“Doktor Jivaqo” hədsiz zəif əsərdir” – Brodskinin qeyri-adi müsahibəsi

“Doktor Jivaqo” hədsiz zəif əsərdir” – <span style="color:red;">Brodskinin qeyri-adi müsahibəsi
23 avqust 2019
# 21:01

Minçinin Brodski ilə müsahibəsi

(“20 müsahibə” kitabından)

Minçin rus əsilli Amerika yazıçısıdır. “20 müsahibə” kitabında bir çox tanınmış şəxslərlə, o cümlədən İosif Brodski ilə müsahibə yer alıb. Müəllif Brodski ilə söhbəti ən çətin müsahibə adlandırıb. Müsahibəni oxuduqca, niyə belə dediyi bəlli olur... Nə etmək olar, maraqlı insanlar özünəməxsus olurlar.

Qeyd edək ki, söhbət ayrı-ayrı vaxtlarda aparılıb. A.Minçin müsahibəyə mühazirələr zamanı olan sual-cavabları, dia-monoloqları da daxil edib. (O illərdə İ.Brodski Miçiqan Universitetinin müəllimi, A.Minçin isə həmin universitetin tələbəsi idi).

Kulis.az müsahibəni Günel Natiqin tərcüməsində ixtisarla təqdim edir.

– İosif, siz harda doğulmusuz?

– Leninqradda. Amma bu barədə danışmağa dəyməz, bu mövzu cansıxıcı və maraqsızdır.

– Sizin valideynləriniz nəçi idilər?

– Atam fotoqrafdı, anam isə... Saşa, doğrusu mən elə bilirdim, bu söhbət nəsə fərqli bir şey olacaq.

– İosif, mən sizin “Yaltaya həsr olunur” əsərinizi oxumuşam. Bu ki, dahiyanədir!

– Hm... dahiyanə deyil, amma yaxşı demək olar.

– Hardan bilisiz ki, yaxşıdır?

– Mənim elədiyim hər şey yaxşıdır, əks halda mən onu eləmirəm.

– Mənim sizə verdiyim şeirləri oxudunuz? Bellanın yazdığı...

– Oxudum. Qətiyyən xoşuma gəlmədi. Bu Bella deyəsən çox ədəbazdır axı. Şeirləri də elə o cürdür.

– Təəssüf... Mən çox bəyənmişdim amma... Məncə, bu, onun ən yaxşı şeirləri idi... Bəs Voznesenski necə, xoşunuza gəlir?

– Bu, ümumiyyətlə poeziya deyil, nəsə başqa şeydi.

– Bəs Yevtuşenko?

– Yevtux? Hə, o, istedadlı kişidi...

– Tanınmamış Reyn – bəs o necə? Deyəsən o, sizin müəlliminiz olub?

– Hm... O, heç vaxt mənim müəllimim olmayıb (dahi Brodskinin müəllimləri ola bilməz! - A.M.) Biz onunla kifayət qədər yaxın ünsiyyətdə olmuşuq, ola bilər ki, hansısa təsiri olsun.

– Bəs onda Rusiyanın müasir şairlərindən kimi bəyənirsiz?

– Reyn yaxşıdır, amma o, orda çap olunmayıb. Özü üçün yazır da. Deyəsən, heç kim. Yox, yadıma düşdü – Aleksandr Kuşner. O, Leninqradda yaşayır, o, həqiqətən şairdir.

– Bəs nasirlərdən kimi bəyənirsiz?

– İndi bu dəqiqə ağlıma heç kim gəlmir.

– Bəs Bitovun “Puşkin evi”ni oxumusuz?

– Oxumuşam.

– Necə idi?

– Belə...

– Yəni nasirlərdən heç kim xoşunuza gəlmir?

– Şairlərdən fərqli olaraq, siz nasirlərdən baş açmaq çox müşküldür. Hərçənd mən nəsri daha “mənfur” və poeziyadan qat-qat aşağı hesab edirəm. Bir də “nəsr və poeziya” mövzusu kifayət qədər qədimdir, fərqindəsinizsə, əsrlərdir, davam edir... Ona görə də suala qayıdıram - konkret elə bir şəxs yoxdur.

– Mən Aksenovun “Yanıq” əsərini yenicə oxuyub bitirmişəm.

– Necə idi? (birinci dəfədir ki, ifadəsiz gözlərində qığılcım oyanır - A.M.)

– Çox güclü romandır. Əla yazılıb.

– Doğrudanmı siz belə hesab edirsiz? Mən isə birinci hissəni zorla başa çatdıra bildim. Karl (Karl Rey Proffer - tərcüməçi, naşir, Miçiqan Universitetinin professoru - tərc.) oxumağa vermişdi.

– Mən isə elə 2-ci hissəni oxudum. Mütləq oxuyun, yaxşı yazılıb.

– Baxarıq, əslində oxumağı düşünmürəm.

– Nasirlərdən daha kim xoşunuza gəlir?

– Mənə elə gəlir, mən heç kimin adını çəkmədim.

– Bəs böyük Soljenitsın?

– Eh (əlini yelləyir, yəni ki, hamısı boş şeydir - A.M.)...

– Yaxşı, müasirləri bir kənara qoyaq, onların arasında qaçışda siz birincisiz.

– Mən belə hesab etmirəm. Mən kənardayam, heç kimlə heç yerə qaçmıram. Məgər kimsə harasa qaçır?

– Mən fikrimi obrazlı şəkildə ifadə etdim, bu bir obrazdır.

– Saşa, sizin çox qəribə obrazlarınız var.

– Mən sizinlə özümü sərbəst hiss eləyə bilmirəm və dediklərim qeyri-təbii alınır.

– Onda bəlkə heç danışmayaq?

– 20-ci əsri götürək. Sizcə ƏN YAXŞI kim idi?

– Rus poeziyasında Mandelştam, Svetayeva mənə daha yaxındır. Ümumiyyətlə, mənim üçün yeganə poeziya - möhtəşəm dördlükdən ibarətdir: Mandelştam, Svetayeva, Axmatova, Pasternak.

– Bəs Qumilyov - yaxşı şairdir?

– Mənim fikrimcə, o, ümumiyyətlə şair deyil.

– Ciddi deyirsiz?

– Tamamilə ciddi.

– Bəs Yesenin, Blok, Balmont, Annenski, Merejkovski, Kuzmin, Voloşin?

– Blok pis deyil... Siz axı məndən əsl poeziya haqqında soruşdunuz, mən də bu dördlüyü dedim. Cərəyanlardan isə poeziyanı təmsil edən ancaq akmeizm idi.

– Siz deyəsən Böyük Dul qadının ürəyinə yatmamısız? (Söhbət yazıçılardan birinin “Böyük Dul qadın” adını verdiyi Nadejda Mandelştamdan gedir - tərc.)

– Hə, mən onun yanına içkili getmişdim, bu, onun xoşuna gəlmirdi.

– Eşitdiyimə görə, sizin şeirləriniz də onun xoşuna gəlməyib. Bu necə ola bilər, axı?

– Xoşlanıb-xoşlanmamaq - bu, zövq məsələsidir.

– Axı onun zövqü var idi? Yoxsa?

– Düşünürəm ki, bəli, var idi.

– Bəs “Doktor Jivaqo” sizə xoş gəlir?

– Yox, qətiyyən, hədsiz zəifdir. O əsərdə şeirlər güclüdür.

– Axı məhz bu əsərə görə ona mükafat veriblər!

– Bu, hələ hər şey demək deyil. Hətta tam əksi.

– Necə düşünürsüz, gələcəkdə sizə Nobel mükafatı verə bilərlər?

– Bu suala özünüz cavab verin.

– Onlar çox dahiləri nəzərdən qaçırdılar: Nabokov, Platonov, Mandelştam, Bulqakov, Svetayeva... Çox şükür ki, Buninə Nobel verdilər.

– Sizinlə razıyam.

– Ancaq onun poeziyası və kəndli prozasının birinci cildi...

– Buninin şeirləri zəifdir, nəsri nisbətən yaxşıdır.

– 20-ci əsrin hansı nasirlərini qeyd edərdiniz?

– Platonov dahi nasirdir.

– Platonovun üslubu dahiyanədir. Düşünürəm ki, ədəbiyyatımızda ən yaxşı üslub ona məxsusdur.

– Bulqakovda babat yazılar var. Bunin xoşuma gəlir...

– Bəs Nabakov?

– Həm hə, həm yox, ümumiyyətlə, bu suala cavab vermək çətindir.

– Mühacirlərə münasibətiniz?

– Müsbət deyil. Burda mən elə adamlarla ünsiyyətdəyəm ki, öz evimdə salam belə verməzdim.

– Bəs amerikalılar?

– Amerikalılara münasibətim pis deyil. Onlarla ünsiyyət qurmaq daha asandır. Rusların burdakı nailiyyətlərindən ancaq Mişa Barışnikovun adını çəkə bilərəm: hədsiz maraqlı adamdır, poeziyanı məndən pis bilmir.

– Özünüzü burda necə hiss edirsiniz? Yaxşı uyğunlaşmısız?

– Özümü qovulmuş kimi hiss edirəm. Əslində elə orda da özümü qovulmuş kimi hiss edirdim. Yəqin mən həmişə və hər yerdə özümü qovulmuş kimi hiss edəcəm.

– Leninqradda yaşayan oğlunuz üçün darıxırsınız? O, sizin onun atası olduğunuzu bilir?

– Mənə elə gəlir, bunun sizə dəxli yoxdur.

– Siz mənə “sən” deyə müraciət edə bilərsiz, mən axı hələ...

– Mən bilirəm ki, deyə bilərəm, amma istəmirəm.

– Siz ingilis dilini belə incəliyinə kimi harda öyrənmisiz?

– Mən ümumiyyətlə, belə hesab edirəm ki, iki dil bilmək - bu, normadır. Xatirinizdədirsə, hələ Rusiyada yaşayanda da mən ingilis dilini bilirdim.

– Bəs amerikalı yazıçılardan kimi bəyənirsiz?

– Amerikalı yazıçılardan mənə xoş gələnlər və deməli, ən güclü olanlar - Robert Frost və Emili Dikkinson... İngilislərdən - Oden, Yets və Eliota böyük rəğbətim var. Ümid edirəm, onlar haqqında eşitmisiz?

– Siz nə danışırsız?! Biz hara, bu yazıçılar hara!

– Başa düşmədim, siz nə demək istədiniz?

– Heç, əsəblərlə bağlı məsələdir.

– Mən bilmirdim ki, sizin əsəbləriniz qaydasında deyil...

– Siz fərqindəsiniz ki, həmsöhbətinizin əsəblərini yerindən oynatmağı bacarırsız?

– Məgər siz həmsöhbətsiz?

– Ah təbii ki, siz haqlısız! Üzr istəyirəm!

– Gəlin, söhbətin davamını başqa vaxta saxlayaq.

# 2437 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #