“Babək”in Buğdayı: “Əliabbas Qədirov olmasa çəkilişdə öləcəkdim” - MÜSAHİBƏ

“Babək”in Buğdayı: “Əliabbas Qədirov olmasa çəkilişdə öləcəkdim” - <span style="color:red;">MÜSAHİBƏ
6 iyul 2017
# 09:00

Kulis.az “Babək” filmində Buğday obrazı ilə tanınan aktyor Məmməd Verdiyev ilə müsahibəni təqdim edir.

- Məmməd müəllim, xeyli müddət Rusiyada yaşamısınız. Bakıya iki il əvvəl qayıtmısız. Orada olduğunuz müddətdə yaradıcılıqdan kənarda qaldınız?

- Özümü heç vaxt sənətdən ayrı hesab etməmişəm. Tamaşalara getmişəm, televiziyadan izləmişəm, sonra elə oldu ki, “Mosfilm”də 62 seriyalıq seriala – “Yasmin”ə çəkildim. Gəldim, burada da bir seriala çəkildim. Sadəcə olaraq, bilmək istədim ki, burada vəziyyət necədir.

- Necədir ki?

- Mən konkret o serialdan danışmayacağam. Çünki, hər səhər “Xəzər” televiziyasında o serial yayımlanır: “28 iyun”. Mən ümumiyyətlə, deyəcəm vəziyyəti. Birincisi, Aktyorları qiymətləndirmək lazımdır. Onun qiymətini pul ekvivalentində verməkdir. Bu məsələdə vəziyyət çox dəhşətlidir. Çəkilənlər də yüz faiz xalturadır. Aktyorlar da məcburdur çəkilməyə. Çünki uzağı 300 manat alırlar teatrdan. Vallah, mən elə özümü qınayırdım ki, nahaq razılaşdım seriala, yaxşı ki, 13-cü seriyadan sonra bitdi serial.

- Bəlkə, ola bilər, bu kəmiyyət keyfiyyətə keçsin?

- Nə seriallarda, nə filmlərdə bir ümid işığı görmürəm. Bəlkə də yaranacaq, amma nə vaxt? Mən bilmirəm. “Babək” filmində belə bir yer var idi - o yer filmə düşmədi: Babəkin 18 yaşı var. İkinci arvadı Pərvinlə oturublar, ağsaqqallar da yığışıb. Müzakirə gedir ki, ərəblərdən necə canlarını qurtarsınlar. Hamı qocalardan bir fikir gözləyir. Onlardan biri deyir ki, biz bilmirik kim bizi xilas edəcək - göydənmi gələcək, burdanmı çıxacaq... İndi, biz də bilmirik bizi kim xilas edə bilər. Göydənmi gələcək, ya hardan. Çünki hər şey maliyyəyə bağlanır. Burada o qədər problemlər var. Mən hər ölkədəki vəziyyəti öyrənməyə çalışıram. Belə bir təcrübə var: Birjalar olur, bütün aktyorları ora üzv edirlər. Rejissor hansısa aktyoru çəkmək istəyəndə birjaya müraciət edir və aktyorun qiymətini də o deyir. Birjadan kənarda çəkilən aktyor da yüksək məbləğdə cərimə olunur. Amma gərək birja da bir dənə olmasın, bir neçə olsun ki monopoliyaya gətirib çıxarmasın. Birja aktyorun işinin qiymətini təyin edir. Bu qiymətləndirmə işin keyfiyyətini artırır. Aktyora əməlli-başlı məbləğ ödəyəndə ondan əməlli başlı iş də tələb edirlər. Yoxsa seriallarda qulağımız hər sözü eşidəcək.

- Burada deyəsən bir tammetrajlı filmə çəkilmisiniz..

- “Ştamp” adlı tammetrajlı filmdir. Rejissoru Murad Əliyev Amerikada yaşayan azərbaycanlıdır, gəldi məni tapdı, çəkildim. Heç filmi görməmişəm, amma eşitdim festivallarda qalib gəlib, hətta birində aktyor nominasiyasında məni də qalib seçiblər. Filmi özü maliyyələşdirib, özü çəkib. Fantastika janrındadır. Mövzusu texnikanın insan arzularının qarşısında sədd olması haqdadır. Guya insanlar kodlaşdırılır və guya işin keyfiyyətinin yuxarı olması üçün hər kəs genetik olaraq ata-babasının sənətini davam etdirməlidir, bir oğlansa rəssam olmaq istəyir, genetik kodunun əleyhinə olaraq. Belə bir konflikt qurulub...

- “Babək” filmində də rolunuzun uğuru ata-oğul münasibətindəki gərginliyi ötürə bilmənizdir....

- Babək oğlunu anlamır orada. Oğlunu da elə Babək öldürür, əslində.

- O gərginliyi necə və harada yetişdirmisiz?

- Kəsilən kadrlar oldu. Xeyli epizodlar var idi. Axı o ssenari çox gözəl yazılmışdı. Məndə ssenari qalıb. Ənvər Məmmədxanlının imzası ilə. Təsadüfən verdi - dedi, oğlum səndə yoxdursa verim. Çox istəyən olub, amma yadigar kimi saxlamışam. Filmin çəkilişləri boyunca bəzən Eldar Quliyevi anlamırdım, etiraz etmək istəyirdim. Sonra onu başa düşdüm. Babək filmini o portret janrında çəkib. Monumental janrda. Bir heykəl yaradır kimi. O, qəti şəkildə məişətləşdirə bilməzdi filmi. Bədiilik çox yüksək olmalı idi.

- Siz nəyə etiraz edirdiniz ki?

- Aktyor oyunu ilə razılaşmırdım. Aktyorların pafoslu danışığı, davranışı mənə çatmırdı. Deyirdim niyə belə dayanmalıyam axı? Sonra onu başa düşdüm. Bu portret janrıdır, belə də olmalıdır. Əgər mən istədiyim kimi oynasaydım, onda obrazım yetim kimi qalardı.

-Yaşınızın elə vaxtıdır ki, ata-övlad münasibətlərini daha yaxşı anlayarsız. Bir ata oğluna belə deyə bilərmi sizcə: “Hamı öldü, amma mənim oğlum sağ qaldı?”

- Mən də əvvəl elə düşünürdüm. Amma Babək deyə bilər. Afşin Babəki danışığa çağırır – o yeri İçərişəhərdə çəkirdilər - deyir, haranı istəyirsən verim sənə, Həmədanı, Ərməniyyəni, Azərbaycanı. Təki birləşib ərəbləri yıxaq. Babək istəmir. Deyir, versən də mən yenə sənin əlinin altında olacağam, azad olmayacağam. Məmməd Əmin Rəsulzadə də belə etmişdi. Almanlar oxşar təklif etmişdilər Rəsulzadəyə, o da imtina etmişdi. Babək belə bir adamdır, o döyüşçüdür, başçıdır. Babək oğlunu Həmədana göndərəndə bilmirdi ki, qırılacaq oğlu? Yeri gəlmişkən, orada çəkilişdə bir hadisə oldu. Ata görə alınmadı o epizod. Naxçıvanda idi çəkiliş, bizə İppodromdan atlar vermişdilər. Qaçış atları idi. Mənə bir ağ at vermişdilər, Çexoslovakiyada qaçış üzrə 1-ci yeri tutmuşdu. Bu atların qarşısına bir at qoymalıdırlar ki, bunlar dayansın. At qaçır, mən də bunun boynundayam, dağın üstündən gəlirəm, kamera qoyublar, az o tərəfdə də bir nişan qoyublar ki, at dayansın, aşağı da dərədir. At dayanmadı, nişanı vurdu keçdi, üzəngi keçdi ayağıma, sonra bir neçə gün axsadım da. Onda məni Əliabbas Qədirov xilas etdi. O atın qarşısına keçməsəydi, mən indi sağ deyildim. At Əliabbas rəhmətliyi görən kimi dayandı. Yoxsa məni orada sürüyəcəkdi.

- Filmdən sonra insanların filmə münasibətində gözlənilməzliklərlə rastlaşdınız?

- Nə kimi?

- İnsanlar tarixi filmdən dəqiqlik istəyir, bədii materialı bəzən qəbul edə bilmirlər. Siz Babəklə bağlı belə bir yanaşma ilə rastlaşdınız?

- Əlbəttə, oldu. Amma bu suala bir başqa yerdən başlamaq istəyirəm. İndi seriallar niyə belə pis vəziyyətdədir. Çünki həyatı oynayırlar. Amma həyatı oynamaq olmaz. Həyatın üzərində bədiilik yaratmaq lazımdır. Bizim seriallarda bədiilik yoxdur. Özünü oynayan aktyor bir dəfə, uzağı iki dəfə maraqlı olacaq. Bədiilik olmayınca, nə xarakter var nə sənət. Qaldı tarixi faktlara və bədiiliyə. Psixoloji məqam daha çox olur. Birinci kitabı oxuyub, sonra filmlə razılaşmırlar.

- “Babək”də Buğdayı özünüz səsləndirmisiniz?

- Yox, mənim səsim qalın çıxırdı, bariton-bas səs idi. Buğdayı Pərviz Bağırov səsləndirmişdi. Onunla ötən yay tanış oldum. Deyir, heç demirsən ki, səni səsləndirmişəm, sağ ol. Tanımamışam, sağ olsun, mən çox bəyənmişəm o səsləndirməni.

- Filmdən sonra bir məşhurluq dönəmi yaşadınız.

- O vaxt mən Moskvaya getmişdim. Tanımadığım bir rus yaxınlaşıb dedi ki, mənim bacımın otağı sizin şəkillərlə doludur. Məni aparıb bacısı ilə tanış etmək istədi. Getmədim. Vaxtım da yox idi. O qədər olub elə şeylər. Məktublar da yazıblar. Mən ondan həzz almırdım, olsa-olsa utanırdım.

- Bəs şəxsi həyatınıza bir şəkildə təsir etdimi bu məşhurluq?

- Yox, 1983-cü ildə evləndim. Heç tanımırdım, küçədə gördüm. Sonra öyrəndim ki, konservatoriyada oxuyur, sonra da öyrəndim ki, yazıçı qızıdır.

- Hansı yazıçının qızıdır?

- Əlfi Qasımovun. Əəvvəl bilmirdim bunu. Nəriman Həsənzadənin qızı ilə bir yerdə idi ilk gördüyümdə. Sonra tanış qızlar dedi ki, sənlik deyil, sən aktyorsan, sənə verməzlər. Mənsə özümə arxayın idim. Bir ildən sonra artıq nişanlandıq. Mən sizin dediyiniz o məşhurluqdan-filandan bezdim.

- Yəni, Babəkin oğlu kimi tanınmaq sizi yormuşdu?

- Yox. Aktyor kimi tanınmaq məni yormuşdu. Evdə başqa tərbiyə görmüşdüm. Atam heç bu sənətə gəlməyimə razı deyildi. Atam vəzifədə adamı idi - birinci katib, icra başçısı işləmişdi. Sənət adamı yox idi ailədə. Xalq təsərrüfatı institutundan, hüquqdan qaçdım o bir il ərzində. Sonra o vaxtkı Lenin muzeyində işlədim. Sonra axır ki gəldim istədiyim sənətə - Adil İsgəndərov məni instituta qəbul etdi. Kino-dram aktyorluğuna. Sonrasını da danışdım bayaq... Bilirdim ki, Bakıya qayıdandan sonra bu sənət xəstəliyim artacaq. Gəlib bütün tamaşaları izlədim. Eləcə də yazılanlara baxdım. O vaxt teatrşünaslar tərifləyirdi, indi ümumiyyətlə susublar.

- Bəs nə oxuyursuz, Məmməd müəllim? Dünya ədəbiyyatından, yerli ədəbiyyatdan. Əlfi Qasımovu yəqin ki, oxumusuz...

- Hə, onu elə o vaxt oxumuşdum. İndi Harold Pinterin kitabını oxuyuram.

- Bu qədər Rusiyada yaşayandan sonra sizi Bakıya nə gətirdi?

- Uşaqlarıma görə orada yaşadım, işlədim. İndi qızlar ailə qurdu, mən azad oldum müəyyən qədər. Mən o on səkkiz ilin hər ilini bura qayıtmaq istəmişəm...

# 2066 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #