox önəmlidir. İnanıram ki, bir çox problemlər öz həllini tapacaq.

- Orda olsaydınız, nə təklifiniz olardı?

- “Yuğ” teatrına bina xahiş edərdim. İkinci xahişim kinonun inkişafı ilə bağlı olardı.

- Bəs, şəxsi?

- Şəxsi o qədər problemlərimiz var ki, nə bilim...

- Diplomatik cavab oldu. Yaradıcı yolunuza nəzər salanda diqqətimi Bakı Mədəni-Maarif Texnikumu çəkdi, aktyor olmaq üçün ora qəbul olunmuşdunuz?

- Neynəyim, İncəsənət Universitetinə - o vaxt institut idi - qəbulda Adil İsgəndərov ixtisasdan mənə dörd dənə “3” yazdı, daha doğrusu, “3” aldım, müsabiqədə 25 yerə 27 nəfərdən keçməyən iki nəfərin biri mən oldum, çünki hamısı yaşca məndən böyük, əsgərlikdən qayıtmış uşaqlar idi. Universitetin yanından keçəndə Adil müəllimi pəncərədən baxan görüb, deyirdim, ay müəllim, mənə bircə “4” yazsaydınız, indi tələbəniz idim. Amma yaxşı ki, elə oldu. Bir az da böyüyüb, sonra qəbul olundum və sənəti daha yaxşı öyrəndim, daha məsuliyyətli oldum. Əfrasiyab Məmmədovun kursunu bitirdim. Təyinatla Şabranda Mədəniyyət evində işlədim, amma qırmızı diplomla bitirdiyim üçün təyinat yerində cəmi bir il işlədim, yoxsa üç işləməli olardım. Həmin il də İncəsənətin aktyorluq fakültəsinə qəbul olundum. Fuad Hacıyevin kursunda oxuyurdum, bir il Nəsir Sadıqzadə də dərs dedi bizim kursa.

- Özünün aktyorluqda uğuru olmayan, amma onlarla aktyor yetişdirən müəllim Nəsir Sadıqzadə...

- Həm də Bakı Dövlətin filologiyasını bitirmişdi. Allah ona rəhmət eləsin, Azərbaycanda elə bir aktyor yoxdur Nəsir Sadıqzadədən bu və ya digər formada dərs almasın.

- İlk iş yeriniz “Yuğ” oldu?

- Yox, 7-8 il universitetdə səhnə danışığı kafedrasında dərs dedim, sonra keçdim aktyorluq kafedrasına. Eyni zamanda, Tədris teatrında çalışırdım. Orda çalışa-çalışa Vaqif İbrahimoğlu “Yuğ” teatrını yaratdı. İsrafil İsrafilov bizə dedi ki, bərk-bərk yapışın müəllimdən, qopmayın. Biz də o tutan tutduq, ta ki, Vaqif müəllim rəhmətə gedincə buraxmadım...

- Bu sizin sənətinizdə yaxşılığa doğru oldumu, bu gün ziyanını çəkmirsiniz?

- Əlbəttə, yaxşılığa doğru oldu. Mən o ziyan ifadəsini işlətsəm, dilim od tutub yanar. Biz peşə həyatımızı Vaqif müəllimə borcluyuq. Müəllimim çox olub, onun yeri bir başqadır.

- Amma bu gün onun məktəbinə Azərbaycan teatr aləmində yer yoxdur...

- Müəllimin özünün dediyi sözdür. Deyirdi ki, hər bir teatrın ömrü 20 ildir, ondan sonra yaşamır. Yeni yaranışlardan, yenidən başlamaq lazımdır. Elə də oldu, “Yuğ”un 20 illiyi ərəfəsində Allah özü gəldi müəllimi apardı ki, sənin missiyan başa çatdı. Adı, hörməti “Yuğ”da çox yüksəkdir, amma missiya başa çatıb. İndi orda yeni estetika başlayıb.

- Əsas teatr rollarınız “Yuğ”da olub.

- Milli Dram teatrında “Şah Qacar”da, “Nadir şah”da oynamışam, əsas “Yuğ”dur.

- Nədənsə yaddaşımda irəli “Otello” keçir, qalanı qalır onun kölgəsində.

- Niyə, çox maraqlı işlərimiz olub. “Salam”, “Bamsı Beyrək boyu”, Şah İsmayıl Xətaidən “Səma”, “Bir, iki, bizimki” tamaşası vardı, Nizaminin “Sirlər xəzinəsi” mürəkkəb tamaşa idi. 100-ə yaxın tamaşa oynamışıq. Hər tamaşanı uzağı üç dəfə oynayardıq, Vaqif müəllim yenisini qoyardı.

- “Yuğ”un estetikası onu tələb edirdi...

- İndi də elədi, böyük tamaşaçı kütləsinə hesablanmır, bu teatrın tamaşaları, məhdud sayda tamaşaçı üçündür. Aktyoru yetişdirən teatrdır, çünki tamaşaçı ilə yaxın məsafədə, onunla göz-gözə oynayırsan, səmimi olmaya bilməzsən. Digər teatrlarda bu yoxdur.

- Bu teatrda işləyən aktyorun filmə çəkilməyi asandır, yoxsa çətin, axı tamaşaçının gözünə alışmısan, oynamısan, kinoda onu kamera əvəz edir?

- Əksinə, daha rahatdı, çünki “Yuğ”un tamaşaları elə kinodu.

- Bəzən aktyorların taleyində bir obraz elə rol oynayır ki, gələcək sənət taleyi onunla müəyyən olunur. Sizin kino rollarınız çoxdu, amma “Dolu”dakı komandir daha çox yadda qalıb.

- Belə deməzdim, “Dolu” filmi Qarabağ mövzusunda olduğu üçün insanların zəif yeridir. Qarabağ müharibəsinin toxunmadığı tale yoxdur, sizin “Müharibə miniatürləri” kitabınız buna nümunə. “Ovsunçu”, “Cavid ömrü” filmlərində də maraqlıdır obrazlarım. Sadəcə, “Dolu” gündəmin tələbidir.

- Uzun illər Prezident mükafatçısı oldunuz. 2018-ci ildə “Xalq artisti” fəxri ad verdilər sizə, Universitetin professoru oldunuz, düşərli il oldu. İndi nə işlə məşğulsunuz?

- Dörd il Prezident təqaüdü aldım. Təki bütün illər hamımıza düşərli olsun. Hazırda isə “Yuğ”da Orhan Pamukun “Mənim adım qızrmızı” əsəri əsasında tamaşa hazırlanır, orda məşğulam. Universitetdə tələbələrimlə çalışırıq.

- Neçə kursunuz olub?

- Çox, 90-cı illərin əvvəlindən işləyirəm. Bütün teatrlarda tələbələrim var. Allah hamısına şans versin, peşələrində uğur qazansınlar. Mənim deyil, öz zəhmətləri, öz uğurlarıdır. Təki meydanları olsun.

- Niyə baş teatrdan uzaqlaşdınız?

- Uzaqlaşmamışam, dəvət etdilər, oynadım, bitdi, yenə dəvət etsələr gedib oynayacam. Hamımızın teatrıdır Akademik Milli Teatr, ana teatrımızdır. Ordan görün kimlər gəlib gedib, Allah hamısına rəhmət eləsin. Milli Teatrdır, bizimdir, həmişə təəssübünü çəkmişəm.

- Ailənizdən danışaq. Uşaqlardan sizin sənətə gələni var?

- Yox, qızım tarixdə oxuyur, oğlum 8-ci sinifdədir, hələ qərar verə bilmir. Hər gün gəlib deyir bəlkə filan peşəni seçim? Deyirəm, özün qərar ver. Aktyor olmaq istəsə, olsun, amma deyəcəm ki, çətindir...

- Hamının verdiyi bir banal sual verəcəm. Ürəyinizdə qalan obraz var?

- Yox, heç vaxt, Hamlet, Kral Lir olmaq arzulamamışam, arzusunda olduğum obraz yoxdur, nə verilibsə onu da oynamışam, rejissorun gördüyü kimi olmuşam. Amma hardasa içimdə bir hiss var, hələ nə isə möhtəşəm bir iş qarşıdadır, bilmirəm nə vaxt, harda, amma olmalıdır. Ona doğru gedirəm və bütün varlığımla hiss edirəm.

# 3779 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #